Ətraf mühit fəalı Greta Thunberg iyulun 20-də Portuqaliya insan haqları mükafatına layiq görülüb. O dərhal bir milyon avro dəyəri olan mükafatı ətraf mühitin qorunmasına, iqlim dəyişikliyini önləməyə boyun olub.
“Bu pul mənim təsəvvürümə gətirməyə başladığım məbləğdən çoxdur, ancaq mükafat pulunun hamısı ianə olunacaq. Fondum vasitəsilə ön cəbhədəki, iqlim və ekoloji böhranının təsirinə məruz qalmış adamlara kömək edən fərqli təşkilat və layihələrə ayrılacaq”, – isveçli yeniyetmə internetdə yerləşdirdiyi videoda deyib.
“SOS Amazonia” və “Stop Ecocide”
Bəşəriyyət uğrunda Gulbenkian Mükafatı ona “iqlim dəyişikliyi ilə mübarizəyə daha gənc nəsilləri səfərbər edə bildiyinə” görə verilib, mükafatın münsiflər heyətinin sədri Jorge Sampaio deyib.
Mükafatın ilk 100 min avrosu “SOS Amazonia” kampaniyasına gedəcək. Bu kampaniya Amazonda koronavirus pandemiyası ilə mübarizə aparır.
Daha 100 min avro isə “Stop Ecocide” Fonduna “ətraf mühitin məhvinin beynəlxalq cinayət hesab olunması uğrunda gördükləri işi dəstəkləmək” üçün ayrılacaq, Thunberg Twitter-də yazıb.
Bir milyon avro (1,1 milyon dollar) indiyədək 17 yaşlı fəalın qazandığı ən böyük mükafatdır. O daha öncə “Amnesty International” təşkilatının insan haqları mükafatına və İsveçin Nobelə alternativ hesab olunan “Right Livelihood” mükafatına layiq görülüb.
Thunberg bazar ertəsi bildirib ki, illik Gulbenkian mükafatını almaqdan “həddən artıq şərəf” duyur.
O və daha üç gənc iqlim fəalı ötən həftə AB liderlərinə müraciətdə “iqlimlə bağlı fövqəladə vəziyyətə hazır olmağa” çağırıb. Açıq məktubu 150 alim və tanınmış şəxslər imzalayıblar.