Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 15:35

Nazir müavini: 'Serbiyadan yekun cavab gözləyirik'


X.Xələfov

"Tovuz rayonunda baş verən erməni təxribatı zamanı Serbiya silahlarından istifadə olunması ilə bağlı müvafiq danışıqlar aparılıb. Serbiya dövləti bu məsələ ilə bağlı rəsmi araşdırmalara başlayıb və biz yekun izahat gözləyirik".

Bunu AZƏRTAC-ın məlumatına görə, iyulun 23-də mətbuat konfransında Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib.

X.Xələfov qeyd edib ki, Serbiya tərəfi bu məsələnin ciddiyyətini anlayır. "Beynəlxalq hüquqda silah məsələsi ilə bağlı istehsalçı ölkə heç zaman məsuliyyət daşıma mövqeyindən azad edilmir", - nazir müavini vurğulayıb.

Nazir müavini əlavə edib ki, Azərbaycana artıq müəyyən cavablar verilib.

Bundan əvvəl isə bu məsələ ilə bağlı Serbiyanın müvəqqəti işlər vəkilinin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldığı bildirilmişdi.

Bu açıqlamaya, hələlik, Serbiya rəsmilərindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər başlayıb. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib. Son günlər Azərbaycan tərəfi bu döyüşlərdə biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb. Habelə, bir dinc sakinin də atəşkəsin pozulması nəticəsində öldürüldüyü açıqlanıb. Ermənistan tərəfi də bir neçə hərbçisinin ölməsi haqda məlumat yayıb. O da, öz növbəsində, baş verənlərə görə Azərbaycanı ittiham edir.

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib. Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.

Multimedia

XS
SM
MD
LG