Həbsdə olan keçmiş səfir Eldar Həsənovun işi Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) araşdırılan cinayət işindən ayrılıb prokurorluğa göndərilsə də, özü hələ də bu qurumun istintaq təcridxanasında saxlanılır. Vəkili Adil İsmayılov deyir ki, E.Həsənovun özünün xahişini nəzərə alaraq, oradan köçürməyiblər. Orada saxlanma şəraiti və ona qarşı münasibətdən narazılığı yoxdur.
"Hər gün çoxlu sayda, müxtəlif dərmanlar qəbul edir"
Vəkili keçmiş səfirin səhhətində problemlərin olduğunu bildirib:
"Xüsusən son iki ildə bir sıra ağır xəstəliklərdən əziyyət çəkib, daim həkim nəzatərində olub. Təcrid olunmuş vəziyyətdə saxlanılması onun səhhətinə çox ciddi təsir edir. Hər gün çoxlu sayda, müxtəlif dərmanlar qəbul edir. Şəxsi həyata hörmət və fərdi məlumatların mühafizəsi hüququna riayət edərək xəstəliklərlə bağlı məlumatları şərh etmək istəmirəm".
A.İsmayılov sabiq səfirin girovla həbsdən buraxılması üçün məhkəməyə vəsatət verəcək. Vəkil həmçinin, bu məsələ ilə əlaqədar prezidentə və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edib. Müdafiəçinin sözlərinə görə, E.Həsənovun səhhətində istənilən an kritik durum yarana bilər: "O, az ağır cinayət törətməkdə ittiham olunur. Qanun bu növ cinayətlərə görə seçilmiş həbs-qətimkan tədbirinin girovla əvəz edilməsinə yol verir. Eldar Həsənov özünü təqsirli bilmir, tam, hərtərəfli, obyektiv araşdırma aparılmasını tələb edir. Onun şəxsiyyətini, 65 yaşı olmasını, səhhətindəki problemləri və infeksiyaya yoluxma riskini nəzərə alıb, həbsin girovla əvəz edilməsi üçün məhkəməyə müraciət etmək niyyətindəyik. Dövlət başçısına və hüquq-mühafizə orqanlarının rəhbərlərindən də vəsatətimizin qanuna uyğun həllində yardımçı olmalarını xahiş edirik".
E.Həsənovun durumu barədə vəkilin dediklərinə DTX-dan münasibət öyrənmək mümkün olmayıb.
Xatırlatma
1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru, daha sonra isə 12 il Rumıniyada, 2013-cü ildən də Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri olan E.Həsənov avqustun 13-də DTX əməkdaşları tərəfindən saxlanılıb. O, DTX-da istintaqı aparılan Xarici İşlər Nazirliyinin əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Avqustun 24-də E.Həsənov haqqında cinayət işi həmin işdən ayrılaraq, istintaq davam etirilməsi üçün Baş Prokurorluğa göndərilib.
E.Həsənova qarşı CM-in 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməmə) maddələri ilə ittiham irəli sürülüb.
Bu maddələrdə 7 ilə qədər həbs cəzası nəzərdə tutulub.