Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 00:15

Monteneqroda seçkidə serbpərəst koalisiya önə çıxır


Podqoritsa küçələrində seçkinin nəticələrini bayram edirlər

Monteneqroda parlament seçkisində serbpərəst Demokratik Cəbhə (DF) və daha iki müxalifət koalisiyasından ibarət koalisiya hakim qərbpərəst partiya üzərində qələbə çaldığını iddia edir.

“Monteneqronun Gələcəyi Uğrunda”, “Bizim Millət Sülhdür” və “Qara və Ağ” koalisiyaları ilə birlikdə avqustun 30-da keçirilmiş seçkidə 81 yerdən 41-ni əldə ediblər. Bunu seçkiyə monitorinq təşkilatının (CEMI) açıqladığı ilkin qeyri-rəsmi nəticələr göstərib. Seçmə səsvermə məntəqələrindən bülletenlərin 88,4 faizinə əsasən ilkin nəticə hesablanıb.

Digər yerləri qazanan partiyalar sırasında hakim Demokratik Sosialistlər Partiyası (DPS) da var.

CEMI-nin direktoru Zlatko Vujović nəticələrin qeyri-rəsmi olsa da, çox güman təsdiqlənəcəyini açıqlayıb. O, eyni zamanda Dövlət Seçki Komissiyasının məlumatını gözləməyi tövsiyə edib.

“Monteneqronun Gələcəyi Uğrunda” koalisiyasının lideri Zdravko Krivokapic seçkini qazandıqlarını iddia edib. Bu koalisiya Serbiya və Rusiyayla sıx əlaqələrin tərəfdarıdır.

“Rejim çökdü. Monteneqro xalqı, azadlıq gəldi!”, – Krivokapic deyib.

Monteneqronu 30 ildən çoxdur idarə edən DPS lideri, Prezident Milo Djukanovic deyib ki, partiyası seçkinin nəticəsinə hörmət göstərəcək, ancaq geri çəkilməyəcək.

“Monteneqro parlamentində çoxluq uğrunda mübarizə davam edir. Yekun səssaymanı, iki siyasi tərəfdən hansının vacib 41-ci mandatı əldə edəcəyini gözləyəcəyik”, – Djukanovic vurğulayıb.

Ölkə 2006-cı il referendumunda Serbiyadan ayrılıb və getdikcə Belqrad və onun pravoslav müttəfiqi Rusiyadan uzaqlaşaq qərbyönlü kurs götürüb, 2017-ci ildə NATO-ya üzv olub.

Hər iki ölkədəki serb millətçilər Monteneqronu hələ də Serbiyanın tarixi hesab edirlər.

XS
SM
MD
LG