Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 09:11

Facebook fransalı komediyaçıya ‘həmişəlik’ qadağa qoyur


Dieudonné M'bala M'bala

Facebook özünün Instagram tətbiqində və əsas şəbəkədə fransalı komediya ustası Dieudonne M'Bala M'Bala-ya ömürlük qadağa qoyub. Şirkət komediyaçının postlarında Holokost qurbanlarını ələ saldığını, “yəhudilərə qarşı aşağılayıcı sözlər” işlətdiyini bildirir.

Dieudonne əvvəllər Fransa və Belçika məhkəmələri tərəfindən nifrət çıxışı, terrorçuluğu həvəsləndirməkdə təqsirli bilinib, təkadamlıq şouları və film layihələri qalmaqala yaradıb.

“Təhlükəli fərdlər və təşkilatlar üzrə siyasətimizə uyğun olaraq Facebook və Instagram-da Dieudonne M'Bala M'Bala-ya həmişəlik qadağa tətbiq etdik”, – sosial şəbəkə bəyanatında bildirib.

“Kimisə xidmətlərimizdən daimi uzaqlaşdırmaq qərarını həmişə ehtiyatla götür-qoy edirik, ancaq başqalarına onların kimliyinə görə hücum edən fərd və qurumların Facebook və Instagram-da yeri yoxdur”, – bəyanatda vurğulanır.

“Böyük qələbə”

Facebook öz istifadəçilərinin qızışdırıcı postlarını məhdudlaşdıra bilmədiyinə görə Qərbin getdikcə artan təzyiqi altındadır.

AFP-nin məlumatına görə, Beynəlxalq İrqçilik və Antisemitizm Liqası bu qadağanı “böyük qələbə” adlandırıb, çünki Dieudonne-nun postları “gənclərə ciddi və bərpaolunmaz ziyan” vurub.

“Sionist lobbisi”nə qarşı lobbiçilik edən Dieudonne-nun Facebook sosial şəbəkəsində 1,3 milyon izləyicisi var.

Google internet nəhəngi iyunda özünün YouTube videopaylaşım şəbəkəsində Dieudonne-na qadağa tətbiq edib. Aktyorun bu şəbəkədə 400 min izləyicisi vardı.

Fransa və Belçika məhkəmələri aktyoru irqçi şərhlərinə görə təqsirli bilib, bəziləri isə onun azad söz hüququ olduğunu bildirir.

Vaxtilə Fransa məhkəməsi komediyaçıya iki aylıq şərti cəza kəsmişdi. Səbəbsə onun 2015-ci ilin yanvarında “Charlie Hebdo” satirik jurnalının Parisdəki ofisinə Al-Qaeda-nın həvəsləndirdiyi hücuma rəğbət bildirməsi idi. Həmin hücumda 12 nəfər öldürülüb, 11 nəfər yaralanıb.

Noyabrda isə hakimiyyətin antisemitik hesab etdiyi videoklipə görə 9 min avro (10 min 600 dollar) cərimələnib.

XS
SM
MD
LG