Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 16:16

'Həyat yoldaşım keçmiş nazirə görə həbsdədir'


Sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov
Sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov

Bakı sakini Səidə Həsənova həyat yoldaşının keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırova görə həbsdə olduğunu iddia edir. Onun əri İlqar Hacıyev nazirlikdəki yarım milyon manata yaxın yeyintiyə görə həbsdədir. Xanımı nazirlikdə yeyinti olduğunu, müxtəlif adamların adlarına açılmış maaş kartlarına köçürülən pulların mənimsənildiyini təsdiqləyir. Amma həmin vəsaitlərin nazirə çatdığını deyir.

"Bizim bir sot torpaq sahəsində ikiotaqlı, 36 kvadratmetrlik evdən başqa heç nəyimiz yoxdur. Üç azyaşlı övladımla bu mənzildə yaşayıram. Həyat yoldaşım o kartlardan çıxarılan pulların hara getdiyi haqda məhkəmədə danışıb. Kartlardan çıxarılan pullardan hər ay 10 min manat Hüseynqulu Bağırova verilib. Ona görə də heç bir problem yaranmırdı. Amma yeni nazirin təyinatı ilə hər şey dəyişdi. Audit yoxlaması təyin edildi və yeyinti üzə çıxdı. Həyat yoldaşım keçmiş nazirə görə həbsdədir", – S.Həsənova belə deyir.

451 min manatlıq yeyintinin...

İ.Hacıyev nazirliyin Milli Hidrometeorologiya Departamentinin baş mühasibi olub, 2014-2018-ci illərdə bu vəzifədə işləyib. 2019-cu ilin dekabrından həbsdədir. O, CM-in 179 (mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Bu cinayət işi üzrə beş nəfər təqsirləndirilən şəxs var, yalnız biri – İ.Hacıyev həbsdədir. Departamentin sabiq rəhbəri Əkbər Həsənov və bu qurumun daha üç işçisi - Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyev barəsində istintaq və məhkəmə dövrü üçün həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Cinayət işində ümumilikdə 451 min manatlıq yeyintidən söhbət gedir.

Azərbaycanda pandemiya ilə əlaqədar təqsirləndirilən şəxslərin sayının ikidən çox olduğu işlər üzrə məhkəmə prosesləri təxirə salınıb. Ona görə də bu iş üzrə məhkəmə də xeyli vaxtdır ki, keçirilmir.

İ.Hacıyevin həyat yoldaşı prezident və vitse-prezidentə məktub yazaraq bu işi nəzarətdə saxlamalarını istəyib.

...300 min manatı ödənilib

Məhkəmə prosesində məlum olub ki, yeyinti nəticəsində büdcəyə dəymiş 451 min manatlıq ziyanın 300 mini ödənilib. Ödəyən də təqsirləndirilən şəxslərdən sabiq departament rəhbəri Ə.Həsənov olub.

S.Həsənova iddia edir ki, o pulu, əslində, keçmiş nazir H.Bağırov verib, amma Ə.Həsənovun adından ödənilib. Onun sözlərinə görə, bu üzdən Ə.Həsənov məhkəmədə həqiqəti danışmır, sabiq nazirin adını çəkmir: "Halbuki, o, nazir vəzifəsindən çıxarılmamışdan az əvvəl – 2018-ci ilin fevralında Əkbər Həsənovu çağırıb, 265 min manat pul istəyib. O da gəlib yoldaşıma deyib ki, bu pul tapılıb verilməlidir. 12 faizlə sələm götürüb, veriblər. Bir neçə ay sonra naziri çıxarıblar, o pul bunların boynunda qalıb. Əkbər Həsənovun göstərişilə saxta maaş kartlarının sayı artırılıb, çıxarılan pul da ora gedib. Bu işlərin üstü açılandan sonra yoldaşımla Əkbər Həsənov Qərb Universitetinə Hüseynqulu Bağırovun qəbuluna gedib. Onları qəbul etməyib. Köməkçisinə deyiblər ki, pulu ödəməsə, məsələni ictimailəşdirəcəklər. Bundan sonra vəkili 300 min manatı verib".

S.Həsənovanın həyat yoldaşı da məhkəmədə bu haqda danışıb.

Keçmiş nazir təkzib edir

Amma keçmiş nazir H.Bağırov ünvanına səslənən korrupsiya ittihamlarını hüquqi təmsilçisi Anar Rzayev vasitəsilə təkzib edib. A.Rzayev deyib ki, istər saxta kartlardan hər ay 10 min manat nazirə çatması, istərsə də 2018-ci ilin fevralında 265 min verilməsi haqda deyilənlər şər-böhtandır: "Baş mühasibin keçmiş ekologiya naziri Hüseynqulu Bağırov barəsində verdiyi bəyanatlar həqiqəti əks etdirmir. İttiham aktında təqdim olunan faktlar ətrafında spekulyasiyalar etməklə məsuliyyətdən yayınmaq cəhdindən başqa bir şey deyil".

A.Rzayevin sözlərinə görə, bu cinayət işində təqsirləndirilən şəxslər H.Bağırov vəzifədən ayrıldıqdan sonrakı dövrdə - 2018-ci ilin may ayından həmin ilin dekabrına qədər törədilən əməllərə görə suçlanır.

S.Həsənova isə deyir ki, həyat yoldaşıgil sələmlə götürülüb H.Bağırova verilən 265 min manatı ödəmək üçün o, vəzifədən çıxandan sonra da saxta kartlardan istifadə etmək məcburiyyətində qalıblar.

H.Bağırov 2001-ci ilin mayından 2018-ci ilədək ekologiya və təbii sərvətlər naziri postunda çalışıb.

XS
SM
MD
LG