Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 10:42

Prezident Eldar Həsənovla bağlı sərəncam verdi


E.Həsənov

Hazırda həbsdə olan Eldar Həsənov səfir vəzifəsindən geri çağırılıb.

Bununla bağlı prezident İlham Əliyev bu gün, avqustun 17-də sərəncam imzalayıb.

Sənəddə yazılıb ki, "Eldar Hümbət oğlu Həsənov iqamətgahı Belqrad şəhərində olmaqla Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılsın".

Səfir E.Həsənovun saxlanması haqqında məlumatı avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaymışdı. Məlumatda yazılmışdı ki, Xarici İşlər Nazirliyinin (XİN) bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə bəzi həbslər həyata keçirilib.

DTX bildirib ki, cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı XİN-in fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılmış materiallar əsasında kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib: "Maliyyə yoxlamaları zamanı... Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir...".

Avqustun 14-də Səbail Rayon Məhkəməsi E.Həsənovun həbsdə saxlanması barədə istintaq orqanının vəsatətini təmin edib. Onun barəsində ilkin istintaq dövrü üçün noyabrın 3-nə qədər həbs-qətimkan tədbiri seçilib. E.Həsənov haqqında istintaq DTX-nın İstintaq Baş İdarəsində aparılır.

E.Həsənov Xarici İşlər Nazirliyinin iyulun əvvəlində həbs edilən vəzifəli şəxsləri haqqındakı cinayət işi üzrə məsuliyyətə cəlb olunub. Ona 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməmə) maddələri ilə ittiham verilib.

E.Həsənovun ittiham olunduğu maddələrdə 7 ilə qədər həbs cəzası nəzərdə tutulub. Amma E.Həsənov ittihamları qəbul etmir. O, məhkəmədə də özünü təqsirli bilmədiyini deyib.

E.Həsənovun vəkili Adil İsmayılov AzadlıqRadiosuna bildirib ki, həbs qərarından apellyasiya şikayəti veriləcək.

Xatırlatma

Eldar Həsənov 2013-cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri təyin edilmişdi. Bundan əvvəl isə o, 12 il Azərbaycanın Ruminiyada səfiri olub. Diplomatik fəaliyyətdən öncə isə Azərbaycanda Respublika Prokurorluğuna rəhbərlik edib.

1995-ci il martın 22-dən 2000-ci il aprelin 21-nə qədər baş prokuror vəzifəsində çalışıb.

Multimedia

XS
SM
MD
LG