Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

'Görünür, hökumət bu sahəni yenidən ələ keçirmək istəyir'


Prezident İ.Əliyev Bakıya gətirilmiş yeni "London taksi"ləri ilə tanış olur. 12 avqust 2020
Prezident İ.Əliyev Bakıya gətirilmiş yeni "London taksi"ləri ilə tanış olur. 12 avqust 2020

Azərbaycanda son iki-üç ildə taksi fəaliyyətində vahid tariflərin müəyyən olunması mövzusu tez-tez müzakirə edilir. Belə müzakirələrdən də birinin avqustun 31-də Bakı Nəqliyyat Agentliyində (BNA) keçirildiyi bildirilir.

"Diqqətə çatdırılıb ki, ötən dövrdə Bakı Nəqliyyat Agentliyi səlahiyyətləri çərçivəsində taksi fəaliyyətinin tənzimlənməsinə dair bir sıra tədbirlər həyata keçirib. Taksi minik avtomobilləri və onların sürücülərinə dair tələblər təsdiq edilib. Tələbat olan ərazilərdə taksi duracaqları təşkil olunub. Görülən işlərə baxmayaraq, bu xidmət sahəsi üzrə bır sıra çatışmazlıqlar mövcuddur. Bunlar, əsasən, qeyri-müəyyən tariflər, taksi sürücülərinin aşağı gəlirliliyi, süni rəqabət, xidmət keyfiyyətinin zəifliyi, hüquqi və fiziki şəxslərin, çağrı mərkəzi-operatorların statusunun olmaması ilə bağlıdır", - BNA-nın tədbirlə bağlı açıqlamasında yazılıb.

Taksi sürücülərinə yeni tələblər
Gözlə

No media source currently available

0:00 0:04:53 0:00

Bakıda söhbətləşdiyimiz bəzi taksi sürücüləri isə deyirlər ki, hazırda taksi fəaliyyəti sahəsində mövcud olan rəqabəti öldürmək istəyirlər. Sürücü Ağaəli Qasımov (ad, soyad şərtidir) AzadlıqRadiosuna deyib:

"100 taksi gətirməyin də mənası budur"

"Görünür, hökumət bu sahəni yenidən ələ keçirmək istəyir. Onu ələ keçirmək üçün bu sahəni maraqsız edir. Əgər rəqabət yoxsa, qazanc da olmayacaq. Odur ki, burada işləməyə məna qalmayacaq. Elə görünür, avqust ayında 100 taksi gətirməyin də mənası budur". (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən ''Bakı Taksi Xidməti'' Məhdud Məsuliyyətli Cəmiyyəti üçün "LEVC TX" modelli yeni 100 ədəd "London taksi"si Azərbaycana gətirilib. Prezident İlham Əliyev də ötən ay, avqustun 12-də yeni taksilərlə tanış olub).

Digər sürücü Rəşad isə deyib ki, liberallaşma rəqabətdən keçir. Onun vurğulamasına görə, Azərbaycanda taksi fəaliyyəti sahəsi rəqabət olan çox az sahələrdən biridir:

Polis "birmanatlıq taksi"lərə qarşı
Gözlə

No media source currently available

0:00 0:04:16 0:00

"Rəqabət olmayacaqsa,..."

"Bakıda isə hələ mənim bildiyim 50-dən çox taksi şirkəti var. Rəqabət olmayacaqsa, bazar uğrunda mübarizə olmayacaqsa, onda bu qədər şirkətin fəaliyyətinin mənası nə olur? Bu, həm də sahəyə istehlakçı marağının itməsi, seçim hüququndan məhrum olunması deməkdir".

Bəzi ekspertlərin fikrincə isə, bütün atılan addımlar həm də onu göstərir ki, ölkədə taksi fəaliyyəti xidməti hökumətin də diqqətindədir. Hətta bəzi mütəxəssislərə görə, hazırda rəqabət hökm sürən taksi fəaliyyəti sahəsini hökumət yenidən nəzarətə və inhisara almaq istəyir.

BNA: "Məsələ müzakirə mərhələsindədir"

Bakı Nəqliyyat Agentliyindən "Turan" agentliyinə avqustun 31-də bu qurumda keçirilən müşavirə ilə bağlı bunları bildiriblər: "Bu müzakirə həm də onun üçündür ki, bir sıra məsələlərlə yanaşı, vahid tarif müəyyən olunması məsələsində aidiyyəti dövlət qurumları ilə birgə, ictimaiyyətin də rəyi öyrənilsin. Hələlik, məsələ ilə bağlı hər hansı qərar yoxdur".

Amma bu məsələyə münasibətdə fərqi yanaşmalar indidən özünü göstərir.

V.Əhmədov
V.Əhmədov

Deputat: "Bu, bütün dünyada var"

Milli Məclisin deputatı Vahid Əhmədov "Turan" agentliyinə deyib ki, vahid tariflərin müəyyən olunması dünya təcrübəsində də var. Onun fikrincə, taksilər dövlət və ya özəl firmaya məxsus olmasına baxmayaraq, həmin tariflərə uyğun fəaliyyət göstərirlər: "Taksi fəaliyyəti ilə bağlı son vaxtlar böyük şirkətlər əmələ gəlib, xəttə avtomobillər buraxılır. Nəqliyyat Agentliyi də vahid tarif məsələsini düz qoyub, yəni, burada qeyri-adi heç nə yoxdur. Bu, normal haldır".

Nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov isə deyib ki, BNA-nın məsələyə yanaşması yanlışdır. Onun fikrincə, taksi xidməti sahəsində əsas problem vahid tarif qiyməti, dispetçer mərkəzi yox, taksilərin böyük əksəriyyətinin qeyri-leqal fəaliyyətidir:

"Bax, problem burdadır"

"Ehtimalıma görə, Bakıda ən azı 30-35 min daimi və ya mövsümi taksi fəaliyyəti ilə məşğul olan adamlar var. Həmin bu tərkibin 10 faizdən azı leqaldır. Bax, problem burdadır".

Ekspert iddia edib ki, real taksi xidməti ilə məşğul olanların böyük bir hissəsinin fəaliyyəti qanunsuzdur. Onun deməsinə görə, hətta bütün şərait yaradılsa da, bu qeyri-leqal fəaliyyətə görə onlar dövlət büdcəsinə vergi ödəyə bilməyəcəklər: "BNA-nın ən böyük yanlışlığı budur. İlkin olaraq taksi fəaliyyətinin leqallaşmasından başlamaq lazımdır. Leqallaşmada uğurlar olduqdan sonra qiymətlər də öz-özünə sabitləşəcək, xidmət keyfiyyəti adı ilə manipulyasiya edə bilməyəcəklər".

A.Mehtiyev
A.Mehtiyev

"Onlar etməməli olduqlarını edirlər"

İqtisadi Təşəbbüslərə Yardım İctimai Mərkəzinin (İTYİM) rəhbəri Azər Mehtiyev də AzadlıqRadiosuna açıqlamasında BNA-nın məsələyə yanaşmasını doğru saymayıb. Onun deməsinə görə, taksi xidməti sahəsində vahid tarif qiyməti müəyyən olunmasına cəhd yeni məsələ deyil. İqtisadçı əlavə edib ki, Bakı Nəqliyyat Agentliyi son iki ildə tədricən buna doğru gəlib: "Onlar zaman-zaman Bakıda taksi şirkətlərinin çox olmasını, fərqli qiymətlərin olmasını bəhanə gətirirlər. Amma Azərbaycanda və elə Bakıda da taksi xidməti son illərdə ən rəqabətli sahələrdən biridir. Kifayət qədər rəqabət var, rəqabət artdıqca da, keyfiyyət baxımından fərqli qiymətlər ortaya çıxıb. Düşünürəm ki, BNA-nın atdığı addım doğru deyil. Onlar etməməli olduqlarını edirlər. Söhbət bazar iqtisadiyyatından, rəqabətdən gedirsə, heç bir halda onlar qiyməti tənzimləyə bilməzlər. Qiymətin tənzimlənməsi bazarın ixtiyarına buraxılmalıdır".

BNA-nın avqustun 31-də keçirilmiş müşavirə ilə bağlı yaydığı məlumata görə, onlayn formatda keçirilən tədbirə İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Daxili İşlər nazirliklərinin, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndələri, Azərbaycan Texniki Universitetinin mütəxəssisləri, vətəndaş cəmiyyəti təmsilçiləri və ekspertlər qatılıblar.

Məsələyə, hələlik, ''Bakı Taksi Xidməti'' MMC və başqa uyğun şirkətlərdən isə münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG