Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 20:38

Cəbhəçinin məhbəsdə aclıq aksiyasına başladığı deyilir


Həbsxanada aclıq aksiyası (karikatura)

İyulun 14-də keçirilmiş "Orduya dəstək" yürüşündən sonra həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü İsmayıl Həsənov-un aclıq aksiyasına başladığı bildirilir.

Bu barədə Azadlıq Radiosuna AXCP-dən məlumat verib. Partiyadan bildirildiyinə görə, İsmayıl Həsənov iyulun 19-da saxlanıb, iyulun 21-də barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə ), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham verildiyi deyilir.

AXCP-dən açıqlamaya görə, İ. Həsənov dünən, avqustun 16-da aclıq aksiyasına başlayıb və bu barədə saxlandığı Bakı İstintaq Təcridxanasının rəhbərliyini yazılı xəbərdar edib. "Aclıq aksiyanın səbəbi İsmayıl Həsənovun haqsız istintaqa cəlb olunması, barəsində həbs-qətimkan tədbiri seçilməsi və ailəsilə telefon əlaqəsinə imkan verilməməsidir", deyə qeyd edilib. Amma bu məlumata, hələlik, Penitensiar Xidmətindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Bu il iyulun 14-də Bakda orduya dəstək yürüşünə qatılan onlarla şəxs saxlanıb. AXCP-dən verilən məlumata görə, bu partiyanın 45 üzvü saxlanılıb. Onlardan 17 nəfərə Qarabağa dəstək yürüşü ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində başlanmış cinayət işi üzrə ittiham irəli sürüldüyü, bir nəfər istisna olmaqla, digərləri barəsində həbs-qətimkan tədbiri seçildiyi bildirilir. Partiya habelə qeyd edir ki, daha 18 cəbhəçiyə karantin rejimini pozma ittihamıyla 30 sutka inzibati həbs cəzası kəsilib, 10 nəfər isə saxlandıqdan sonra sərbəst buraxılıb. Amma bu məlumatları da rəsmilərdən tam dəqiqləşdirmək mümkün olmayıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub.Amma onlar bu hadisələrlə bağlı dəqiq neçə nəfərin saxlandığını, onlardan neçəsinin həbs edildiyini açıqlamayıblar. Bu cinayət işi üzrə həbs olunanlara əsasən özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – Məmməd İbrahim və Fuad Qəhrəmanlıya isə bunlardan əlavə, həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. Partiya ittihamların saxta olduğunu, həbs olunan üzvlərindən bir neçəsinin həmin yürüşdə iştirak etmədiyini bəyan edib.

Multimedia

XS
SM
MD
LG