Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:13

Sərt karantin uzadılsın, ya uzadılmasın?


Həkim: 'Kütləvi aksiyalar koronavirusa yoluxanların sayını artıra bilər'
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

Həkim: 'Kütləvi aksiyalar koronavirusa yoluxanların sayını artıra bilər'

Dünən, iyulun 16-da Prezidentin köməkçisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov COVID-19 virusuna qarşı mübarizə çərçivəsində sərt karantin müddətinin daha iki həftə uzadıla biləcəyi barədə açıqlama verib.

Azərbaycanda karantin rejimi bu il martın 24-dən tətbiq edilir. Hazırda ümumi karantin müddəti avqustun 1-nə kimi uzadılıb. Bir ara karantin sərt qaydada tətbiq edilsə də, aprelin 27-dən bu, mərhələlərlə yumşaldılmağa başlanmışdı.

Amma son aylar koronavirusa yoluxmanın artmasından sonra hökumət Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Masallı şəhərlərində və Abşeron rayonunda iyunun 21-dən ciddi karantin (evdən SMS icazəsi ilə çıxmaq və s.) rejiminin tətbiqinə qərar vermişdi. Sonrada sərt karantinin tətbiq edildiyi bölgələrə yeniləri də əlavə edildi. Bunlar Goranboy, Göygöl, Mingəçevir şəhərləri və Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki rayonları idi.

Qeyd edilən şəhər və rayonlarında sərt rejim iyulun 20-si saat 06:00-dək uzadılıb.

Sərt karantinin tətbiqində məqsədin COVID-19 virusu ilə mübarizədə uğur qazanmaq olduğu açıqlanıb. Amma dünən, iyulun 16-sı istisna olunmaqla təqribən son 25 gündə gündəlik yoluxma sayı daim 500-ün üzərində olub.

Üstəlik, iyulun 14-də orduya dəstək aksiyasından sonra bəzi ekspertlər yenidən yoluxmanın artacağından narahatdırlar.

A.Qeybulla
A.Qeybulla

"Ona görə hesab edirəm ki, karantin rejimi tətbiq olunmamalıdır"

Mövzu ilə bağlı tibb sahəsi üzrə professor Adil Qeybulla da " Turan" agentliyinə deyib ki, karantin elan edilir, amma ona əməl olunmursa, maska taxılmırsa, sosial məsafə gözlənilmirsə, avtobuslarda basa-bas qalırsa, kütləvi toplantılar varsa, bu zaman onun tətbiqinin mənası qalmır:

"Ona görə hesab edirəm ki, karantin rejimi tətbiq olunmamalıdır".

"Maska taxmağa, sosial məsafə gözlənilməsinə əməl olunmalıdır"

Ölkənin Baş infeksionisti Cəlal İsayevə görə isə, karantin müddəti uzadılmalıdır və bu, yoluxmanı azaltmaq baxımından lazımdır: "Amma bununla birgə, karantin qaydalarına, maska taxmağa, sosial məsafə gözlənilməsinə əməl olunmalıdır".

Bəzi müxalif təmsilçilərə görə, hazırda ölkədə karantindən siyasi məqsədlər üçün istifadə edilir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi AzadlıqRadiosuna deyib ki, son günlər artıq 8 cəbhəçi saxlanıb, onlara cinayət işi açılacağı gözlənilir:

S.Həzi
S.Həzi

"Bu, koronavirus ilə mübarizədən daha çox, müxalifət ilə mübarizədir"

"Görünən budur ki, bu koronavirus ilə mübarizədən daha çox, müxalifət ilə mübarizədir. Bu barədə ən yüksək səviyyədə deyilib və bu həbslər də həmin göstərişin nəticəsidir".

Bu fikirlərə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma deputat Sabir Rüstəmxanlı " Turan" agentliyinə deyib ki, onun bildiyinə görə, polis iyulun 15-i gecə Milli Məclis önündə təxribat törədənləri (Milli Məclisin binasına girmək, polis maşınını aşırmaq və s.) həbsə alır: "Odur ki, bu siyasi təzyiq deyil, əgər səhvən saxlanılanlar varsa, onlar da azad edilələr".

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 13 milyon 973 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 593 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyə kimi ümumilikdə 26 min 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 334 nəfər vəfat edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG