Azərbaycan xəbərləri
526 nəfər yoluxub, 502 sağalıb

Azərbaycanda koronavirus xəstəliyinə yeni 526 yoluxma qeydə alınıb, 502 nəfər sağalaraq evə buraxılıb, 8 nəfər vəfat edib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 10-da verilən məlumatda belə deyilir.
İndiyədək Azərbaycanda ümumilikdə 22 min 990 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 14 min 93 nəfərin sağaldığı, 292 nəfərin vəfat etdiyi, 8 min 605 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsinin davam etdiyi deyilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 min 576, ötən müddət ərzində isə ümumilikdə 552 min 311 test aparıldığı qeyd olunur.
Poliklinikalara gündə 800-ə yaxın müraciət daxil olur
Gün ərzində poliklinikaların nəzdində yaradılmış 39 xüsusi məntəqəyə koronavirus ilə bağlı 700-800 müraciət olur.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov bildirib. Onun sözlərinə görə, bu, təcili yardımın üzərinə düşən yükü azaldıb.
"Müəyyən vaxtdan sonra təcili yardım xidməti ilə bağlı gecikmələrlə üzləşməyəcəyik", - N.Zeynalov söyləyib.
Aparat rəhbəri deyib ki, Bakıda 10 min 202 nəfər ev şəraitində müalicə alır: "Onların içərisində simptomsuz, yüngül və testi neqativ nəticə verən insanlar da var. Bu qaydanın regionlarda tətbiqinə isə hələ ehtiyac yoxdur".
Bütün xəbərləri izləyin
Kanal 11 televiziyasının rəhbəri ilə əlaqə saxlamaq mümkün olmur

Kanal 11 internet televiziyasının rəhbəri Teymur Kərimovdan dekabrın 11-i səhər saatlarından xəbər almaq mümkün deyil.
Bu barədə onun yaxınları məlumat yayıb.
Onların sözlərinə görə, axırıncı dəfə T.Kərimovla səhər saat 12 radələrində əlaqə saxlamaq mümkün olub:
"Bundan sonra onun telefonuna zəng çatmayıb. Özü də evə və dostlarla təyin olunmuş görüşə gəlməyib".
Yaxınları onun saxlandığını düşünür.
Kanal 11 internet televiziyasının yaydığı bəyanatda da T.Kərimovun saxlanıldığı güman edilir. Bu onun peşə fəaliyyəti ilə izah edilir. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından məlumat almaq mümkün olmayıb.
Azərbaycanda son 1 ayda 5 jurnalist həbs edilib. Onlar qaçaqmalçılıq və başqa qanunsuz əməllərdə ittiham edilsələr də həbslərini peşə fəaliyyətləri ilə izah ediblər.
Hərçənd, rəsmilər tez-tez ölkədə söz və mətbuat azadlıqların qorunduğunu vurğulayırlar.
COP29 2024-cü ildə Azərbaycanda keçiriləcək

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 gələn il Azərbaycanda keçiriləcək.
AZƏRTAC-ın xəbərinə görə, bununla bağlı qərar COP28-in dekabrın 11–də keçirilən plenar iclasında verilib.
COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir.
2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşüb. Sözügedən qrupa daxil olan Azərbaycanda ev sahibliyi üçün namizədliyini irəli sürmüşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstanın da namizədliklərini verdikləri bildirilirdi.
Dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş naziri Aparatının birgə bəyanatında rəsmi Yeravanın Bakının xeyrinə öz namizədliyini geri çəkdiyi açıqlanmışdı. Bundan sonra Bolqarıstanın da namizədliyini geri götürdüyü bildirildi.
Yekun olaraq dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib.
Yeri gəlmişkən Azərbaycan 1990-cı illə ( müstəqillik əldə etməsindən bir il öncə ilə ) müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaltmağı hədəflədiyini açıqlayıb.
Azərbaycan və Ukraynanın xarici işlər nazirləri görüşüb

Bugün, dekabrın 11-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, görüş Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin görüşü çərçivəsində gerçəkləşib:
“Tərəflər Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparıblar.”
Açıqlamaya görə, görüşdə habelə çoxtərəfli platformalarda əməkdaşlığın davam etdirilməsi, o cümlədən GUAM çərçivəsində bir sıra istiqamətlər üzrə fəaliyyət qeyd olunub.
1997-ci ildə yardılan GUAM-a (ölkələrin adlarının baş hərflərindən götürülüb) Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova daxildir.
2009-cu ildən həyata keçirilən Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramına isə altı keçmiş sovet respublikası (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) daxil olub.
Gürcüstan, Moldova və Ukrayna prosesin əvvəllərində Aİ ilə assosiasiya sazişi imzalayıb. Üstəlik, bu ölkələrdən Moldova və Ukrayna namizəd statusu, Gürcüstan isə bununla bağlı müsbət tövsiyə alıb. 2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb.
Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı bilinmir. Belarus isə sadəcə əməkdaşlığı dayandırıb.
Nazirlərin bu toplantısında da əməkdaşlığa aid məsələlər nəzərdən keçirilir.
Azərbaycanda karantin yenə uzadılıb
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bu barədə Nazirlər Kabineti qərar qəbul edib.
Qərarda bildirilir ki, "koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə" Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2024-cü il aprelin 2-si, saat 06:00-dək uzadılır.
Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından karantin rejimidir. Yoluxma sayından asılı olaraq rejim arada sərtləşdirilsə də, sonra yenə yumşaldılıb. Onun müddəti dəfələrlə uzadılıb.
Bu karantin çərçivəsində Azərbaycanın quru sərhədində xarici ölkələrə gediş-gəlişdə hələ də məhdudlaşdırmalar saxlanıb.
Üstəlik, ölkədə fevralın 7-də növbədənkənar prezident seçkisi keçirilməlidir.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 7 milyon civarında şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi 834 mindən çox şəxsin bu virusa yoluxduğu, onlardan 10 min 400-ə yaxın şəxsin vəfat etdiyi bildirilir. Amma son ildə bu virusa yoluxmanın kəskin şəkildə azaldığı bildirilir.
ÜST pandemiyanın keçdiyini açıqlayıb.
Dövlət sirri sayılacaq məlumatların siyahısı genişləndirilir

Bu gün, dekabrın 8-də "Dövlət sirri haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul olunub.
Dəyişikliyə əsasən, iqtisadi sahədə dövlət sirrini təşkil edən məlumatların dairəsi genişləndirilir. Ora hərbi məhsulların istehsalçıları ilə yanaşı, bu məhsulların ixracını, satışını həyata keçirən müəssisələrin maliyyə hesabatları da aid edilir.
Artıq bəzi araşdırmaçı jurnalistlər və ekspertlər bununla bağlı narahatlıqlarını dilə gətiriblər.
"Şəffaflığa məhdudiyyət gətirib gizliliyi genişləndiririksə..."
Media eksperti Ələsgər Məmmədli AzadlqRadiosuna bildirib ki, "Dövlət sirri haqqında" Qanunda adı göstərilən bütün məlumatlar avtomatik sirr olmur: "Daha sonra bunların sirr kimi məxfiləşdirilməsi lazımdır və ayrıca hansı adda informasiyalar sirr kimi dövlət sirrinə aid edilir, onların siyahısı təqdim olunmalıdır".
Ekspertin sözlərinə görə, informasiya sıxlığı şəffaflığa, o cümlədən neqativ halların azalmasına xidmət edir: "Əgər biz şəffaflığa məhdudiyyət gətirib gizliliyi genişləndiririksə, bu, əlbəttə ki, müəyyən problem yaradır. Təəssüf ki, son illər qanunvericilikdə çox sayda məhdudlaşdırmalar gətirilib".
Bakıda və Sumqayıtda zəlzələ hiss olunub
Mərkəz: Zəif afterşoklar qeydə alınır
Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, hazırda zəif afterşoklar qeydə alınır.
Qurumun açıqlamasına görə, zəlzələ yerli vaxtla saat 08:16-da qeydə alınıb. Vurğulanıb ki, zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub.
Zəlzələ ocağının dərinliyi 68 km-dir.
+++
Respublika Seysmoloji Xidmət Mərkəzi zəlzələnin 5.6 bal gücündə olduğunu, 5-3 bala qədər hiss olunduğunu bildirir. Təkanlar Siyəzən stansiyasından 60 km şərqdə, Xəzər dənizində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyi (FHN) zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət qeydə alınmadığını bildirib.
+++
Dekabrın 7-də səhər saatlarında Bakıda və Sumqayıtda zəlzələ baş verib. Təkanlar müxtəlif yerlərdə hiss olunub.
Hər hansı dağıntı, tələfat barədə açıqlama yoxdur.
İctimai fəal İlhamiz Quliyev 4 aylıq həbs olunub

Dekabrın 6-da ictimai fəal İlhamiz Quliyev barəsində Yasamal rayon Məhkəməsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Bu barədə "Turan"a onun vəkili Zibeydə Sadıqova məlumat verib.
Vəkilin sözlərinə görə, İ.Quliyev CM-in 234.4.3-cü (külli miqdarda narkotik saxlama) maddəsi ilə ittiham olunur.
Bu ittihamla 12 ilə qədər həbs cəzası verilə bilər.
Z.Sadıqova qeyd edib ki, İ.Quliyev özünü təqsirli bilmir. Onun dediyinə görə, İ.Quliyevin bədənində xəsarət izləri var: "O, məhkəmədə onları göstərib və bildirdi ki, bu xəsarət ona polislər tərəfindən yetirilib. Məhkəmə bu məsələni araşdırmaq üçün prokurorluğa göndərdi".
Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və Yasamal rayon Məhkəməsindən münasibət almaq mümkün olmayıb.
DİN-dən deyilənlər...
Daxili İşlər Nazirliyindən (DİN) "Turan"a İlhamiz Quliyevin narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilməsini təsdiqləyiblər: "Vətəndaş Quliyev İlhamiz bir qrup şəxslə əlbir olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir".
Bunu DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib. Onun sözlərinə görə, İ.Quliyevin əvvəllər daxili işlər orqanlarında xidmət etməsi ilə bağlı iddialar əsassızdır: "O, heç vaxt polis əməkdaşı olmayıb".
İ.Quliyevin saxlanarkən döyülməsi ilə bağlı deyilənlərə DİN-dən cavab almaq mümkün olmayıb.
+++
İctimai fəalın yaxınları "Turan"a deyiblər ki, o, dekabrın 4-də evinin yaxınlığında saxlanıb: "Saxlananda İlhamiz zorakılığa məruz qalıb. Onu sürüyə-sürüyə maşına aparıblar, başından vurublar".
Onların sözlərinə görə, İ.Quliyev artıq bir neçə gündür ki, izlənilirdi: "İlhamiz oktyabr ayında polisə müqavimət və xırda xuliqanlıq ittihamı ilə 30 sutka inzibati həbs olunmuşdu. Bundan əvvəl isə o, AbzasMedia-ya keçmiş polis işçisi kimi narkotiklə bağlı müsahibə vermişdi. Yəqin, indiki məsələ də həmin müsahibə ilə bağlıdır".
Vəkil Zibeydə Sadıqova da "Turan"a İ.Quliyevin şübhəli şəxs qismində saxlandığını söyləyib: "O, Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq əldə etmə,... daşıma) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb. Hazırda Yasamal rayon Polis İdarəsində saxlanır. İlhamiz Quliyev özünü təqsirli bilmir".
Həmin maddə üzrə şəxsə 3 ilə qədər həbs cəzası verilə bilər.
Xidmətə yararlı olub-olmamaq məsələsində son sözü bu qurum deyəcək...

Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yararlı, yaxud yararsız olması barədə qərar verilməsi qaydası dəyişir.
Bu, Milli Məclisin müzakirəsinə çıxarılan və dekabrın 5-də üçüncü oxunuşda qəbul olunan "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində öz əksini tapıb.
Prezident İlham Əliyev "Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" bu il oktyabrın 6-da fərman imzalayıb. İndi qanun fərmana uyğunlaşdırılır.
Fərmana əsasən, 2024-cü il iyulun 1-dən həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək. Söhbət həmin nazirliyin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən gedir.
Bu prosesin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə" altsistemi üzərindən gerçəkləşdirilməsi nəzərdə tutulub.
Mövcud qanunvericilikdə xidmətə yararlı olub-olmamaq məsələsində əsas söz sahibi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇX) nəzdində tibbi komissiyalar sayılır.
Azərbaycan və İran komandanları Xəzərdə birgə təlimdən danışıblar

Azərbaycan və İran komandanları Xəzərdə birgə təlim keçirilməsini vacib sayırlar.
Bu barədə dekabrın 5-də Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirovun bu ölkədə səfərdə olan İran İslam Respublikası Ordusunun HDQ komandanı kontr-admiral Şəhram İrani ilə görüşündə bəhs edilib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə iki ölkənin hərbi dənizçiləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub: "Hərbi qulluqçuların peşəkarlığının artırılması, eləcə də qarşılıqlı təcrübə mübadiləsi məqsədilə Xəzər dənizində birgə təlimlərin keçirilməsinin vacibliyi xüsusi qeyd olunub".
Hazırda İranla Azərbaycan arasında yaxınlıq müşahidə edilməkdədir. Halbuki yaxın aylara qədər bu iki ölkə arasında müəyyən gərginliklər yaşanmışdı.
Xatırlatma
Son illər hər iki ölkənin bir-birinin sərhədinə yaxın ərazidə hərbi təlimlər keçirməsi qarşılıqlı narazılıqlara səbəb olmuşdu. Hətta bu il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" avtomatı ilə silahlı hücum da oldu. Hədisə nəticəsində səfirliyin bir əməkdaşının həlak olduğu, ikisinin isə xəsarət aldığı açıqlandı. Bundan sonra səfirliyin işçiləri Azərbaycana təxliyə edildi.
Ardınca da Azərbaycanda bir çox həbslər oldu. Saxlananlar ən müxtəlif ittihamlarla (ən çox da narkotiklə) üzləşsələr də, hökumətə yaxın media orqanlarında onlar "İran casusu" kimi təqdim edilirdilər. Hərçənd onların yaxınları da bununla dini kəsimdən olan bir çox şəxslərin şərləndiyini dedilər. Amma son aylar hər iki tərəfin rəsmiləri bir-biriləri ilə əməkdaşlığa aid fikirlər səsləndirirlər.
Qarabağın Azərbaycan sayılmasını kriminallaşdıran layihə Ermənistanda keçmədi

Qarabağın Azərbaycan ərazisi kimi tanınmasını kriminallaşdıran layihənin Ermənistan parlamentində gündəmə çıxarılmasına imkan verilməyib.
AzadlıqRadiosunun erməni xidməti yazır ki, parlamentdə səsvermə zamanı hakim "Mülki Müqavilə" Partiyası buna qarşı çıxıb. Layihənin lehinə 27, əleyhinə isə 57 nəfər səs verib.
"Ayakve" təşkilatı tərəfindən irəli sürülən qanun layihəsi dekabrın 4-də Ermənistan parlamentinin Hüquq komitəsində gərgin müzakirələrə səbəb olub. Müzakirələr 7 saat davam edib.
Qanun layihəsi 58 min imza ilə parlamentə təqdim edilmişdi. Buna əsasən, Qarabağın Ermənistan adından başqa dövlətin ərazisi kimi tanınması, eləcə də erməni soyqırımının tanınmasından imtina kriminallaşdırılmalı idi.
Ermənistanla Azərbaycan arasında 44 günlük müharibədən sonra sülh müqaviləsi üçün danışıqlar aparılır. Tərəflər arasında sülh sazişi ilə bağlı nəticə əldə olunmasa da, onlar bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını elan ediblər.
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.
Jurnalistləri Müdafiə Komitəsi Rüfət Muradlını azad etməyə çağırır

Azərbaycan hakimiyyəti jurnalist Rüfət Muradlını azad etməli, müstəqil mətbuata təzyiqlərə son qoymalıdır. Jurnalistləri Müdafiə Komitəsi (CPJ) dekabrın 4-də belə bir bəyanatla çıxış edib.
"Kanal 13"ün aparıcısı R.Muradlı dekabrın 2-də kiçik xuliqanlıq və polisin əmrinə tabe olmamaq ittihamları ilə saxlanılıb, 30 sutkalıq həbsə məhkum edilib. "Kanal 13"ün baş redaktoru Anar Orucov jurnalistin ittihamı rədd etdiyini deyir.
Orucov bu ittihamları "Kanal 13" və digər müstəqil mediaya davam edən təzyiqin tərkib hissəsi adlandırıb.
Ötən həftə "Kanal 13"ün direktoru Əziz Orucov, noyabrın 20-dən bəri isə AbzasMedia araşdırmaçı media orqanının dörd üzvü həbs olunub.
"İki həftədən az müddətdə saxlanan altıncı jurnalist olaraq Rüfət Muradlıya ittihamlar həmkarlarınkı kimi saxta və yalandır. Azərbaycan hakimiyyəti Muradlını və digər haqsız həbs olunmuş jurnalistləri dərhal azad etməli, müstəqil xəbər işinə təzyiqi dayandırmalıdır", – CPJ-nin proqram direktoru Karlos Martines de la Serna deyib.
Ağdərə rayonu yaradılır

Milli Məclisin bu gün, dekabrın 5-də keçirilən iclasında "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında" qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib.
Sənədə əsasən, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla inzibati sərhədlər daxilində Ağdərə rayonu yaradılacaq.
Ağdərə rayonu (Mardakert) 1992-ci ildə ləğv edilmişdi. Onda onun ərazisi inzibati qaydada Tərtər, Ağdam və Kəlbəcər rayonları arasında bölüşdürülmüşdü. Bu rayon keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (1923–1991) zamanı Mardakert adlanıb.
Qarabağ münaqişəsi yarandıqdan sonra Azərbaycan, bir sıra ərazilər kimi, bu rayona da nəzarəti itirmişdi. Amma 1992-ci ildə Azərbaycan ona nəzarəti bərpa etdi. Lakin bu, bir ildən çox çəkməmişdi.
Ağdərə şəhəri bir də bu ilin sentyabrında erməni işğalından azad edilib.
Xatırlatma
1988-ci ildə başlanan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.
Gələn ilin dövlət büdcəsi qəbul edildi

Dekabrın 5-də Milli Məclis "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
Layihəyə görə, gələn ilin dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat təşkil edəcək.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, (işğaldan azad edilən ərazilərə) Böyük Qayıdış Proqramının maliyyələşdirilməsi, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin möhkəmləndirilməsi xərc istiqamətləri üzrə əsas prioritetlər kimi müəyyən edilib. O, bura "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın yerinə yetirilməsini də aid edib.
2023-cü ilin isə dövlət büdcəsinin gəlirləri 33 milyard 890.5 milyon manat, xərcləri 36 milyard 624.8 milyon manat proqnozlaşdırılıb.
Gələn ilin büdcəsində neftin bir bareli 60 dollar götürülüb. Elə bu il də bu rəqəm 60 dollar götürülmüşdü.
Blinkenin köməkçisi Azərbaycana gəlir

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen (James O'Brien) dekabrın 6-dan 8-dək Azərbaycanda və Rumıniyada səfərdə olacaq. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, dövlət katibinin köməkçisi Azərbaycan rəsmiləri ilə ikitərəfli münasibətləri möhkəmləndirməyi, eləcə də Azərbaycan və Ermənistan arasında sülhə dəstəyi müzakirə edəcək.
O'Brayen Rumıniyada taxıl ixracı sammitinə qatılacaq. Sammitdə Rumıniya, Ukrayna, Moldova və Avropa Komissiyasının yüksək vəzifəli rəsmiləri iştirak etməlidir.
ABŞ diplomatının Bakıya səfərinə necə razılıq verildi
ABŞ diplomatının Bakıya səfəri barədə razılıq noyabrın 28-də dövlət katibi Antoni Blinkenin (Antony Blinken) Azərbaycan prezidenti İlham Əliyevə telefon zəngi zamanı əldə edilib. AZƏRTAC-ın yaydığı rəsmi məlumatda deyilirdi ki, Blinken ABŞ-Azərbaycan münasibətlərinin normallaşdırılması məqsədilə köməkçisi O'Brayenin Azərbaycana səfərinə icazə verilməsini rica edib. Məlumata görə, Əliyev "Blinkenin ricasına bir şərtlə müsbət cavab verib ki, Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağan qaldırılsın". Ancaq ABŞ Dövlət Departamentindən AzadlıqRadiosunun #İzahla proqramına deyilib ki, bu məsələ ilə əlaqədar "nəzərdən keçiriləcək heç nə yoxdur".
O'Brayen noyabrın 15-də Konqresdə dinləmələrdə demişdi ki, Bakı və Yerevan arasında sülh sənədi imzalananadək Azərbaycanla münasibətlər əvvəlki kimi olmayacaq. Azərbaycan XİN isə onun dediklərini birtərəfli və qərəzli sayıb.
Son bir neçə həftədə Azərbaycanda hökumətə yaxın mediada Qərbə, xüsusilə ABŞ-a qarşı məqalələr dərc olunub. ABŞ səfirliyi noyabrın 27-də Bakıda planlaşdırılan məzun görüşünü təxirə salıb. Ötən həftəsonu ABŞ-ın Azərbaycana təyin etdiyi yeni səfir Mark Libbi (Mark Libby) Bakıya gəlib.
Sentyabrın ortasında Qarabağa nəzarətin bərpa olunması ilə nəticələnən birgünlük əməliyyatdan sonra Azərbaycanla Ermənistan arasında Qərb platformasına danışıq baş tutmayıb.
Ermənistan əsgərinin Azərbaycanla sərhəddə vurulduğunu deyir

