Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Sentyabr, şənbə, Bakı vaxtı 07:00

İqtisadçı: 'Bu, böyük şəbəkələrin maraqlarına xidmətdir'


Online ticarətə maraq artır, bəs şərait varmı?
Gözlə

No media source currently available

0:00 0:04:18 0:00

Online ticarətə maraq artır, bəs şərait varmı?

Bu il sentyabrın 21-dən fiziki şəxslərin mallarının gömrükdən keçirilməsi qaydaları bir qədər dəyişdiriləcək.

Bununla bağlı Nazirlər Kabineti 2013-ci ildə qəbul olunmuş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na avqustun 21-də dəyişiklik edib.

Yeni qaydalara əsasən, ayda bir dəfə güzəştli şərtlərlə Azərbaycan ərazisinə gətirilə bilən malların ümumi dəyəri 1500 dollardan 800 dollara endirilib.

Habelə, eyni şəxsin adına beynəlxalq bağlamalar və ya digər daşıma şirkətləri vasitəsilə 30 gün ərzində Azərbaycana çatdırılan malların ümumi dəyəri isə 1000 dollardan 300 dollara endirilib.

DGK
DGK

Gömrük Komitəsinin mövqeyi

Bəzi sosial şəbəkə istifadəçiləri bu qərarı inhisara şərait yaratmaq, onlayn ticarətə mane olmaq kimi dəyərləndirsə də, Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) yaydığı açıqlamada belə fikirlərin əsassız olduğunu qeyd edib.

Açıqlamada yazılıb ki, vahid gömrük siyasətinin əsas məqsədi öz səlahiyyətləri daxilində Azərbaycanın iqtisadi mənafeyinin, təhlükəsizliyinin, daxili bazarının qorunmasında və dövlətin iqtisadi siyasətindən irəli gələn digər vəzifələrin yerinə yetirilməsində iştirak etməkdən ibarətdir.

"...Son illər fiziki şəxslər... tərəfindən, gömrük ərazisinə gətirilən malların ayrı-ayrı kənar şəxslərin adına rəsmiləşdirilərək Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində keçirilməsinə cəhd göstərilməklə həmin mallar üçün... gömrük ödənişlərindən yayınma, həmçinin, qeyd olunan malların qaçaqmalçılığı halları artıb", - DGK vurğulayıb.

V.Əhmədov
V.Əhmədov

Deputat rəyi

Deputat Vahid Əhmədov "Turan" agentliyinə bildirib ki, bu dəyişiklik sərhəd bölgələri ilə bağlı problem yaratmır:

"Sərhəd bölgəsi olaraq İrana, Rusiyaya gedib-gələnlərə ayda bir dəfə adambaşına 800 dollara qədər valyuta aparmağa icazə verilir. Ailədə dörd nəfər varsa, bu, 3200 dollar edir ki, bu da kifayət qədər vəsait deməkdir".

Onun fikrincə, ölkə içində 1000 dollar həddinin 300 dollara endirilməsi məsələsində problem var: "Gömrük Komitəsinin sədri ilə, idarə rəisi ilə danışdım. Onların deməsinə görə, problem odur ki, burada vergidən yayınma var. Müəyyən qədər mal gətirərək kifayət qədər vəsait əldə edirlər, amma vergi ödəmirlər. Əgər müəyyən şəxslər bu məsələyə gəlir mənbəyi kimi baxırsa, vergi ödəməlidirlər".

V.Əhmədov deyib ki, işadamı olaraq mal gətirənlər var, rüsumlar, vergilər ödəyirlər. Onun fikrincə, ona görə də malı ucuz sata bilmirlər, baha qiymətə də alan olmur: "Belə bir söhbətlər var".

N.Cəfərli
N.Cəfərli

"Azərbaycan isə bu trendin əleyhinə gedir"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna deyib ki, qərar məntiqsizdir, iqtisadi aktivliyə ciddi mənfi təsir göstərəcək amilə dönə bilər:

"Bu məhdudiyyətlərin səbəbləri var. Biri odur ki, hökumət istənilən yolla valyutaya tələbatı azaltmaq istəyir, valyuta alışına da məhdudiyyətlər qoyulub. Hər bir Azərbaycan vətəndaşı il ərzində cəmi 11 min dollarlıq valyuta ala bilər. Amma qanunda məhdudiyyət yoxdur. Sadəcə, Mərkəzi Bank belə bir təlimat verib, banklar da buna uyğun valyuta satışına məhdudiyyətlər yaradırlar. Bu qərar da həmin məhdudiyyətin davamıdır".

İqtisadçıya görə, koronavirus pandemiyası ilə bağlı dünyada onlayn ticarət, onlayn sifarişlər xeyli dərəcədə artıb, Azərbaycan isə bu trendin əleyhinə gedir.

N.Cəfərli deyib ki, bu qərarla ölkəyə onlayn sifarişlə kompüterlərin, telefonların gətirilməsinin azaldılması nəzərdə tutulur, bu isə ölkə daxilində fəaliyyət göstərən böyük şəbəkələrin maraqlarına xidmətdir.

XS
SM
MD
LG