Keçid linkləri

Təcili xəbərlər
2023, 02 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 12:13

Prezident: '…Avqust ayında da onlara 190 manat ödənilsin'-Yenilənib


İlham Əliyev, 15 iyul 2020

“...Bu, Dövlət Neft Şirkətinin bilavasitə vəzifəsidir”

“... Dövlət şirkətləri öyrəşiblər ki, onların bütün qüsurları, bütün itkiləri dövlət tərəfindən bağlanacaq.” Bunu da avqustun 6-da Azərbaycan prezidenti İ. Əliyev ölkədə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə qeyd edib. Prezident vurğulayıb ki, hətta ölkədə qazlaşdırma dövlət büdcəsi hesabına aparılır: “ Halbuki bu, Dövlət Neft Şirkətinin bilavasitə vəzifəsidir. Biz bu il dövlət büdcəsində kəndlərin qazlaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tuturuq. Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur. Axı, bu, bilavasitə onun işidir, onun vəzifəsidir. Bütün digər dövlət şirkətlərində vəziyyət ya buna oxşardır, ya bundan pisdir, ya da ki, bir qədər yaxşıdır” Prezidentin fikrincə, əgər dövlət şirkətləri normal korporativ idarəetmə əsasında işləməyəcəklərsə, onda bu problemlərlə daim üzləşiləcək: “Bundan sonra buna dözmək olmaz. Hesab edirəm ki, dövlət şirkətlərinə ayrılan vəsait o şirkətlərin səmərəliliyi ilə üst-üstə düşmür. Bu qədər vəsait ayrılıb, daha da böyük nəticə əldə olunmalı idi. Ancaq bu, yoxdur. Çünki birinci növbədə onlar tam əmindirlər ki, dövlət həmişə bunların bütün problemlərini öz üzərinə götürəcək, onların götürdükləri və verə bilmədikləri kreditləri öz üzərinə götürəcək, onlara subsidiya verəcək və beləliklə, bunlarda arxayınlıq yaranıbdır.” Prezidentin qeyd etməsinə görə, eyni zamanda, israfçılığa yol verilir, bəzi hallarda lazım olmayan layihələr icra edilir, yaxud da bu layihələrin icrasına start verilir: “ Təbii ki, bu layihələr gərək başa çatdırılsın. Bu layihələr başa çatandan sonra aydın olur ki, bunun səmərəsi yoxdur. Burada, əlbəttə ki, həm idarəetmədə mövcud olan pozuntular, eyni zamanda, bəzi hallarda şəxsi maraqlar rol oynayır.” Prezident çıxışında habelə deyib ki, nəzarət aşağı səviyyədədir: “ Ona görə bu məsələyə mütləq diqqət yetirilməlidir...”

***

Sərt karantinin davam etdiyi yerlərdə avqust ayında 190 manat yardım veriləcək. Bunu bu gün, avqustun 6-da Azərbaycan prezidenti İlham Əliyev ölkədə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə deyib. AZƏRTAC-ın xəbərinə görə, o vurğulayıb ki, altı yüz min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlətin qayğısı ilə əhatə olunub: “ Onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Hesab edirəm ki, bu sosial dəstək bundan sonra da davam etdirilməlidir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Sizə göstəriş verirəm ki, avqust ayında da onlara 190 manat ödənilsin”

“Biz bunu etmək istəmirik”

“Karantin rejimi nə vaxt mümkünsə yumşaldılacaq, necə ki, artıq ayın 5-dən yumşalma olubdur” Bunu da avqustun 6-da Azərbaycan prezidenti İ. Əliyev ölkədə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə söyləyib. Dövlət başçısı sonra da deyib: “Ancaq vətəndaşlar da gərək başa düşsünlər ki, əgər bu yumşalmadan sonra biz yenə də xəstəliyin kəskin artdığını görsək, başqa çarəmiz olmayacaq, gərək yenə də sərtləşdirək. Biz bunu etmək istəmirik. Mən istəyirəm ki, bu yumşalma prosesi tədricən davam etsin və sonrakı yumşalma addımını şərtləndirsin. Amma əgər vətəndaşlar görsələr ki, artıq hər şey açılıbdır, yenə də bütün bu məsafəyə, qoruyucu vasitələrə əhəmiyyət verməyəcəklərsə, onda xəstəlik yenidən alovlanacaq. Biz gərək yenə də sərtləşdirilmiş tədbirlər görək, yenə də iqtisadiyyata zərbə vurulacaq, yenə də insanlar xəstələnəcəklər.” Prezident deyib ki, bu, çox ağır xəstəlikdir: “ Bu xəstəlik yaş tanımır, cavan insanlar, gənc insanlar, fiziki cəhətdən sağlam insanlar, idmançılar xəstələnir və rəhmətə gedir. Bu, dünya üçün çox ciddi problemdir, bu gün dünyanın bir nömrəli bəlasıdır. Ona görə hamımız məsuliyyətli olmalıyıq. Əgər belə olsa, dediyim bütün tapşırıqlar yerinə yetirilsə, biz qısa müddət ərzində bu karantin rejimini daha da yumşaldıb normal həyata daha tez qayıda bilərik”

Xatırlatma

COVİD-19 pandmeiyası ilə bağlı bu il martın 24-dən Azərbaycanda karantin rejimi elan edilib. Karantin avqustun 31-nə kimi uazadılıb. Gündəlik yoluxmada azalma olduğundan rejim aprelin 27-dən mərhələlərlə yumşaldılmışdı.Amma bu əks proses doğurduğundan iyunun 21-dən Bakı və ölkənin bir çox yerlərində karantin yenidən sərtləşdirilib. Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində çalışanlardan başqaları küçəyə çıxarkən yenidən SMS-lə icazı almalı olurdular. Avqustun 5-dən amma sərt karantin rejimi bir qədər yumşaldılıb. SMS-lə icazə yenidən ləğv edilib, çimərliklər açılıb. Bu arada işsiz və karantində işini itirən təqribən 600 min ölkə vətəndaşına aprel və may aylarında 190 manat birdəfəlik yardım verildiyi açıqlanıb. Sonrakı ayda da Bakı kimi karantinin sərtləşdirildiyi bəzi bölgələrdə bu yardımın verilməsinin davam etdiyi açıqlanmışdı. Hökumət pandemiyanın ölkə iqtisadiyyatına, biznes və məşğulluğa ziyanının ardan qaldırılması üçün 3,5 milyard manatlıq paket olduğunu açıqlayıb.Hərçənd, müstəqil iqtisadçılar bu rəqəmə şübhə edirlər. 2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 19 milyondan çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 711 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə ndiyədək ümumilikdə 33 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 476 nəfərin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG