Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:39

Erdogan Ermənistanı ittiham edir


Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

Erdogan Dağlıq Qarabağın işğalından sonra regiondakı gərginliyin “Ermənistan tərəfdən təkrarlanan hücumlara keçməsindən” narahatlıq bildirib

Türkiyə Prezidenti Recep Tayyip Erdogan “Ermənistanın Azərbaycana hücumunu” kəskin tənqid edib.

Erdogan Azərbaycanın Dağlıq Qarabağ vilayətinin işğalından sonra regiondakı gərginliyin “Ermənistan tərəfdən təkrarlanan hücumlara keçməsindən” narahatlıq bildirib.

“Üstəlik, son hücum Dağlıq Qarabağdakı təmas xəttində deyil, iki ölkənin birbaşa sərhədində baş verir və ağır hərbi texnikadan istifadə olunub”, – Türkiyə prezidenti deyib.

“Regionda yeni qarşıdurma zonaları yaratmaq”

“Bu situasiya onu göstərir ki, bu təkcə sərhəd pozuntusu, adi qarşıdurma deyil, Azərbaycana birbaşa hücumdur. Bu hücumun Ermənistanın imkanları xaricində olması şübhəsizdir. Məqsəd Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına provokasiya yoluyla mane olmaq, regionda yeni qarşıdurma zonaları yaratmaqdır”, – Erdogan vurğulayıb.

Türkiyə dövlət başçısı Azərbaycana dəstək bildirərək deyib ki, “Türkiyə daim Azərbaycanın hüquqları, qanun və ərazisinə istənilən hücumlara tərəddüdsüz dirəniş göstərəcək”. Erdogan qeyd edib ki, qlobal və regional səviyyədə bütün siyasi, diplomatik və ictimai əlaqələrini səfərbər etməyi özünə borc bilir.

Erdogan Ermənistan hakimiyyətini öz xalqına sayqısızlıqda da ittiham edib. O qeyd edib ki, “siyasi, iqtisadi, səhiyyə, epidemioloji, infrastrukturla bağlı bir sıra həll olunmamış problemləri olan bu ölkə” belə bir hücumla ilk növbədə “öz xalqına hörmətsizlik göstərir”.

Türkiyə prezidenti çıxışında ölkəsində çalışan onminlərlə ermənistanlıya da toxunaraq əminliklə bildirib ki, onlar da “öz ölkələrinin uzağı görməyən davranışından” narahatdırlar.

Erdogan region ölkələrini “Dağlıq Qarabağın işğalından sonra Ermənistanın təcavüzkar və sabitsizlik yaradan mövqeyinə qarşı prinsipial və səmimi yanaşma sərgiləməyə” çağırıb. O qeyd edib ki, Türkiyə gələcəkdə də var qüvvəsiylə “dost və qardaş Azərbaycanı” dəstəkləyəcək.

Xatırlatma

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər başlayıb.

Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib.

Ancaq son 3 gündə Azərbaycan tərəf biri general olmaqla 11 hərbçisini itirməsi, 4 yaralı olması haqda xəbər yayıb.

Ermənistan tərəf də dörd hərbçisinin ölməsi haqda məlumat yayıb. O da öz növbəsində baş verənlərə görə Azərbaycanı ittiham edir.

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb.

Münaqişə böyüyərək müharibəyə çevrilib. 1994-cü ildə onlar arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Son toqquşmalarla əlaqədar bir sıra beynəlxalq qurumlar – ATƏT, Avropa Birliyi, ABŞ Dövlət Departamenti tərəfləri atəşkəs rejiminə qayıtmağa, danışıqları bərpa etməyə çağırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG