Suriyanın şimal-qərbindəki İdlib regionunda Rusiya hərbçiləri ilə birgə patrul zamanı partlayış baş verib, Türkiyə hərbi maşınına ziyan dəyib, ölən olmayıb.
RIA xəbər agentliyi Rusiya Müdafiə Nazirliyinə istinadla insident zamanı rusiyalı əsgərlərin xəsarət almadığını xəbər verir. Partlayış Suriyanın şərqiylə qərbini birləşdirən strateji M4 magistral yolunda patrul zamanı baş verib.
Türkiyənin təhlükəsizlik rəsmiləri maddi ziyanla nəticələnmiş hücum olduğunu, ancaq ölüm halı olmadığını bildiriblər.
İnsident baş verən gün Kreml məlumat yayıb ki, avqustun 17-də Rusiya Prezidenti Vladimir Putin Suriya və Liviyadakı münaqişələri türkiyəli həmkarı Recep Tayyip Erdogan-la telefon söhbətində müzakirə edib.
Rusiya və Türkiyə martın 5-də İdlibdə atəşkəslə bağlı razılığa gəliblər. O vaxtadək bir neçə ay ərzində Suriya qüvvələri Rusiyanın dəstəyilə hücuma keçib, 1 milyonadək insan evindən didərgin düşüb. Bu zaman Türkiyəyə yeni qaçqın axını təhlükəsi də yaranıb.
Atəşkəs razılaşması çərçivəsində Türkiyə və Rusiya hərbçiləri M4 magistralının bir hissəsində, üsyançılarla Suriya hökumət qüvvələri arasındakı bufer zonada birgə keşik çəkirlər.
Rusiyanın avqustun 13-də bildirməsinə görə, İdlibdə birgə hərbi patrul yaraqlı hücumlarının artması səbəbindən təxirə salınıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova deyib ki, “radikallar” və “terrorçular”ın hücumlarının artması birgə patrulu müvəqqəti təxirə salmaq qərarıyla sonuclanıb.