Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:05

Azərbaycan və Serbiya prezidentlərinin telefon danışığı olub


Azərbaycan və Serbiya prezidentləri (sağ) Ilham Əliyev və Aleksandar Vucic, 21 may 2018

Avqustun 7-də Serbiya prezidenti Aleksandr Vucic Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumatda yazılıb ki, Aleksandr Vucic iyul ayında Azərbaycan-Ermənistan sərhədində baş vermiş hadisələr zamanı Azərbaycan hərbi qulluqçularının həlak olması ilə əlaqədar başsağlığı verib.

“Eyni zamanda, Serbiya Prezidenti bu hərbi toqquşmalarda Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib. O, bu vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksəksəviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib. Aleksandr Vuçiç Azərbaycanla strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirdiyini vurğulayaraq bunun təsdiqi kimi, Azərbaycan Prezidentini Serbiyaya rəsmi səfərə dəvət edib”, məlumatda yazılıb.

Bildirildiyinə görə, Prezident İlham Əliyev də qeyd edib ki, Ermənistan tərəfinin Azərbaycanın hərbi və mülki mövqelərini atəşə tutması zamanı Serbiya istehsalı olan hərbi sursatlardan istifadə etməsi faktını Azərbaycan cəmiyyəti narahatlıqla qəbul edilib.

“Bu atəşin nəticəsində hərbi qulluqçularımız və o cümlədən mülki şəxsimiz həlak olub”, xəbərə görə, o əlavə edib.

Bildirildiyinə görə, İlham Əliyev Serbiya prezidentinin yuxarıda göstərilən faktın araşdırılması və əməkdaşlığın perspektivlərinin müzakirə edilməsi üçün yüksəksəviyyəli nümayəndə heyətinin göndərilməsi barədə qərarı ilə bağlı məmnunluğunu ifadə edib.

“Telefon söhbəti zamanı tərəflər gələcəkdə ölkələrimiz arasında dostluq əlaqələrinə kölgə sala biləcək hərəkətlərə yol verilməməsi barədə qərara gəliblər. Prezident İlham Əliyev Serbiyaya səfər ilə əlaqədar dəvətə görə minnətdarlığını bildirib.”, mətbuat xidməti qeyd edib.

Bir müddət öncə, iyulun 20-də qeyd edilən məsələ ilə bağlı Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Danitsa Veinoviçin də Xarici İşlər Nazirliyinə (XİN) çağırıldığı və onunla nazirin müavini Xələf Xələfovun görüşdüyü bildirilirdi. XİN-in açıqlamasına görə, X.Xələfov vurğulayıb ki, bu cür qeyri-dost fəaliyyətlər Azərbaycan ilə Serbiya arasında dostluq münasibətləri və strateji tərəfdaşlığa xələl gətirir. Bildirildiyinə görə, Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Danitsa Veinoviç də öz növbəsində qeyd olunan məsələ ilə bağlı məlumatının olmadığını söyləyib, bunu ölkəsinə çatdıracağını vəd edib.

Xatırlatma

İyulun 12-i, 13-ü və 14-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər baş vermişdi. Prezident İlham Əliyev onda Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu demişdi. Həmin günlər Azərbaycan tərəfi bu döyüşlərdə biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yaymışdı.Eyni zamanda həmin vaxt daha bir mülkü şəxsin də atəşkəs pozulması nəticəsində həlak olduğu açıqlanmışdı. Ermənistan tərəfi də bir neçə hərbçisinin ölməsi haqda məlumat yayıb. O da, öz növbəsində, baş verənlərə görə Azərbaycanı ittiham edib. 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib. Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.

Multimedia

XS
SM
MD
LG