Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:22

Konstitusiya Məhkəməsinin bağlanan banklarla bağlı qərarından kim razı, kim narazı?


Konstitusiya Məhkəməsi
Konstitusiya Məhkəməsi

Avqustun 10-da Konstitusiya Məhkəməsinin Plenumu əmanətlərin sığortalanması ilə bağlı qərarını açıqlayıb.

Bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Qərar ləğv olunmuş banklarda ("Atabank", "NBCBank", "AGBank") olan və bloklanmış əmanətlərlə bağlı idi.

Məlumata görə, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda Nazirlər

ATA bank
ATA bank

Kabinetinin sorğusu əsasında “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Qanunun 47-ci, 48-ci maddələri baxımından şərh edilməsinə dair konstitusiya işinə baxılıb və qərar qəbul edilib.

Bildirildiyinə görə, məhkəmə “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsi, “Banklar haqqında” Qanunun da 47-ci və 48-ci maddələrini əsas götürüb: "Maddələrə əsasən təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir".

Bundan əlavə məhkəmə Mülki Məcəlləsinin 944.1-ci maddəsini də nəzərə alıb. "Bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və ilkin (əsas) müqavilə kimi qəbul olunmalıdır. Əmanət müqavilələrinin miqrasiya olunduğu tarix əmanət müqaviləsinin bağlanma vaxtı hesab edilə bilməz", deyə məlumata görə, bildirilib.

Fond: “ Avqustun 14-dən Bağlanmış banklarda bloklanmış əmanətlərin qaytarılmasına başlanılacaq”

Əmanətlərin Sığortalanması Fondundan da “Turan” agentliyinə bildirilib ki, avqustun 14-dən bağlanmış banklarda bloklanmış əmanətlərin qaytarılmasına başlanılacaq.

Ekspert rəyi

Konstitusiya Məhkəməsinin qərarını şərh edən hüquqşünas Əkrəm Həsənov isə bildirib ki, məhkəmə tam düzgün olaraq qərarı əmanətçilərin xeyrinə qəbul edib:

Əkrəm Həsənov
Əkrəm Həsənov

"Konstitusiya məhkəməsinə edilən sorğu iki məsələ ilə bağlı idi. Əmanətlərin Sığortalanması Fondu Nazirlər Kabinetinə sorğu vermişdi, Nazirlər Kabineti isə Konstitusiya Məhkəməsinə. Həmin iki məsələ yalnız bu üç bankla bağlıdır. İddia olunurdu ki, "Atabank"a, "NBCBank"a və "AGBank"a vaxtı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bank əmanət qəbul etməyi qadağan etmişdi, amma buna baxmayaraq onlar əmanət qəbul ediblər. İndi isə Əmanətlərin Sığorta Fondu bu banklar bağlanandan sonra əmanətçilərə deyib ki, onların əmanətləri qanunsuzdur, ona görə kompensasiya verilməyəcək”

“Xeyir”

Hüquqşünasın gəldiyi nəticəyə görə, isə Konstitusiya Məhkəməsi buna “ xeyir “ deyib:

“Yəni, həmin əmanətlər qanunidir və Fond onları kompensasiya etməlidir. Məhkəmə öz qərarını belə əsaslandırıb ki, maliyyə bazarlarına nəzarət orqanı, yəni Mərkəzi Bank, bundan əvvəl isə Palata hər hansı banka hər hansı tədbiri qadağan etməklə kifayətlənməməli və onun icrasına nəzarət etməlidir. Eyni zamanda, Konstitusiya Məhkəməsi qərarında deyir ki, Əmanətlərin Sığortalanması haqqında Qanunun 30-cu maddəsinə əsasən əgər banka əmanət qəbul etmək qadağan edilirsə, Mərkəzi Bank kütləvi informasiya vasitələrində bir iş gün ərzində bu barədə elan verməli idi. Bunu isə etməyiblər. Buna görə də, məhkəmə deyib ki, əmanətlər kompensasiya olunmalıdır".

Ə.Həsənov qeyd edib ki, məhkəmə qərarın digər hissəsi "Atabank" ASC ilə bağlıdır:

"Bu bankın bir filialı bağlanmışdı və o bağlanandan sonra bank öz daxili uçot sistemində həmin filiala yerləşdirilən əmanətləri digər filiallara köçürmüşdü, yəni miqrasiya etmişdi. Bankın daxili elektron sistemində həmin əmanətlərin qəbul tarixi kimi əmanətin vətəndaş tərəfindən banka qoyduğu tarix yox, miqrasiya tarixi göstərilib və miqrasiya günü də sığortalanan əmanət faizi əmanətlərin qəbul tarixidən daha aşağı idi. İndi Əmanətlərin Sığortalanması Fondu deyir ki, mən bunu kompensasiya etmirəm. Halbuki, bank özü də etiraf edirdi ki, burada söhbət texniki səhvdən gedir”

“Əmanət müqaviləsi hansı tarixdə bağlanıbsa o tarix əsas götürülür".

Hüuqşünasın fikrincə, Konstitusiya Məhkəməsi də tamamilə düzgün olaraq qeyd edib ki, bankla əmanətçinin arasında olan münasibətlər bankın daxili sistemi ilə yox, müştəri ilə bank arasında bağlanan əmanət müqaviləsi ilə təsdiq olunur:

“Əmanət müqaviləsi hansı tarixdə bağlanıbsa o tarix əsas götürülür".

Hüquqşünas vurğulayıb ki, bütün bunlara baxmayaraq Konstitusiya Məhkəməsinin qərarında digər vacib məsələlər yerini tapmayıb:

“Problemi yalnız bu iki məsələ deyildi”

"Bu banklarda vətəndaşların problemi yalnız bu iki məsələ deyildi. Əmanətlərin Sığortalanması Fondu başqa bəhanələrlə də əmanətləri qaytarmır. Məsələn, vətəndaşın bağlanmış bankda əmanəti də var, krediti də və əmanətin məbləği kreditin məbləğindən çoxdur. Vətəndaş deyir ki, mənim kreditimi əmanətimdən çıxın. Bunu qanunsuz olaraq etmirlər və əvvəl krediti bağlamasını sonra isə əmanətin geri qaytarılmasını deyirlər. Bu məsələni Konstitusiya Məhkəməsinə çıxarmayıblar”

Hüuqşünas daha bir məsələni də problem kimi dəyərləndirib:

“Tutalım "Amrahbank"da, hansı ki, qərarda yoxdur, vətəndaşla müqvilədə göstərilib ki, əmanət müqaviləsinin qüvvədə olduğu müddət ərzində vətəndaş əmanətinə əlavə edə bilər. Məsələn, 2018-ci ildə 3 illik müqavilə bağlanıb, 50 min manat qoyulub və 2019-cu ilin avqustunda 10 min də əlavə olunub. İndi bu son 10 mini kompensasiya etmirlər ki, sən onu da 15 faizlə qoymusan, halbuki, 2019-cu ilin avqustunda artıq 10 faiz idi. Amma burda vətəndaş haqlıdır. Çünki onun müqaviləsində göstərilib ki, onun əmanəti tam sığortalıdır. Gəlib əlavə edəndə vətəndaş hardan bilsin ki, faiz dərəcəsi dəyişib? Bunu bank bilməli idi və bank əlavə pulu vətəndaşdan qəbul edibsə bu, vətəndaşın günahı deyil. Bu kompensasiyanı da qaytarmırlar və bu məsələ də Konstitusiya Məhkəməsinə çıxmadı ”

Hüquqşünasın bu dediklərinə isə, hələlik, Əmanətlərin Sığortalanması Fondu, Konstitusiya Məhkəməsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Gülbəniz Kərimova adlı əmanətçi isə bildirib ki, Konstitusiya Məhkəməsinin qərarı ilə razıdı: " Konstitusiya Məhkəməsinin qərarından ümumilikdə razıyam. Amma yenə də tam inanmırıq ki, pulumuz deyildiyi tarixdə verilsin".

Xatırlatma

2020-ci il aprelin 26-da Mərkəzi Bank "AtaBank" ASC, "AmrahBank" ASC, "AGBank" ASC və "NBCBank" ASC-yə inzibatçı təyin etmişdi. Mayın 1-də "Atabank" və "AmrahBank"ın lisenziyası ləğv edilib.

Daha sonra, mayın 12-də də "AGbank" və "NBCBank"ın lisenziyaları da ləğv olunub.

"Atabank" və "AmrahBank"ın lisenziyaları ləğv edilərkən Mərkəzi Bank belə açıqlama vermişdi: "Qeyd olunan bankların maliyyə vəziyyətinin pisləşməsi çoxdan başlamışdı, xüsusən "Atabank" ASC uzun müddətdir ki, əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini icra edə bilmirdi".

Qalan iki bankın da lisenziyasının ləğvi, əsasən, onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilmişdi. Amma həmin qurumlardan bu dəyərləndirməyə hər hansı bir münasibət bildirilməmişdi.

2015-ci ildə isə Azərbaycanda iki devalvasiyanın baş verməsi (Dünyada neftin qiyməti kəskin ucuzlaşandan sonra) və manatın dollar qarşısında iki dəfə dəyər itirməsi nəticəsində bank sektorunda daha ciddi təlatümlər özünü göstərmişdi. Onda 10-dan çox bank bağlanmışdı. Bu da onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilirdi. Həmin banklarda qorunan əmanətlərin qaytarıldığı açıqlanıb.

Bu ilin əvvəlindən də dünyada neftin ucuzlaşması baş verib. Üstəlik, koronavirus pandemiyasının dünya iqtisadiyyatına ciddi təsir etdiyi bildirilir. Azərbaycanın ixracının 90 faizi neft və qazın payına düşür.

Hazırda Azərbaycanda 26 bank mövcuddur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG