Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:52

'Prezident bununla göstərmək istəyir ki, özü yaxşıdır,...'


Prezident İ.Əliyev Sumqayıtda. 2019
Prezident İ.Əliyev Sumqayıtda. 2019

2019-cu ilin sonlarından Azərbaycanda yüksəkvəzifəli şəxslərin həbsləri bir-birini əvəz edir. Bu müddət ərzində ikisi sabiq olmaqla, yeddi icra başçısı həbs edilib. Üstəlik, nazir müavinlərindən, güc strukturlarında çalışan generallardan da hakim önünə çıxarılan var. Onlar, əsasən, rüşvət və səlahiyyət həddini aşmaqda günahlandırılırlar.

Hələlik, məhkəmələri başlamadığından bu ittihamlara onların dəqiq münasibətləri də bəlli deyil.

İki gün öncə, avqustun 24-də dövlət başçısı Biləsuvar və Saatlı rayonlarına yeni təyin etdiyi icra başçılarını videoformatda qəbul edərkən bir daha məmur-vətəndaş münasibətlərinə toxunub.

Prezident: "Bütün dövlət məmurları xalqın xidmətçiləridir"

"Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla bütün dövlət məmurları xalqın xidmətçiləridir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar göstərib və mən bütün təyin etdiyim kadrlardan bunu tələb edirəm", - deyə o vurğulayıb.

İctimai qurumlar arasında ölkədə yaranmış bu vəziyyətə baxış heç də birmənalı deyil.

V.Əhmədov
V.Əhmədov

Deputat Vahid Əhmədov mövzu ilə bağlı "Turan" agentliyinə deyib ki, bunun səbəbi son 30 ildə Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya sıradan bir məsələ kimi baxılmasıdır.

"2019-cu ilin sonlarından korrupsiyaya ilə mübarizə daha da gücləndi"

"2019-cu ilin sonlarından dövlət orqanlarında rüşvət və korrupsiya ilə mübarizə daha da gücləndi. Bununla bağlı dövlət başçısı ciddi addımlar atıb. Altı icra başçısı həbsdədir, iki nazir vəzifəsini itirib. Davamı da ola bilər, çünki araşdırma prosesi hələ gedir",-deyə o bildirib.

Deputat düşünür ki, bir neçə icra başçısını və ya naziri dəyişməklə məsələnin tam həllini tapacağını söyləmək olmaz: "Hər il Hesablama Palatası 60-a qədər yoxlama haqqında hesabat verir. Bütün yoxlamalarda rüşvət, korrupsiya halları var. Bir yoxlama yoxdur ki, bu hallar olmasın. Əsas odur ki, bu neqativ proses dayansın".

V.Əhmədov vəziyyətdən çıxış yollarını belə göstərir:

"Onlara elə maaş verilməlidir ki,..."

"Birinci, onlara elə maaş verilməlidir ki, normal işləyə bilsinlər. İkincisi, bələdiyyə institutu canlandırılmalıdır, faktiki ölkədə elə bir ciddi bələdiyyə institutu yoxdur. Üçüncüsü, dövlət nəzarəti olsa da, ictimai nəzarət tam bərpa olunmalıdır".

B.Hacıyev
B.Hacıyev

İctimai fəal Bəxtiyar Hacıyevə görə isə, son 30 ilə yaxın müddətdə Azərbaycanda məmur təbəqəsi yalnız bir formada fəaliyyətə uyğunlaşıb.

"Hakimiyyətin xeyir duası ilə..."

"Məmurların özlərini qanundan üstün saymaları, dəbdəbəli həyat tərzi sürmələri bu hakimiyyətin xeyir duası ilə yaranmış davranış və yaşayış formasıdır", - deyə o, AzadlıqRadiosuna söyləyib.

O hesab edir, bu davranış tərzini üç-beş aya dəyişmək mümkün deyil, çünki, köhnə qaydada işləyənlərin sayı çoxdur: "Düşünürəm ki, prezidentin bu çağırışları məmurların davranışlarını dəyişməkdən daha çox, daxildəki ictimai rəyi sakitləşdirməyə, özünü məmurlardan məsafəli tutmağa hesablanmış çağırışdır. Prezident bununla göstərmək istəyir ki, özü yaxşıdır, amma təyin etdiyi məmurlar dediklərinin əksinə davranış sərgiləyirlər".

B.Hacıyevə görə, sistem özü kökündən dəyişmədikcə, məmur davranışını dəyişmək mümkün olmayacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG