Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

Honq Konqda media maqnatı həbs olunub


Jimmy Lai Chee-ying (ortada) saxlanarkən
Jimmy Lai Chee-ying (ortada) saxlanarkən

Honq Konqda media sahibkarı Jimmy Lai avqustun 10-da yeni milli təhlükəsizlik qanunu çərçivəsində həbs olunub. Onun xarici qüvvələrlə əməkdaşlıq etdiyi iddia olunur.

Polis naşirin qərargahında reyd də keçirib. Bu, yeni qanun iyunun 30-da Pekin tərəfindən tətbiq olunandan ən hay-küylü iş sayılır. Qərb ölkələri həmin qanunu pisləmişdilər.

71 yaşlı Lai “Apple Daily” tabloydunun sahibidir, Çinin idarəçiliyi altında olan şəhərdə tanınmış demokratiya fəalı, Pekinin tənqidçisi kimi tanınır.

Maqnata azadlıq tələb edirlər

Pekin Honq Konqda demokratiya tələb edən müxalifətə divan tutur, media və digər azadlıqların boğulması sarıdan narahatlığı artırır. Britaniya keçmiş koloniyasını 1997-ci ildə Çinə qaytaranda məhz bu azadlıqlara zəmanət verilmişdi.

Bu “Honq Konqun Milli Təhlükəsizlik Qanununun demokratik fikri boğacağı, mətbuat azadlığını məhdudlaşdıracağı ilə bağlı qorxuları gücləndirir. Jimmy Lai dərhal azad olunmalı, ona qarşı ittihamlar qaldırılmalıdır”, – Jurnalistləri Müdafiə Komitəsinin Asiya proqramının koordinatoru Steven Butler deyib.

Yeni qanunda separatçılıq, terrorçuluq, xarici qüvvələrlə əməkdaşlığa görə azı 10 il, bəzi hallarda ömürlük həbs nəzərdə tutulur.

Qanun şübhəlilərin nəzarətdə saxlanmasına, telefon danışıqlarının izlənməsinə icazə verir.

Lai kimdir?

Lai Birləşmiş Ştatlara tez-tez səfər edirdi, Dövlət katibi Mike Pompeo daxil aparıcı rəsmilərlə görüşündə Honq Konqda demokratiyaya dəstək istəyirdi. Pekin isə ona “satqın” damğası vurmuşdu.

Honq Konq polisi 39-72 yaşlı yeddi nəfərin yeni təhlükəsizlik qanununu pozmaq ittihamıyla saxlandığını açıqlayıb. Onların adları çəkilmir, əlavə həbslərin mümkün olduğu vurğulanır.

Bazar ertəsinədək yeniyetmələr daxil 15 nəfər yeni qanun çərçivəsində saxlanıb.

Britaniya, Birləşmiş Ştatlar, Kanada, Avstraliya və Yeni Zelandiya avqustun 9-da Honq Konqu mümkün qədər tez seçki keçirməyə çağırıb, hakimiyyətə “demokratik prosesə zərbə vurmamaq” xəbərdarlığı edib.

Bu arada Çinin parlament üzvləri Honq Konq Qanunverici Şurasına sentyabrın 6-na planlaşdırılan seçkinin koronavirusa görə bir il təxirə salınmasını müzakirə etməlidirlər.

Avqustun 7-də Birləşmiş Ştatlar Honq Konq lideri Carrie Lam və digər aparıcı rəsmilərə sanksiyalar tətbiq edib, onların bu ərazidə siyasi azadlıqların məhdudlaşdırılmasında rolu olduğunu bildirib. Pekin sanksiyaları pisləyib, ələ salıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG