Keçid linkləri

Təcili xəbərlər
2020, 10 Avqust, Bazar ertəsi, Bakı vaxtı 20:48

Türkmənistan ‘toza qarşı’ maska taxmağı tövsiyə edir


Türkmənistanda avtobus

Türkmənistan hökuməti iyulun 13-də vətəndaşlara tövsiyə edib ki, “toza qarşı” maska taxsınlar. Bu ölkə koronavirusa heç bir yoluxma halının olmadığını bildirir.

Ötən həftə Dünya Səhiyyə Təşkilatının (DST) nümayəndə heyəti pandemiyaya reaksiyanı yoxlamaq məqsədilə Türkmənistana 10 günlük missiyaya gedib.

Türkmənistan koronavirusa yoluxmaların rəsmən elan olunmadığı azsaylı ölkələrdəndir.

Səhiyyə Nazirliyinin bəyanatında deyilir ki, insanlar havada “yüksək konsentrasiyada toz” olduğundan maska taxmalıdırlar. Bəyanatı dövlət xəbər agentliyi yayıb.

Əhalidən azı bir metrlik sosial məsafə saxlamaqdan da xahiş olunur, ancaq buna izah verilmir. Rəsmilər tükmənistanlılardan xahiş edirlər ki, havada qalandan sonra kondisionerlərə çox yaxın durmasınlar. Ölkədə yay temperaturu adətən 40 dərəcə Selsini ötür.

Ötən bazar ertəsindən, DST nümayəndə heyəti ölkəyə gələndən ictimai nəqliyyat və taksi sürücüləri maska taxmağa başlayıblar.

Əvvəllər polis əməkdaşları vətəndaşları maska taxmamağa çağırırdılar. Son aylar minlərlə insanın iştirak etdiyi kütləvi tədbirlərdə də maska taxan olmayıb.

Almaniya nazirindən xəbərdarlıq

Almaniyanın səhiyyə naziri isə həmvətənlərini tətil vaxtı sosial məsafə qaydalarını gözləmədiklərinə görə tənqid edib. Həftəsonu yayılmış videolarda İspaniyanın Mallorka adasında şənlənən alman turistlər görünür.

Jens Spahn bazar ertəsi deyib ki, tətilə gedənləri bir neçə aylıq karantindən sonra “səbirsizləndiyini” anlayır, ancaq cümə günü yayılmış videogörüntülər onu “çox narahat” edir. Çünki bu cür davranış şənlənən turistlər və digərləri üçün koronavirus infeksiyası riskini gücləndirir.

Spahn almanları özəl Oktoberfest partiləri təşkil etməməyə çağırıb. Bu il pandemiyaya görə rəsmi tədbir təxirə salınıb.

Almaniya yoluxmaları nəzarətə ala bilib, indiyədək ölkədə 200 minədək təsdiqlənmiş yoluxma, 9 min 71 ölüm halı qeydə alınıb. Spahn qeyd edib ki, payızda ikinci dalğanın qarşısını almaqdan ötrü ayıq-sayıq olmaq lazımdır.

Avstraliyada yeni klastrlar

Sidney sakinlərinə də bazar ertəsi qonaqlıqlara fasilə vermək xəbərdarlığı olunub. Melburnda pandemiya yenidən baş qaldırandan sonra bu şəhərdə bir pabda yeni klastr aşkarlanıb.

Sidneydə üç pab və ətraf ərazilər bağlanıb. Bu məkanlarda sosial məsafə qaydalarına əməl olunmadığı aşkarlanıb. Digər tədbirlərlə bağlı araşdırmalar gedir.

Ötən həftədən Melburnda altı həftəlik karantin elan olunub, ətraf Viktoriya əyaləti ölkənin qalan hissəsindən təcrid olunub.

Avstraliyada indiyədək 10 minədək yoluxma, 108 ölüm halı qeydə alınıb.

Son həftələr bir sıra əyalət və regionlarda yeni yoluxma ya heç qeydə alınmayıb, ya da az olub. Sonucda hərəkət və toplantılara qadağalar əsasən qaldırılıb.

XS
SM
MD
LG