İyulun 20-də Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən geri çağırılaraq Mədəniyyət nazirinin birinci müavini təyin edilib.
İ.Əliyevin imzaladığı daha bir sərəncamla isə Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti ona verilib.
Azərbaycan Mədəniyyət naziri postu bu il mayın 21-dən boş qalmışdı. Həmin günə kimi o postu Əbülfəz Qarayev tutmuşdu.
Ondan bir qədər əvvəl isə Dövlət Təhlükəsizliyi Xidməti həmin nazirliyin bəzi məsul işçiləri ilə bağlı əməliyyat keçirmişdi.
Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs edilmişdilər. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmədə günahlandırılırlar.
Həmin şəxslərin bu ittihamlara münasibətini, hələlik, almaq mümkün olmayıb.