Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:45

Tofiq Yaqublunun vəkilləri vəsatət verib, amma...


Tofiq Yaqublunun məhkəməsi başlandı
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00

Tofiq Yaqublunun məhkəməsi başlandı

Bu gün, avqustun 19-da Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun məhkəməsi davam edib. Prosesdə onun vəkilləri vəsatətlə çıxış ediblər. Orada qeyd edilib ki, iş materiallarında olan sənədlərdə ziddiyyət var. Vəsatətdə bildirildiyinə görə, müdafiə tərəfinə sənədlər verildikdən sonra işə sənədlər əlavə edib. Vəkillər hesab edir ki, bu məsələyə aydınlıq gətirilməlidir, iş materialları təftiş olunmalıdır. Vəsatətdə habelə qeyd edilir ki, iş materialları ilə tanış olan mərhələdə vəkillərə verilən sənədlərlə hazırda məhkəmədəki sənədlər arasında ziddiyyət var. Lakin prosesə sədrlik edən hakim vəsatəti baxılmamış saxlayıb.

Bu barədə AzadlıqRadiosuna T.Yaqublunun yaxınları məlumat verib. Onların bildirməsinə görə, vəsatət məhkəmədə şahid qismində dəvət olunan Nizami Rayon 24-cü polis bölməsinin əməliyyat müvəkkili Elxan Cəfərovun dindirilməsindən sonra verilib. Onun T.Yaqublunun əleyhinə ifadə verdiyi qeyd olunur.

T.Yaqublunun yaxınlarının bildirməsinə görə, şahid istintaqa verdiyi ifadəni təsdiq etdiyini desə də, onun ifadələrində ziddiyyətlər aşkarlanıb. Üstəlik, bildirildiyinə görə, o, istintaqa verdiyi ifadəsində işlətdiyi bəzi sözləri başa düşməyib.

Vəkillər müstəntiqin prosesə gəlməsini istəyiblər

Verilən məlumata görə, vəkillər daha iki vəsatət qaldırıblar. Onlar şahid E.Cəfərovun hadisə günü hadisə yerində olub-olmamasını müəyyən etmək üçün onun mobil telefonun anten məlumatlarını almaq məqsədi ilə mobil operatora sorğu göndərilməsini məhkəmədən xahiş ediblər. Həmçinin, müdafiə tərəfi məhkəmədən istintaqı aparan müstəntiqin prosesə şahid qismində cəlb edilməsini istəyiblər. Hər iki vəsatətin də baxılmamış saxlandığı bildirilir.

Prosesi izləməyə gələnlərdən bəzi ictimai-siyasi fəallar və media nümayəndələri zala buraxılmayıb.

Növbəti məhkəmə prosesi avqustun 21-ə təyin edilib.

Xatırlatma

T.Yaqublu bu il martın 22-də tutulub, ertəsi gün Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunur ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil E.Cəbrayılovun idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

T.Yaqublunun ittiham olunduğu CM-in 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub. Amma T.Yaqublu özünü təqsirli bilmir və sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə - martın 22-də Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı. ""8-ci kilometr bazarı"nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır", - o yazmışdı.

XS
SM
MD
LG