Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:10

Kürdəmirin icra başçısı 4 aylıq həbs edilib


C.Cəfərov
C.Cəfərov

Prezident Ceyhun Cəfərovu vəzifəsindən çıxartdı

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov vəzifəsindən azad edilib.

Bununla bağlı avqustun 20-də prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezident İ.Əliyev C.Cəfərovu 2014-cü ilin aprelində bu vəzifəyə təyin etmişdi.

Başçıdan başqa birinci müavini də həbs edilib

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovdan başqa, onun birinci müavini və qurumun şöbə müdiri də həbs edilib.

Bu barədə bu gün, avqustun 20-də Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda başçı ilə yanaşı, onun birinci müavini Tacəddin Novruzovdan və icra hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Natiq Kərimovdan bəhs edilir.

İddiaya görə, istintaqla həmin şəxslərin birbaşa və icra hakimiyyətinin digər vəzifəli şəxsləri vasitəsilə ayrı-ayrı vaxtlarda rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrindən ümumilikdə 137 min manat almalarına əsaslı şübhələr yaranıb. Habelə, onların Kommunal Müəssisələr Kombinatından 58 min, rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrindən 120 min, "Azbiyan" Məhdud Məsuliyyətli Cəmiyyətindən 71 min manat rüşvət almalarına da şübhələr yarandığı qeyd edilir.

Bildirilir ki, avqustun 19-da rayon icra hakimiyyətinin inzibati binasında, rayonun Suvarma sistemləri və Yaşıllaşdırma idarələrində, Kommunal Müəssisələri Kombinatında, Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində əməliyyat-istintaq tədbirləri keçirilib.

Məlumatda sözügedən hər üç şəxsin tutulduğu vurğulanır: "Ceyhun Cəfərov, Tacəddin Novruzov və Natiq Kərimov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə…), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən…), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 311.3.3-cü (rüşvət alma külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Binəqədi Rayon Məhkəməsinin qərarları ilə həbs-qətimkan tədbiri seçilib".

İttihamlara açıqlamada adları gedən vəzifəli şəxslər və onların vəkillərindən, hələlik, münasibət almaq mümkün olmayıb.

+++

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Avqustun 20-də Binəqədi Rayon Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə proses keçirilib. Prosesdə istintaq orqanın təqdimatına baxılıb. Təqdimat təmin olunub.

Bu barədə AzadlıqRadiosuna məhkəmədən məlumat verilib.

C.Cəfərov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) və 311.3.3-ci (rüşvət alma - külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilib.

Onun və ya vəkilinin ittihama münasibəti isə, hələlik, açıqlanmayıb.

Kürdəmirin icra başçısına verilən ittiham bəlli olub

Dünən, avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Kürdəmir Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatın bəzi detalları bəlli olub.

Əməliyyat zamanı Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Ceyhun Cəfərov və başqaları saxlanıb. Artıq icra başçısına irəli sürülən ittihamlar da məlum olub.

Vahid Məhkəmə Portalının Elektron Məhkəmə Sistemində qeyd olunub ki, C.Cəfərova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) və 311.3.3-ci (rüşvət alma - külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Başçı kimdir?

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı C.Cəfərov 1965-ci il dekabrın 1-də Yevlax şəhərində doğulub. 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. O, 2014-cü ildən bu vəzifədə çalışırdı.

2011-ci il martın 3-dən 2014-cü il aprelin 16-na qədər isə Tərtər Rayon İcra Hakimiyyəti başçısı işləyib.

Hakim Yeni Azərbaycan Partiyasının üzvüdür.

+++

Azərbaycanda ötən ilin sonundan başlayaraq bir neçə rayonda icra hakimiyyətlərinin binasında əməliyyatlar keçirilib. Ağstafa, Biləsuvar, Neftçala və İmişli rayon icra hakimiyyəti başçıları olan şəxslər və başqaları həbs olunub. Onlara vəzifədən su-istifadə və mənimsəmə ilə bağlı ittihamlar irəli sürülüb.

Həmin ittihamlarla bağlı keçmiş başçılar və həbs olunan digər rəsmilərin münasibətini, hələlik, almaq mümkün olmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG