Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:10

ReAL qeydiyyata alındı


İ.Məmmədov

Respublikaçı Alternativ Partiyasını (ReAL) avqustun 31-də Ədliyyə Nazirliyi qeydiyyata alıb.

Bu barədə "Turan" agentliyinə partiyanın sədri İlqar Məmmədov məlumat verib.

İ.Məmmədov bildirib ki, bu gün, sentyabrın 1-də ona partiyanın qeydiyyatı ilə bağlı şəhadətnamə verilib: "Bir neçə ay əvvəl Prezident Administrasiyası bizə bildirəndə ki, siyasi partiyaların qeydiyyatı siyasətində dəyişikliklər baş verir və əvvəl qeydiyyata alınmamış bir neçə partiya qeydiyyata alınıb, biz dedik ki, dövlətin siyasi partiyaların qeydiyyatı siyasətində dəyişiklik varsa, bundan yararlanmaq və öz təcrübəmizdə yoxlamaq istəyirik. Avqustun 19-da biz Ədliyyə Nazirliyinə sənədləri təqdim etmişik. Avqustun 31-də isə Ədliyyə Nazirliyi Respublikaçı Alternativ Partiyasını qeydiyyata aldı".

İ.Məmmədovun vurğulamasına görə, indi onların bütün əsasları var ki, hakimiyyət nümayəndələrinin siyasi partiyaların qeydiyyat siyasətinin dəyişilməsi ilə bağlı bəyanatlarına inansınlar: "Biz öz təcrübəmizdə bunu sınadıq və bunu təsdiqləyə bilərik. Biz hesab edirik ki, bu dəyişiklik ölkədə real siyasi islahatların həyata keçirilməsi üçün əsaslardan biridir".

MCP də qeydiyyata alınıb

Avqustun 31-də sədri Razi Nurullayev olan Milli Cəbhə Partiyası (MCP) da qeydiyyata alınıb. Bununla bağlı isə, hələlik, bu partiyanın rəhbərliyi ilə danışmaq mümkün olmayıb.

Xatırlatma

R.Nurullayev 2009-cu ilin sentyabr ayından 2015-ci ilin fevral ayına kimi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin xarici məsələlər üzrə müavini olub. Həmin il o partiyadan ayrıldığını və eyni adda partiya yaratdığını açıqlayıb.

Bu il deputat seçilən R.Nurullayev rəhbərlik etdiyi partiyanın da adını dəyişib.

ReAL isə hərəkat olaraq 2009-cu ildə təsis edilib. 2018-ci ilin aprelində onların onlayn formada təsis qurultayı keçirilib. Amma bildirildiyinə görə, o zamanın şərtlərinə görə, belə qurultay keçirilməsi qeydiyyata alınmaq üçün əsas sayılmırdı. Onda təşkilatçılar lazımı bina ilə təmin edilmədiklərindən qurultayı onlayn keçirməli olduqlarını açıqlamışdılar.

Bu il avqustun 4-də ReAL Partiyasının yenidən onlayn təsis qurultayı keçirilib. Bu dəfə isə qurultayın onlayn keçirilməsinə səbəb koronavirus pandemiyası ilə bağlı ölkədə karantin rejiminin elan edilməsi göstərilib.

XS
SM
MD
LG