Keçid linkləri

Təcili xəbərlər
2020, 08 Avqust, şənbə, Bakı vaxtı 10:53

Trump Çinə sanksiyalar qanununu imzalayır


Donald Trump

ABŞ Prezidenti Donald Trump Honq Konqun muxtariyyətinə “opressiv” müdaxiləyə görə Çinə sanksiyaların tətbiqilə bağlı qanunvericiliyi və fərmanı imzalayıb.

Trump iyulun 14-də Ağ evdə mətbuat konfransında deyib ki, Honq Konqla imtiyazlı ticarət sazişinə son qoyulması haqda fərman imzalayıb.

“Honq Konqa indi Çin kimi münasibət bəslənəcək – heç bir xüsusi imtiyaz, xüsusi iqtisadi münasibət olmayacaq. həssas texnologiyalar ixrac olunmayacaq”, – Trump çıxışında deyib.

Trump Honq Konq Muxtariyyət Aktını da imzalayıb. Ötən ay bu qanunvericilik Konqresdə hər iki partiya tərəfindən dəstəklənmişdi.

Aktda Pekinin yeni təhlükəsizlik qanununu Honq Konqda tətbiq edən Çin rəsmiləri və Honq Konq polisinə sanksiyalar nəzərdə tutulur. Ən vacibi isə qanunvericilik Honq Konqun muxtariyyətinə zərbə vuranlarla işləyən banklara sanksiya tətbiqinə icazə verir.

Qərb ölkələrinin xəbərdarlıqlarına baxmayaraq, Pekin Honq Konqda bir sıra pozuntuları kriminallaşdıran yeni təhlükəsizlik qanununu tətbiq edib.

Britaniya 1997-ci ildə Honq Konqu Çinə təhvil verib, ancaq azı 50 illiyə müəyyən azadlıqlara təminat verilib.

Tənqidçilərin fikrincə, yeni qanun həmin azadlıqların sonu deməkdir. Qanunda ömürlük həbsədək cəzalar nəzərdə tutulur.

Pekinin mövqeyincə, bu addım Honq Konqda ötən ildəkinə oxşar kütləvi etirazları dayandırmaq üçün vacibdir.

XS
SM
MD
LG