Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

Mieko Kawakami: 'Qadınlar daha susmaq istəmirlər'


Mieko Kawakami
Mieko Kawakami

Yaponiyada ənənəvilik tərəfdarları onun feminist romanına nifrət etsələr də, "Döşlər və yumurtalar" nəhəng bestseller olub. Müəllif "The Guardian"a müsahibəsində kişi üstünlüyündən, oriyentalist klişelərdən və Haruki Murakami-dən danışıb.

Mieko Kawakami qismən həyatın kortəbiiliyini və qəribəliklərini öyrənmək üçün yazmağa başlayıb. Kawakami 10 ildən çoxdur ki, Yaponiyada sadiq oxucu kütləsi toplayır. O, son zamanlar, pandemiyanın başlanmasından əvvəl dünyaya açılmağa başlayır, ABŞ və Avropada festivallara qatılırdı. Azyaşlı oğlu ilə evdə qalmağa məcbur olması isə onun feminist yazıları üçün əlavə materialdır.

"Virus bütün qadınların kökünü kəsib?"

"Cəmiyyət sadəcə belə düşünür ki, analar bütün yükü qəbul edəcək. Biz uşaqlara baxacağıq, onları öyrədəcəyik, onlar üçün məktəbə aparmağa nahar hazırlayacağıq, bütün əlavə işi görəcəyik. Baxmayaraq ki, çoxumuz işləyirik", – o deyir. "Balıq başdan iylənər", – deyə o, hökumətin yalnız kişilərdən ibarət ilk koronavirus qərargahının fotosunu yada salır.

"Mən bir növ çaşıb qaldım. Bəyəm, virus bütün qadınların kökünü kəsib? Onlar ana olmağın nə demək olduğunu necə bilə bilərlər, axı? Onlar heç problemin olduğunu da anlamırlar", – o gülür.

Qəzet yazır ki, Kawakami həyatda olan bütün yazıçılar arasında Yaponiyada qadın olmağı ən yaxşı təsvir edən yazıçıdır. 2008-ci ildə çap olunan "Döşlər və yumurtalar" əvvəlcə bloq yazısı şəklində, özü də müəllifin vətəni olan Osaka ləhcəsində yazılıb. Əsərin mərkəzində yaşlanmaqda olan bar sahibəsi və tənha ana Makiko durur. Midoriko onun deyingən yeniyetmə qızıdır. O, anası ilə yalnız yazılı şəkildə ünsiyyətə girir. İş yerində daha gənc qadınlar Makiko-nu sıxışdırmağa başlayır. Bu, kişilərin istəyi ilə qurulmuş iş iyerarxiyasıdır. Bu şəraitdə Makiko yaşlanmaqda olan döşləri haqda düşünməyə başlayır. Bəlkə döşlərinə implant yerləşdirsə, bədəni gözəllik jurnallarındakı kimi olar.

"Roman yapon bədii ədəbiyyatının, əsasən, kişilərdən ibarət dünyasına bomba kimi düşüb. Onun havalı və yayğın tərzi …suallar doğurur. Ana olandan sonra qadınların hansı seçimləri var? Onları uşaq istəməyə vadar edən nədir? Niyə onlar bədənləri ilə bağlı məntiqsiz gözləntilərə məhkum edilirlər? Ənənə tərəfdarları romanı bəyənməyiblər. Tokionun əvvəllər yazıçı olmuş keçmiş meri Shintaro Ishihara romanı "xoşagəlməz və dözülməz" adlandırıb. Ancaq bütün bunlar romanın 250 min nüsxəsinin satılmasına mane olmayıb", –qəzet yazır.

250 min nüsxə satılıb

O zamandan bəri Kawakami Yaponiyada çoxsaylı bədii nəsr, şeir və qısa hekayə mükafatlarına layiq görülüb. Artıq dünya oxucuları da onun işləri ilə tanış ola biləcəklər. "Döşlər və yumurtalar" 12-dən artıq dilə tərcümə edilməkdədir. 2009-cu ildə yazdığı "Cənnət" əsəri 2021-ci ildə İngiltərədə çap olunacaq. Bunun ardınca, 2022-ci ildə 2013-cü ildə yazdığı "Gecə sevənlərə məxsusdur" romanı çıxacaq.

Yaponiyanın ən məşhur yazıçısı Haruki Murakami-nin özü Kawakami-yə xeyr-dua verib. Murakami onu dayanmadan göylərə ucalan və inkişaf edən ağaca və daim dənizə doğru axan çaya bənzədib.

Kawakami yapon bədii nəsrinin əfsanəsindən belə bir dəyər aldığı üçün xoşbəxt olsa da, 2017-ci ildə birgə silsilə müsahibələri zamanı Murakami-yə qarşı sərt davranmışdı. O, hörmətlə, ancaq sərt şəkildə Murakami-nin kitablarında gördüyü seksizm məqamlarına toxunub. "Mən, sadəcə, seksual funksiyanı yerinə yetirmək üçün mövcud olan çox sayda qadın personajdan danışıram", – o deyib. Murakami-nin əsərlərində tez-tez qadınlar kişi baş qəhrəmanların uğrunda "qurban verilir".

Murakami isə cavabında kişi və ya qadın kimliyindən asılı olmayaraq, fərdiyyətçi personajlara maraq göstərmədiyini deyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG