İyulun 13-də ilk dəfə ölkədə COVID-19 virusundan sağalma sayı yoluxma sayını üstələdi. Operativ Qərargahın iyulun 13-ünə olan rəsmi məlumatına görə, virusa yeni yoluxanların sayı 529 nəfər, sağalanların sayı isə 547 nəfər oldu. Amma, məsələn, iyun ayının 1-də virusa 168 nəfər yoluxsa da, sağalan 80 idi. Yəni, sağalanların say iki dəfə az idi.
Bir çoxları bunu iyunun 20-dən tətbiq edilən sərt karantin rejiminin nəticəsi saysa da, bəziləri bununla razılaşmırlar.
Doktor Vasif İsmayıla görə, sağalanların sayının artması birbaşa sərt karantin rejiminin nəticəsidir və öz nəticəsini verməyə başlayıb.
Baş infeksionist Cəlal İsayevin fikrincə, indi Azərbaycanda COVID-19 virusu ilə bağlı vəziyyəti sabitləşmiş saymaq olar: "Vəziyyətin sabitləşməsi irəliləyiş ola biləcəyinə əsas verir. Sabitləşmə özü də müsbət nəticə sayıla bilər".
Professor Adil Qeybulla hesab edir ki, COVID-19-la bağlı gündəlik diqqətə çatdırılan rəsmi rəqəmlər real vəziyyəti əks etdirmir və səbəbini də belə izah edir: "Biz gündəlik mənzərəni görürük. Artıq özəl klinikalarda, gündəlik həyatda danışdığımız xəstələrin arasında ailəvi yoluxanlar kütləvi şəkildədir. Bunların çoxu həkimlərlə danışaraq qeydiyyata düşmədən evdə müalicə olunurlar".
Nazirlər Kabineti yanında Operativ Qərargahdan sərt karantin müddətinin iyulun 20-dən sonra ləğv olunacağı, yoxsa davam edəcəyi barədə indidən danışmağın hələ tez olduğunu bildirdilər.
Xatırlatma
Koronavirus infeksiyasına yoluxma ilə bağlı Azərbaycanda karantin rejimi martın 24-dən tətbiq edilib. Sərhədlər bağlanıb, ölkə içində hərəkət məhdudlaşdırılıb. Ölkədə təhsil müəssisələri bağlanıb, iri ticarət şəbəkələri fəaliyyətini dayandırıb. Toy-yas mərasimlərinin keçirilməsinə qadağa davam edir.
Karantin bir müddət yumşaldılsa da, yenidən sərtləşdirilib. Sonuncu dəfə bu müddət iyulun 20-dək uzadılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 13-də yaydığı məlumata görə, ölkədə 529 yoluxma, 546 sağalma, 7 ölüm faktı qeydə alınıb. İndiyə kimi ümumi yoluxanların sayı 24 min 570, ümumi ölüm 313, aktiv xəstə sayı 8 min 617-dir.