Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 19:53

İlqar Məmmədov sədr seçilib


İ.Məmmədov

Avqustun 18-də ReAL Partiyanın Siyasi Komitəsinin ilk iclasında İlqar Məmmədov bu partiyanın sədri seçilib.

Bu barədə həmin partiyanın Siyasi Komitəsinin üzvü Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, Siyasi Komitənin altı üzvünün hamısı sədrliyə namizədliyini verib. "Lakin partiyanın nizamnaməsinə və daxili konsensusa uyğun olaraq, digər namizədlər İlqar Məmmədovun xeyrinə öz namizədliyini geri götürdülər. Sədr, fövqəladə hal olmasa, 4 il müddətinə seçilir və heç bir şəxs 8 ildən çox partiyanın sədri ola bilməz", - o qeyd edib.

Avqustun 4-də ReAL (Respublikaçı Alternativ Partiyası) Partiyasının onlayn təsis qurultayı keçirilib. Qurultaya 108 nümayəndə seçilib, onlardan 98-i forumda iştirak edib. Forumda altı nəfərdən ibarət Siyasi Komitə seçilib. Onlar İlqar Məmmədov, Erkin Qədirli, Rəsul Cəfərov, Natiq Cəfərli, Zaur Qurbanlı və Mahmud Mahmudov olublar. "Bu şəxslər partiyanın idarəetməsini indiki mərhələdə həyata keçirəcəklər. Komitənin ilk iclasında da sədr seçiləcək", - deyə onda bildirilmişdi.

ReAL hərəkat olaraq 2009-cu ildə təsis edilib.

2018-ci ilin aprelində onların onlayn formada təsis qurultayı keçirilmişdi. Amma bildirildiyinə görə, o zamanın şərtlərinə görə, belə qurultay keçirilməsi qeydiyyata alınmaq üçün əsas sayılmırdı. Onda təşkilatçılar lazımı bina ilə təmin edilmədiklərindən qurultayı onlayn keçirməli olduqlarını açıqlamışdılar. Partiyadan habelə qeyd edildiyinə görə, elə bu səbəbdən də yenidən qurultay keçirmək zəruriyyəti yaranmışdı.

Hazırda Azərbaycanda koronavirus pandemiyası ilə bağlı karantin rejimidir. Martın 24-dən elan edilən karantin avqustun 31-nə kimi uzadılıb. Karantində kütləvi tədbirlərin keçirilməsinə icazə verilmir. Qurultaya, hələlik, Azərbaycan Ədliyyə Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

REAL-ın lideri İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib. İ.Məmmədovun hüquqlarının pozulması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin iki qərarı olub.

O, 2018-ci il avqustun 13-də Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb, cəzanın çəkilməmiş hissəsi şərti hesab olunub.

İ.Məmmədov Ali Məhkəməyə kassasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını tələb edib, Ali Məhkəmə də onun şərti cəzasını ləğv edilib.

2020-ci il aprelin 23-də Azərbaycan Ali Məhkəməsinin Plenumu ReAL Partiyasının sədri İ.Məmmədov barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verib. Plenum İ.Məmmədova 234 min manat kompensasiya təyin edib.

XS
SM
MD
LG