Keçid linkləri

2024, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 05:43

TV və film prodakşnın bərpası çətinləşib


Hollivud
Hollivud

"Cəsur və gözəl" (The Bold and the Beautiful) serialı 33 il idi ki, fasiləsiz efirə çıxırdı. Ancaq COVID-19 pandemiyası mart ayında bütün Hollivudda işin dayandırılmasına səbəb olub. Yerli səhiyyə rəsmiləri iyunun 17-də yenidən film çəkməyə icazə versə də, serial yeni çətinliklə qarşılaşıb.

"The Los Angeles Times" qəzeti yazır ki, melodramın istehsalçıları ehtiyat tədbirləri görməyə məcbur olublar. Öpüş səhnələrini çəkmək üçün müqəvvalardan və aktyorların real həyatdakı partnyorlarından istifadə etməyə başlayıblar. Bundan başqa komandanın 20%-i ixtisar edilib, Los-Ancelesdəki televiziya şəhərciyində rejissorlar heyətin digər üzvlərindən şüşə örtüklə təcrid edilib. Ancaq həftədə 200 koronavirus testi etmək son dərəcə ağır və yorucu olduğundan iş yenidən dayandırılıb. Koronavirus testini yoxlayan mütəxəssislərin daha dəqiq nəticələr verən yeni laboratoriyaya köçməsindən iki gün sonra iş yenidən bərpa olunub.

Kiçik reklam və musiqi klipləri çəkilir

Filmin icraçı prodüseri və baş ssenaristi Bradley Bell qəzetə deyib ki, bu, əlavə maliyyə gərginliyi yaradır: "Biz təhlükəsiz mühitdə işlədiyimizə əmin olmaq üçün hər şeyi edirik və xərclərə qənaət etmirik".

COVID-19 pandemiyasının başlanması ilə film və TV çəkilişlərinin dayandırılmasından dörd ay keçmiş Hollivud işi bərpa etməyə can atır. Bildiyimiz kimi, çəkiliş meydançası kifayət qədər qələbəlik və çox da təmiz olmaması ilə seçilir. Yeni yoluxma hallarının qarşısını almaq üçün çox iş görmək tələb olunur. Üstəlik də, çəkiliş aparılan ərazilərin sakinləri və həmkarlar ittifaqları ilə dil tapmaq lazım gəlir.

Qəzetin yazdığına görə, hələlik başlayan çəkilişlərin çoxu, əsasən, kiçik reklam və musiqi kliplərini əhatə edir. İri filmlərin çəkilişləri üçün bəzən 100-dən çox adam bir yerə toplaşmalı olur.

TV seriallarının çoxu isə Los-Ancelesin küçələrində çəkilir. İş tam bərpa olunanda daha çox problemin meydana çıxacağı gözlənilir.

"Çox adam elə təsəvvür edirdi ki, bu, işığı söndürüb yandırmaq kimidir və hər şey sadəcə qayıdıb əvvəlki kimi olacaq. Artıq görünür ki, belə olmayacaq. Hərçənd, xüsusən də qısamüddətli prodakşnlarda, məsələn, reklamlarda, musiqi kliplərində və s. sürətin tezləşdiyini görürük", – Amerika Ekran Aktyorları Gildiyasının (SAG-AFTRA) baş əməliyyat rəhbəri və baş müşaviri Duncan Crabtree-Ireland qəzetə müsahibəsində deyib.

Son aylar ərzində həmkarlar ittifaqları və Hollivudda fəaliyyət göstərən iri studiyaların birliyi Los-Anceles dairəsinin səhiyyə rəsmiləri ilə birgə çəkiliş zamanı yeni yoluxmaların baş verməməsi üçün təhlükəsizlik qaydalarını işləyib hazırlayıblar.

Qaydalar

Yeni qaydalara görə, səhiyyə işçiləri təhlükəsizlik protokollarına əməl olunmasına nəzarət etmək üçün çəkiliş meydançasında olmalıdır. Çəkiliş vaxtları qısaldılıb. İşinə görə sosial məsafə saxlaya, yaxud maska taxa bilməyən çəkiliş heyətini digərlərindən ayıran xüsusi zonalar yaradılıb. Onlar hər üç gündən bir COVID testindən keçirilir. Sosial məsafə gözləyə və maska taxa bilənlərsə həftədə bir dəfə yoxlanılır.

Ancaq bəzi prodakşnların bu yeni qaydalara əməl etməkdə çətinlik çəkdiyi bildirilir.

2022-ci ildə ekrana çıxacağı planlaşdırılan "Songbird" trilleri Ekran Aktyorları Gildiyasından işləməmək haqda bildiriş alıb. Qurumun sözçüsü deyib ki, filmin istehsalçıları təhlükəsizlik protokolları ilə bağlı şəffaflığı təmin etməyiblər.

Bu bildirişin mənası odur ki, gildiyanın heç bir üzvü, o cümlədən filmin ulduzu Demi Moore Los-Ancelesdə aparılacaq çəkilişlərdə iştirak edə bilməyəcək. Cəmi 24 saat ərzində filmin istehsalçıları müvafiq təhlükəsizlik protokolu tərtib edib imzalayıblar. Bundan sonra gildiya bildirişini ləğv edib.

Gildiyanın daha bir neçə film istehsalçısına da oxşar bildirişlər göndərdiyi deyilir.

XS
SM
MD
LG