Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:49

Təklə sakini: 'Kənddə imkansızlıqdan ailə qura bilməyənlər çoxdur'


Masallı rayonun Təklə kəndində reyhan sahəsi, 2020
Masallı rayonun Təklə kəndində reyhan sahəsi, 2020

Masallı rayonun Təklə kənd sakini Fəxrəddin Həmidovun 30 yaşı var. Yaşadığı ev kəndin sonunda yerləşir. İki azyaşlı uşağı, həyat yoldaşı və anası ilə bir yerdə yaşayır. O deyir ki, elektrik yay aylarında fasiləsiz verilsə də, qış aylarında problemlər yaşanır. Onun vurğulamasına görə, elə vaxtlar olur ki, işıq günlərlə yanmır.

“Nə mən, nə həyat yoldaşım, nə də anam işləyir”

Təklə kənd sakinləri
Təklə kənd sakinləri

F. Həmidov onu da əlavə edir ki, təbii qaza isə 200 manat borcu var:

“Nə mən, nə həyat yoldaşım, nə də anam işləyir. Kənardan gəlir yoxdur...”

F. Həmidovun deməsinə görə, yeganə qazanc yeri payıbəlli torpağıdır:

“Yay əkinçi, qış dilənçiyik. Kəndə 10-15 ailəni çıxmaq şərti ilə gənc ailələrin hamısı mənim günümdədir.Mən gənc ailəyəm, bizə heç bir güzəşt yoxdur.Halbu ki,qonşu ölkələrdə gənc ailələr üçün böyük güzəştlər var.Yaşadığım ev valideynimindir. Yaşayış üçün yararlı deyil.Bizim hökmət qəribə şərtlər irəli sürür.Yardım,iş istəyəndə deyirlər ki,torpağın var... ”

“Mənim ziyanımı kim ödəyəcək?”

F. Həmidov deyir koronavirus pandemiyası ilə bağlı tətbiq edilən karantin də gəlirinə təsir edib:

“Gündə Masallı şəhər bazarına satşa göyərti çıxardırdıq. Evə 5-6 manat pul gəlirdi. Ciddi karantin rejimidir, bazar bağlıdır. Müraciət etdim 190 manata görə, ( İşsiz və karantində işini itirən təqribən 600 min ölkəvətəndaşına aprel və may aylarında 190 manat birdəfəlik yardım verildi. Sonrakı ayda da Masallı kimi karantinin sərtləşdirildiyi bəzi bölgələrdə bu yardımın verilməsi davam etdi-red), torpağı bəhanə gətirib vermədilər. Torpaq tələbatımızı ödəmir. Hər il əkirik, hər il də problemlərlə üzləşirik. Reyhan, cəfəri, pomidor, acı bibər əkmişdik, su olımadığına görə, batdı. Mənim ziyanımı kim ödəyəcək? Heç kim...”

“Evdə ziynət əşyalarını satmışam”

Ziynət əşyaları, arxiv foto
Ziynət əşyaları, arxiv foto

O hesab edir ki, əziyyəti onlar çəkir, xeyiri işbazlar görür :

“Təklə yeganə kənddir ki, geniş sahədə göyərti əkilir. Burda hektarlarla cəfəri sahəsi var. Cəfərini Rusiyaya da göndərirdik. Bakının bazarlarına kisələrlə göyərti göndərirdik. Bir kisə 2-3 manata. Halbuki, bazarda baş barmaq boyda cəvəri dəstəsini 10-15 qəpiyə satırlar. Adi bizim, dadı özgənindir. Bu il əkinə 3 min manata qədər xərc çəkmişəm. Yay bitir, hələ pulun yarısını çıxartmamışam. Evdə ziynət əşyalarını satmışam. Yetərli su olmadı, əkin yerlərini suvara bilmədik, batdı”

Təklə kəndində reyhan sahəsi
Təklə kəndində reyhan sahəsi

Onun deməsinə görə, əkdiyi reyhan sahəsindən cəmi 5-6 sot yer saxlaya bilib:

“Əkin sahələrini suvarmaq üçün heç bir iş görülməyib. Qışda yaxınlıqdan keçən çay su ilə dolur. Yayda biz özümüz əkin sahələrinə su veririk. Səhər saat altıdan qaranlıq çökənə qədər anamla sahədə işləyirik.”

F.Həmidov qabarlı əllərini göstərir. Deyir ki,ailəsini saxlaya bilmir, vicdan əzabı çəkir:

“Deyirlər ki, səhiyyə pulsuzdur”

Azərbaycan manatı
Azərbaycan manatı

“Arada başımdan zədə aldım. 3 dəfə əməliyyat olunmuşam. Hamsı puldur. Bu əməliyyatlara 20 min manata yaxın pul xərcləndi. Adam dəhşətə gəlir. Deyirlər ki,səhiyyə pulsuzdur. Heç nə pulsuz deyil. Dəridən-qabığdan çıxdım. Allah üzümə baxıb sağ qaldım. Kim ağır xəstələnirsə onun işi Allaha qalır. Kənddə gəncin gələcəyi sual altındadır. Ona görə imkanı olan kəndən qacır. Kənddə gənclərin asudə vaxtlarını keçirtmək üçün yer yoxdur...”

O daha sonra da deyir:

“Kəndə içməli su yoxdur. Maşınla gətirirlər. Hər ay 10-15 manat ödəyirk. Müstəqil Azərbaycanın yaşı ilə ( Azərbaycan təkrar 1991-ci ildə müstəqilliyini əldə edib-red) demək olar ki, eyni yaşdayam. Bir gün də olsun yaxşı günüm olmayıb. Deyirlər ki, yaxşı olacaq. Haçan? Söz yox ki, kəndə qədər asfalt yol çəkiblər. Vəssalam. Kənddə imkansızlıqdan ailə qura bilməyənlər çoxdur. Torpağı yox, pulu yox, evi yox. Torpağın yoxdursa kəndə nə işin var? Çox vaxtı burdan köçmək fikrinə düşürəm. Amma necə gedim? Anamı tək qoya bilmərm. İndi çoxu Rusyaya gedir. Karantinin bitməsini gözləyirəm, baxacam...”

Rəsmilər nə deyir?

Masalı rayonu
Masalı rayonu

Masallı rayonun rəsmiləri isə deyirlər ki, Təklə kəndində əkin sahələrini suvarmaq məsələsi onlardan asılı deyil. Həmin şəxslərin deməsinə görə, bu kənd suyu Cəlilabaddan alır. Hazırda Cəlilabada da su problemi yaşandığı qeyd edilir. Amma, əslində su tək bu rayonlarda problem deyil. Təqribən 1 həftə öncə, iyulun 24-də Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilmişdi. Həmin müşavirədə Baş nazirin müvini Şahin Mustafayev mövcud vəziyyəti belə dəyərləndirmişdi:

“... Xüsusilə cari ildə ölkənin su ehtiyatları sahəsində gərgin vəziyyət yaranmışdır. Hazırda əsas su anbarlarında 20,5 milyard kubmetr tutuma qarşı əvvəlki illərdən kəskin aşağı səviyyədə - cəmi 11,1 milyard kubmetr su mövcuddur ki, bunun da 8,6 milyard kubmetri ölü həcmdir...”.

Tibbi əməliyyatların pullu olması ilə bağlı Fəxrəddin Həmidovun dediklərinə gəldikdə isə, həmin fikirlərə, hələlik, Masallı Rayon Mərkəzi Xəstəxanası və Səhiyyə Nazirliyindən münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG