Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 14:49

Məhkəmə qərarı: 'Azəriqaz' vətəndaşa 57 min manat əsassız borc yazıb


Azəriqaz

Salyan rayonunun Qaraçala kəndində yerləşən istixananın sahibi Musa İslamov deyir ki, "Azəriqaz"ın Salyan Regional Qaz İstismar İdarəsinin əməkdaşları ona 57 min 215 manat saxta borc yazıb. Özünə də bu barədə heç bir məlumat verməyiblər. "Azəriqaz"ın rəsmi saytında elektron qaydada aylıq borcunu ödəyərkən bu rəqəmi görüb və beləcə xəbər tutub.

M.İslamovun sözlərinə görə, öncə "Azəriqaz"ın işçiləri onun istixanasına quraşdırılımış sayğacı çıxarıb aparıblar. Deyiblər ki, sayğacda problem var, aradan qaldırılmalı, ya da dəyişdirilməlidir. Uzun müddət gətirib çıxarmayıblar. M.İslamov deyir ki, sayğac olmadığına görə qaz idarəsinin işçilərinin tərtib etdiyi akt əsasında hər dəfə qazpulunu ödəyirdi. Məsələn, noyabrda 19 min 623 manat, dekabrda 15 min 893 manat, yanvarda 14 min 271 manat, fevralda 14 min 499 manatlıq ödəniş barədə akt tərtib edilib, həmin məbləğlər də ödənilib. Sonuncu ödənişdə böyük məbləğdə borcu olmasından xəbər tutub. Məlum olub ki, ona əlavə borc yazılıb.

Şikayətçi onu da bildirib ki, hər ay yoxlama aparılanda istixananın məsul şəxsi də iştirak edir, yazılan borcu vaxtında ödəyirdilər: "Bu məbləğ yazılanda da bizim iştirakımız təmin olunmalı, akt əsasında borc yazılı şəkildə bildirilməliydi".

M.İslamov bu borca görə "Azəriqaz"ı məhkəməyə verib, 57 min 215 manatlıq əlavə borcun silinməsini tələb edib.

Məhkəmədə "Azəriqaz"ın Salyan Regional Qaz İstismar İdarəsinin nümayəndəsi Xəqani Salahov deyib ki, sonradan çilingər, texnik və digər şəxslərin iştirakıyla araşdırma aparılıb. Sutkalıq orta qaz sərfiyyatı əsas götürülməklə əlavə borc hesablanıb. O, həmin borcun əsassız olması barədə M.İslamovun dediklərini qəbul etməyib. Məhkəmədən də onun iddiasının təmin edilməməsini istəyib.

Amma Şirvan İnzibati-İqtisadi Məhkəməsi M.İslamova sözügedən borcun əsassız yazıldığı nəticəsinə gəlib və onun silinməsinə qərar verib. Şirvan Apellyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxlayıb. "Azəriqaz"ın bu məsələ ilə əlaqədar Ali Məhkəməyə şikayətinə iyulun 4-də baxılıb. Ali Məhkəmə isə dövlət orqanının şikayətini təmin edərək aşağı instansiyanın qərarını ləğv edib. İş yenidən baxılması üçun təkrar Şirvan Apellyasiya Məhkəməsinə qaytarılıb.

XS
SM
MD
LG