Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:21

Karantinə getməyən İsveç virusa qalib gəldimi – Qərb mediası


Stokholm, 27 iyul, 2020-ci il
Stokholm, 27 iyul, 2020-ci il

Ötən ilin dekabrında Çində peyda olan yeni koronavirus dünyaya yayıldı, bir sıra ölkələr sərt qadağalara, karantin rejimlərinə əl atmalı oldu. Qadağalar yumşaldılan kimi yoluxmalar artmağa başladı. Ancaq Avropada bir ölkə – İsveç karantin, sərt məhdudiyyətlər tətbiq etmədi, bir müddət pandemiya ilə mübarizədə “İsveç nümunəsi”ndən danışıldı

“The Financial Times” qəzeti daha bu ölkənin pandemiyaya qarşı ən yüngül qadağalarla seçilmədiyini, belə deyək, “örnək mövqe”yini itirdiyini yazır. Yay ərzində bu ölkədə Covid-19 yoluxmaları azalsa da, qısa müddətə adambaşına düşən ölü sayına görə önə çıxdığı oldu. Son aylar İsveç iqtisadiyyatı Avropada orta göstəricidən daha az ziyan görüb, amma Skandinaviyadakı qonşularından daha çox zərbə yeyib.

Azalmaya nə səbəb oldu

“Bizə ikinci şans verilir. Bunun yenidən sürət götürməsini istəmirik. İndi öyrənməli, hər şeyin təkrarlanmasını önləmək üçün əlavə işlər görməliyik”, – İsveçin yanaşmasının tənqidçisi, Stokholmdakı Karolinska Universitetinin hüceyrə və molekulyar immunologiya professoru Cecilia Söderberg-Nauclér deyib.

Qəzet yazır ki, İsveçin pandemiyaya qarşı yüngül yanaşmalı strategiyası indi həmişəkindən daha qızğınlıqla müzakirə olunur. Ancaq ölkədə əsas yay ayı hesab olunan iyulda vəziyyət nisbətən düzəlib, iyunun sonundan bir ay ərzində adambaşına ölü sayı 86 faiz azalıb.

İsveçin baş epidemioloqu Anders Tegnell son həftələrdəki azalmayla ölkənin bir çox yerlərində immunitetin güclənməsi arasında əlaqə olduğunu deyib. Səhiyyə rəsmiləri paytaxt Stokholmda “kütləvi immunitet”in yaranmasına çox zaman qalmadığını desələr də, digər epidemioloqlar bununla razılaşmırlar. Onların fikrincə, səngimə İsveçin iyunun sonundan əksər sahələrdə yay tətilinə bağlanması ilə əlaqədardır.

Üstəlik, anticisim testləri də kütləvi immunitetin yaranmasına hələ çox qaldığını ortaya qoyub. Bunu isə virusoloq, ölkə strategiyasının tanınmış tənqidçisi Lena Einhorn deyib.

Maska taxmaq və karantin

Onun sözlərinə görə, İsveç əsasən iki sahədə beynəlxalq təcrübəni rədd etməyi dayandırmalıdır: üz maskalarından istifadəni məcburi etməli; yoluxmuş şəxslərin təmasda olduğu hər kəsi karantinə almalıdır.

Məqalədə İsveçin karantinsiz rejiminin daha örnək sayılmadığı vurğulanır. Oksford Universitetinin məlumatına görə, hazırda Fransa, Avstriya, Norveç, Finlandiyadakı qadağalar İsveçdən daha yumşaqdır. Norveçdə adambaşına ölü sayı İsveçdən 20 dəfə azdır, karantinə erkən getsə də, artıq təhsil sistemini tam açıb. Doğrudur, Norveç ötən həftə qadağaların gücləndirilə biləcəyini də açıqladı.

İqtisadiyyata gəlincə, İsveçdə aprel-may aylarında 2-ci Dünya müharibəsindən bəri ən böyük rüblük azalma qeydə alınıb. Ancaq bir çox iqtisadçılar deyirlər ki, karantin tətbiq olunsaydı, vəziyyət daha pis olardı. AB-nin orta göstəricisi ilə müqayisə edəndə İsveçdə 2-ci rübdə ÜDM daha yaxşıdır – AB-dəki 11,9 faiz azalmaya baxanda 8,6 faiz düşüş olub.

İsveçdə indiyədək 82 mindən artıq yoluxma təsdiqlənib, 5 min 700-dən çox xəstə vəfat edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG