Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Karantində uyğurlara naməlum dərman verildiyi deyilir


Çində uyğurlar
Çində uyğurlar

Çinin şimal-qərbindəki Sintzyan (Sincan) regionunun sakinlərinə sərt koronavirus qadağaları çərçivəsində naməlum dərman verildiyi bildirilir. Bu haqda “The Associated Press” agentliyi yazıb. Sintzyan regionunun əhalisinin yarıdan çoxu etnik müsəlman uyğurlardır.

Agentlik avqustun 31-də Sintzyan sakinlərinə istinadla yazıb ki, yerli hakimiyyət koronavirus pandemiyasına qarşı sərt tədbirlər həyata keçirir. İnsanlar evlərinə qapadılır, 40 gündən artıq karantin tətbiq olunur, əməl etməyənlər həbsə atılır.

Naməlum dərman, dezinfeksiya...

Bir uyğur qadın danışıb ki, həbsdə olarkən ona digər qadınlarla birlikdə daimi, həftədə bir dəfə naməlum dərman veriblər. O və kameradakı digər qadınlar lüt soyundurulub, üzlərini əlləri ilə örtüblər və mühafizəçilər onların üstünə şlanqla hansısa dezinfeksiyaedici dərman vurublar.

Bir çox digər sakinlər Çin xalq təbabətinə məxsus dərman içməyə məcbur edilir. Bəzi ekspertlər bunu tibbi etikanın pozulması adlandırır. Agentlik bunu hökumətin qeydlərinə, sosial media postlarına və Sintzyanda karantində yaşayan üç yerli sakinə istinadla yazır.

Çin xalq təbabətinin koronavirusa qarşı effekti rəsmən təsdiqlənməyib. Sintzyanda istifadə olunan herbal Qingfei Paidu dərmanında bir sıra ölkələrdə qadağan olunmuş maddələr var. Almaniya, İsveçrə və ABŞ bu dərmanı toksin və kanserogenlərin yüksək səviyyədə olmasına görə yasaqlayıb.

Məlumatda deyilir ki, bir həftədən çoxdur regionda koronavirusa yoluxma qeydə alınmasa da, Sintzyanda karantin digər vilayətlərdən daha kəskin formadadır.

Çinin digər regionlarında, ötən dekabrda virusun ilk dəfə aşkarlandığı Hubey vilayətinin Vuhan şəhərində sakinlər xalq təbabətinə məcbur edilmir, karantin şərtləri də qədər sərt deyil.

Agentlik Sintzyanın 25 milyonluq əhalisinin yarıdan çoxunun karantin rejimində yaşadığını yazır.

Karantin tədbirlərindən bəziləri ölkə əhalisinin əksəriyyəti təşkil edən hanlara da aid edilir, amma onlar uyğurlar kimi yeri gəldi-gəlmədi həbs olunmur.

Düşərgələrdə saxlanan azlıqlar

BMT 2018-ci ilin avqustundan bildirirdi ki, Sintzyanda 1 milyon uyğur və digər etnik azlıq nümayəndələri “ekstremizmə qarşı mərkəzlərdə” saxlanır.

Milyonlarla sakinin isə “konsentrasiya düşərgələri”nd saxlandığı bildirilir.

Çin bu obyektlərin əsir düşərgələri olmadığını deyir. Ancaq regiondan qaçanlar həmin düşərgələrdə minlərlə etnik uyğur, qazax və digər müsəlmanların “siyasi təlim” gördüyünü söyləyir.

Uyğurlar Sintzyanın ən böyük türkdilli icmasıdır, onlardan sonra qazaxlar gəlir. Regionda etnik qırğızlar, taciklər, dunqan kimi tanınan hueylər də yaşayır.

Çinin ən böyük etnik qrupu olan hanlar isə Sintzyanda ikinci böyük icmadır.

Birləşmiş Ştatlar etnik qrupların hüquqlarının pozulmasına görə Sintzyanın indiki və keçmiş rəsmilərinə sanksiyalar tətbiq edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG