Keçid linkləri

Təcili xəbərlər
2020, 15 Avqust, şənbə, Bakı vaxtı 14:03

Ermənistana məxsus iki dron vurulub - MN


Ermənistan istehsalı olan PUA

İyulun 21-i Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus iki taktiki pilotsuz uçuş aparatının (PUA) vurulduğu bildirilir.

Bu barədə bu gün, iyulun 21-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, PUA vasitəsilə gecə saat 00:30 radələrində cəbhənin Ağdam rayonu istiqamətində, səhər saat 08:45 radələrində isə dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki Azərbaycan mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərilib.

Açıqlamaya görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri hər iki PUA-nı dərhal aşkarlayaraq dəqiq atəşlə vurub.

Məsələyə, hələlik, Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.

Bundan əvvəl Azərbaycanın işğal altındakı bölgəsində silahlı bölmələrin pilotsuz uçuş aparatı vurduqları bildirilmişdi. Bu barədə AzadlıqRadiosunun erməni xidməti məlumat yaymışdı.

Məlumatda qeyd olunurdu ki, ORBITER-3 pilotsuz uçuş aparatı (PUA) iyulun 18-i saat 06:38 radələrində kəşfiyyat uçuşu keçirərkən vurulub. Amma həmin məlumata Azərbaycan Müdafiə Nazirliyindən münasibət öyrənmək mümkün olmamışdı.

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər başlayıb. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib. Son günlər Azərbaycan tərəfi bu döyüşlərdə biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb. Habelə, bir dinc sakinin də atəşkəsin pozulması nəticəsində öldürüldüyü açıqlanıb. Ermənistan tərəfi də bir neçə hərbçisinin ölməsi haqda məlumat yayıb. O da, öz növbəsində, baş verənlərə görə Azərbaycanı ittiham edir.

Xatırlatma

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib. Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.

XS
SM
MD
LG