Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:54

'Sitcom'lar keçmişdə qaldı?


TV
TV

Son illər striminq xidmətləri insanların əyləncə proqramlarından istifadəsini əməlli-başlı silkələyib. Televiziyanın özü də çox dəyişib. İndi də bu dəyişikliyi bir zamanlar yayım şəbəkələrinin əsas silahı olan "sitcom" tipli komediya seriallarında görürük. comicbook.com saytı "Deadline" jurnalına istinadən yazır ki, televiziyanın keçmiş əsas silahı striminq əyləncəsi dövründə rentabelli olmadığından keçmişdə qala bilər. Hərçənd "The Office", "Friends" və "The Good Place" kimi azsaylı istisnalar da var.

Xəbərdə deyilir ki, artıq SonyTV və LionsgateTV kimi bəzi studiyaların hazırkı biznes modelində komediya seriallarının satışı yoxdur. On illərlə mövcud olmuş modelə görə, yayım şəbəkələri şounu istehsal edən studiyalara hər epizoda görə razılaşdırılmış lisenziya haqqı ödəyir. İlk dörd mövsüm üçün ödəniş nisbətən az, hətta serialın çəkilməsinə qoyulan vəsaitdən də az olur. Yaranan kəsiri studiya ödəyir. Serialın ilk dörd mövsümü uğurla yayımlanandan və 100 epizodluq ilk mərhələ keçiləndən sonra studiyalar həm yayım şəbəkələrindən daha çox pul alır, həm də yayımın özündən gələn gəlirdən pay götürür.

Yarımçıq kəsilən seriallar

Ancaq bu qaydalar ənənəvi televiziyanın bazarda yeganə oyunçu olduğu zamanlarda işə yarayırdı. Bu şərtlər daxilində əsas risk layihənin istehsalçısı olan studiyanın üzərinə düşürdü.

Striminq dövrünün gəlməsi ilə hər şey dəyişdi. Əlbəttə, "The Big Bang Theory" kimi "topdağıtmaz" istisnaları çıxmaqla. Bir çox seriallar heç beşinci mövsümünə çatmır. ABC-nin ötən il çıxan "Schooled" serialı bu ilin əvvəli cəmi iki mövsümdən sonra dayandırılıb. Ancaq striminqin istər populyarlığı, istərsə də gəlirliyinin artdığı dövrdə yayım şəbəkələri ödədikləri məbləğ müqabilində həm də serialların yeni mövsümlərini öz platformalarında strim etmək haqqını almağa çalışırlar. Bu isə studiyaların özlərinin tələbə uyğun abonent satış saylarını azalda bilər.

Digər tərəfdən, televiziya şəbəkələrinin daha bir arqumenti odur ki, serialların tam mövsümlərini öz platformalarında yayımlaya bilsələr, tamaşaçı bütün seriyalara baxıb gələcəkdə bu seriala daha çox maraq göstərəcək.

Qeyd edilir ki, Amerika televiziya komediyaları azsaylı istisnaları çıxmaqla, beynəlxalq bazarda uğurlu olmur. Xarici bazarda bir saatlıq dramlar daha yaxşı satılır və daha tez gəlir gətirir.

"Maliyyə modeli dəyişməlidir"

"Görünür, yayım şəbəkələri ilə studiyalar arasında bir qədər balans tapmaq üçün komediya seriallarının maliyyə modeli dəyişməlidir", - sayt yazır.

"Deadline"ın məqaləsində deyilir ki, TV şəbəkələri nümunə kimi kabel televiziyalarına və striminq xidmətlərinə baxa bilərlər. Kabel şəbəkələri yarım saatlıq komediya üçün daha çox pul ödəyərək studiyaların risk payını azaldır. "Netflix" isə studiyalara əlavə ödəniş edərək qlobal striminq hüququnu da satın alır, studiyalara isə yerindəcə gəlir götürmək imkanı verir.

Ancaq bu, şəbəkə komediya seriallarının tamamilə ölməsi demək deyil. Yazıda qeyd edilir ki, müstəqil studiyalar çıxış yolu axtarmağa davam edirlər və komediyaya maraq yoxa çıxmayıb. İstər yayımda, istərsə də hazırlıq mərhələsində olan maraqlı yarım saatlıq komediya serialları var. Onların arasında böyük potensialı olan seriallar da mövcuddur.

Hazırda ABC-də "Home Economics" adlı yarım saatlıq pilot layihəsi yayımlanan LionsgateTV "Disney"-ABC şəbəkəsi ilə yüksək səviyyəli danışıqlar aparır. Məqsəd komediya serialları üçün yeni biznes modeli ortaya qoymaqdır. SonyTV-nin də artıq bazara çıxardığı yarım saatlıq layihələr ətrafında oxşar danışıqlara başladığı bildirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG