Çinin Huawei telekommunikasiya nəhəngi ikinci rübdə dünyada smarfton satışına görə Samsung şirkətindən önə çıxıb. “Canalys” iyulun 30-da açıqladığı hesabatda bunu daxili tələbatın artmasıyla izah edir.
Huawei ABŞ sanksiyaları altındadır, xaricdə satışı azalır. Ancaq 55,8 milyon telefon satıb. Cənubi Koreyanın Samsung şirkətinin satışı isə 53,7 milyondur.
Doqquz ildə ilk rübdür ki, bazarda Samsung, yaxud Apple liderlik eləmir.
Huawei Pekinlə Vaşinqton arasında geosiyasi qarşıdurmanın mərkəzində dayanıb. Tədqiqat şirkəti ABŞ sanksiyalarının Huawei-nin Çindən kənarda satışını “sıxışdırdığını” qeyd edir. Ancaq əvəzində ölkədaxili bazarda üstünlük qazanıb.
Satışın 70 faizdən artığı Çində gerçəkləşir
Vaşinqton bu şirkətin kibertəhlükəsizliyə ciddi təhdid yaratdığını iddia edərək onun ABŞ bazarına çıxışını bağlayıb. Üstəlik, Huawei-nin qlobal miqyasda təcridi üçün kampaniya aparıb. Şirkət həm də dünyada telekommunikasiya avadanlığı üzrə əsas istehsalçıdır.
Hazırda Huawei smartfonlarının 70 faizdən artığı Çinin daxilində satılır və Samsung bu bazarda çox kiçik paya malikdir, Canalys bildirir.
Şirkətin xaricə göndərişləri isə ikinci rübdə 30 faiz civarında azalıb.
ABŞ-dan getdikcə daha çox təzyiqlə üzləşən Britaniya ayın əvvəlində deyib ki, 2027-ci ilədək Huawei-ni 5G şəbəkəsindən uzaqlaşdıracaq. Pekinsə buna qarşı cavab addımları atmaqla hədələyir.
Bu o deməkdir ki, şirkətlər gələn ildən Huawei-dən 5G avadanlığı almağı dayandırmalı, 2027-ci ilin sonunadək mövcud avadanlığı istifadədən çıxarmalıdır.
Avstraliya və Yaponiya da Huawei-nin 5G şəbəkəsində iştirakını ya bloklayır, ya da məhdudlaşdırır.