Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

Kremlin ‘zəhərli’ siyasi mədəniyyəti – Qərb mediası


Alexey Navalny etiraz aksiyasında, arxiv fotosu
Alexey Navalny etiraz aksiyasında, arxiv fotosu

“The Financial Times” qəzeti redaksiya məqaləsində başqa heç bir ölkədə hakim rejimə opponentliyin Rusiyadakı qədər təhlükəli olmadığını yazır

Rusiyada müxalifət lideri Aleksei Navalny-nin təyyarədə özünü pis hiss edəndən sonra Omskda xəstəxanaya yerləşdirilməsi dünya mediasının diqqət mərkəzindədir. Tərəfdarları onun çayına zəhər qatılmasından şübhələnir. Ən son məlumatlara görə, həkimlər siyasətçinin analizlərində zəhər izlərinin aşkarlanmadığını deyiblər.

“The Financial Times” qəzeti redaksiya məqaləsində başqa heç bir ölkədə hakim rejimə opponentliyin Rusiyadakı qədər təhlükəli olmadığını yazır. Qəzet daha öncə müxalifətçilər Boris Nemtsov, Vladimir Kara-Murza, jurnalist Anna Politkovskaya və bir çoxlarının həyatını itirdiyi yada salır.

Elitanın yolunda tikan

“Navalny xarizmatik fəal olsa da, Kremlin media, məhkəmələr, seçki sistemi üzərində dominantlığı onun siyasətdə uğur qazanmasını mümkünsüz edib. Ancaq korrupsiya araşdırmaları, hazırlanan videoların milyonlarla insan tərəfindən baxılması onu hakim elitanın yolunda tikana çevirib”, – məqalədə deyilir.

Qəzet Navalny-nin Rusiyada biznes və siyasi sinfində düşmənlər qazandığını qeyd edir. “Zəhərlənibsə belə, buna görə hakimiyyətin, yaxud dövlətə bağlı oyunçuların məsuliyyət daşımasını əminliklə demək olmaz. Ancaq Rusiyada bunun əksi sübut olunmayınca məhz onlar əsas şübhəli kimi qalacaqlar. Müxalifət lideri dəfələrlə həbs olunub, üzünə zəhərli boya atılıb, bir gözü az qala kor olacaqdı, ötən il həbsdə ikən “kəskin allergik reaksiya” keçirib. Onun Belarusda diktaturaya qarşı üsyanın Rusiyanın gələcəyindən xəbər verdiyini deməsi də onu Kremlə sevdirməyib”, – məqalədə vurğulanır.

Qəzet xarici investorları gözlərini açmağa, “Magnitsky” qanunu olan ölkələri isə Navalny-yə hücumda əli olan rəsmilərə sanksiyalar tətbiq etməyə çağırır. Bu qanun insan haqları pozucularına sanksiyalar nəzərdə tutur.

“Fransa Prezidenti Emmanuel Macron kimi Rusiyayla münasibətlərin yenidən qurulmasını istəyən liderlər də ehtiyatlı olmalıdırlar. Nüvə silahları məsələləri üzrə dialoq vacibdir. Ancaq yaxınlaşmaq istəyən heç kəs (Prezident Vladimir) Putin-in qurduğu sistemin təbiəti haqda illüziyaya qapılmamalıdır”, – qəzet yazır.

“Həqiqəti bilməyəcəyik”

“The Guardian” qəzeti də indiyədək Putin rejiminin öldürülən opponentlərini yada salır. 2006-cı ildə Alexander Litvinenko Londonda, Kremlin iki adamı tərəfindən poloniumla öldürüldü. Onda Rusiya rəsmiləri deyirdilər ki, Moskva bunun üçün məsuliyyət daşıya bilməz, çünki bu insident ölkənin beynəlxalq nüfuzuna zərbə vururdu.

Elə Putin-pərəst teleaparıcı Dmitry Kisylov dünən (avqustun 20-də) Navalny-nin vəziyyətindən danışanda belə bir eybəcər məntiqə söykənərək günahı Qərbin üstünə yıxmağa çalışıb.

Qəzet Navalny-nin Sibirə səfəri zamanı tədqiqat apardığını, yerli namizədlər və könüllülərlə görüşdüyünü yazır. Dostlarının fikrincə, onu Sibirdə hansısa qubernatorun, yaxud merin yuxarının icazəsi olmadan zəhərləməsi inandırıcı görünmür. Onlar zəhərləmənin Kremlin təhlükəsizlik xidmətlərinin sevimli metodu olduğunu deyirlər.

Məqalədə Navalny-nin Belarusdakı etirazları Rusiyayla müqayisə etdiyi vurğulanır. “Oxşarlıq ortadadır. Belarus prezidenti Alyaksandr Lukashenka 26 ildir vəzifədədir; Putin isə yayda konstitusiyaya dəyişiklik üzrə səsvermə keçirdi, 2036-cı ilədək hakimiyyətdə qalmasına yol açıldı.

Navalny-nin taleyindən asılı olmayaraq, biz həqiqəti bilməyəcəyik. Rusiyada təhqiqat və ədliyyə sistemi müstəqil deyil. Jurnalist Anna Politkovskaya işi kimi daha öncəki hay-küylü qətllər heç vaxt tam araşdırılmayıb. Bəzən sıravi adamlar məhkum edilir. Amma sifarişi verənlər nadir hallarda tapılır”, – qəzet yazır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG