Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 23:39

Eldar Həsənov ifadə verməyib


E.Həsənov
E.Həsənov

Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənov ona verilən ittihamları qəbul etmir. Keçmiş səfir vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməməkdə ittiham olunur.

E.Həsənov həbsini qərəzli, əsassız hesab edir və saxlanıldıqdan sonra ifadə verməkdən imtina edib.

Bunu Eldar Həsənovun vəkili Adil İsmayılov bildirib. Vəkilin sözlərinə görə, E.Həsənov həbsini anlaşılmazlıq hesab edir, məsələnin ölkə daxilində, hüquqi müstəvidə öz həllini tapacağına ümidini itirməyib.

Apellyasiya şikayəti təmin edilməyib

A.İsmayılov bildirib ki, keçmiş səfir avqustun 13-də səhər saatlarında evindən çıxaraq Xarici İşlər Nazirliyinə, nazir Ceyhun Bayramovla əvvəlcədən razılaşdırılmış görüşə gedərkən onu Dövlət Təhlükəsizliyi Xidmətin əməkdaşları saxlayıb: "Eldar Həsənov həmin gün şübhəli şəxs kimi saxlanılıb, ertəsi gün -14 avqustda Səbail Rayon Məhkəməsi tərəfindən barəsində həbs-qətimkan tədbiri seçilib. Məhkəmənin qərarından apellyasiya şikayəti vermişik. Dünən- avqustun 20-də Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və qərarı qüvvəsində saxlayıb".

"Eldar Həsənovun səhhətində problemlər var"

Vəkil əlavə edib ki, E.Həsənovun səhhətində problemlər var.

"Lakin həkim olmadığım üçün və həm də onun xahişinə əsasən bu barədə ətraflı heç nə deyə bilmərəm. Yaxın günlərdə ev dustaqlığı barədə məhkəməyə müraciət etməyi düşünürük", - vəkil vurğulayıb.

Bu açıqlamaya, hələlik, DTX və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinadakı səfiri E.Həsənovun saxlanması haqqında məlumatı avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yayıb. Məlumatda yazılıb ki, Xarici İşlər Nazirliyinin (XİN) bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə bəzi həbslər həyata keçirilib. DTX bildirir ki, davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı XİN-in fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə olunub, toplanılmış materiallar əsasında kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib:"Maliyyə yoxlamaları zamanı... Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib...".

Avqustun 14-də Səbail Rayon Məhkəməsi E.Həsənovun həbsdə saxlanması barədə istintaq orqanının vəsatətini təmin edib. Onun barəsində ilkin istintaq dövrü üçün noyabrın 3-nə qədər həbs-qətimkan tədbiri seçilib. E.Həsənovun haqqında istintaq DTX-nın İstintaq Baş İdarəsində aparılır.

E.Həsənov iyulun əvvəlində həbs olunan Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri haqqındakı cinayət işi üzrə məsuliyyətə cəlb olunub. Ona 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməmə) maddələri ilə ittiham verilib. Onun ittiham olunduğu maddələrdə 7 ilə qədər həbs cəzası nəzərdə tutulub.

E.Həsənov 2013-cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri təyin edilib. Bundan əvvəl isə 12 il Azərbaycanın Ruminiyada səfiri olub. Diplomatik fəaliyyətdən öncə isə Azərbaycanda Respublika Prokurorluğuna rəhbərlik edib. 1995-ci il martın 22-dən 2000-ci il aprelin 21-nə qədər baş prokuror vəzifəsində çalışıb. Həbsindən sonra prezidentin sərəncamı ilə o, səfir vəzifəsindən geri çağırılıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG