Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:44

15-yaşlı qız valideynlərini qətlə yetirən 'Taliban' yaraqlılarını güllələyib


Q.Gül
Q.Gül

Gecə saat 1 imiş. Qəmər Gül də, 12-yaşlı qardaşı da, ata-anası da yatırmışlar. Qapı bərk döyülüb.

Məlum olub ki, çağırılmamış qonaqlar "Taliban" yaraqlılarıdır. Qəmərin atası qapını açmayıb. Yaraqlılar qapını sındırıb içəri soxulublar.

Qəmərin atası "Taliban"ın qeyri-rəsmi olaraq camaatdan yığdığı vergidən narazı imiş.

"Əvvəlcə anamı sürüyüb bayıra çıxardılar, onu güllələdilər. Sonra atamı da həyətdə qətlə yetirdilər", – Qəmər Gül telefonla AzadlıqRadiosuna verdiyi müsahibədə deyir.

15-yaşlı qız evdəki "Kalaşnikov" avtomatını götürüb qardaşı ilə birlikdə yaraqlıların yenidən evə girməsini gözləyir.

Yaraqlılar yenə evə soxulanda onlar atəş açıb talibançılardan ikisini öldürürlər, bir neçəsini də yaralayırlar.

Hökumətə yaxın silahlı qrup özünü yetirib uşaqları talibançılardan xilas edir, qalan yaraqlıları qovub kənddən çıxarır.

""Taliban" döyüşçülərini öldürdüyümə görə qürur duyuram. Mən valideynlərimin qisasını aldım. Son damla qanıma qədər onlarla döyüşəcəm", – deyən Qəmərlə qardaşı artıq təhlükəsiz yerə aparılıb.

Bu hadisə Əfqanıstanın mərkəzindəki dağlıq ərazidə - Qor əyalətinin Tayvara rayonunda baş verib. Hadisə iyulun 16-da baş versə də, xəbəri dörd gün sonra yayılıb.

Qor Əfqanıstanın ən qeyri-sabit bölgələrindəndir. Yerli hakimiyyət orqanları daha çox vilayət mərkəzinə nəzarət edir, "Taliban" ucqar kəndlərdə "at oynadır".

Qəmər dövlət rəhbərliyinə də müraciət edib. Təhlükəli bölgələrdə yaşayan insanları qorumağa çağırıb.

Tayvaranın qubernatoru Məhəmməd Rafiq Alam Qəmərlə qardaşını "qəhrəman" adlandırıb.

İyulun 21-də Əfqanıstan prezidenti Əşrəf Qani də Qəmərin cəsarətini alqışlayıb.

Sosial mediada insanlar Qəmərin avtomatlı şəklini paylaşıb, ünvanına xoş sözlər yazıblar.

XS
SM
MD
LG