Dekabrın 4-də Azərbaycanla sərhəddə xidmət edən ermənistanlı əsgər həlak olub. Yerevan Azərbaycanın sülh danışıqlarını pozmaq niyyəti ilə atəşkəsi pozduğunu desə də, Bakı bunu rədd edib.
Ermənistanın Müdafiə Nazirliyi hərbi qulluqçu Qerasim Arakelyanın Azərbaycanın Naxçıvan eksklavı ilə sərhəddə yerləşən Bardzruni kəndi yaxınlığındakı erməni hərbi postuna snayper atəşi nəticəsində öldürüldüyünü bildirib.
Azərbaycanın Müdafiə Nazirliyi bunu "provokativ informasiya" adlandırıb, qüvvələrinin atəşkəsi pozmadığını deyib.
Sərhəddə atışma səsləri
Bardzruni administrasiyasının başçısı Arsen Aleksanyan AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, yerli sakinlər sərhəddə atışma səsi eşidiblər. İndiyədək Azərbaycan-Ermənistan sərhədinin bu hissəsində atəşkəsin ciddi pozuntusuna nadir hallarda rast gəlinirdi.
Ermənistan XİN bəyanat yayaraq Azərbaycan tərəfinin "yeni eskalasiyanı təhrik etmək, sülh prosesini yubadaraq çıxmaza salmaq niyyəti güdən" hərəkətlərini pisləyib.
XİN Bakının Yerevanla danışıqlar üçün müxtəlif beynəlxalq oyunçuların təkliflərini davamlı rədd etdiyini deyib.
Bakı Yerevanı ittiham edir
Rəsmi Bakı isə Yerevanın özünü sülh danışıqlarını yubatmaqda ittiham edir. Azərbaycan XİN dekabrın 4-də axşam yaydığı şərhdə bildirib ki, "Ermənistan tərəfinin bu yalan açıqlaması silahlı qüvvələrində baş verən özbaşınalığı və hərc-mərcliyi ört-basdır etmək niyyəti daşıyır".
XİN Yerevanı sülh sazişi üzrə təklifləri 70 gündən artıq müddətdə yubatmaqda, indi isə "bu cür pozucu açıqlamaları" ilə normallaşma prosesinin perspektivlərinə xələl gətirməkdə suçlayıb.
Oktyabrda Azərbaycanla Ermənistan arasında Aİ-nin vasitəçiliyi ilə iki görüş baş tutmayıb. Tərəflər görüşün alınmamasına görə bir-birini ittiham ediblər. Daha sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 20-də Vaşinqtonda ermənistanlı həmkarı Ararat Mirzoyan ilə görüşə getməkdən imtina edib. Bakı Qərb dövlətlərini qərəzli davranmaqda ittiham edib, Yerevanla birbaşa danışıqlar təklif edib.
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.
Reportyorlar saxlanıb, buraxıldıqlarını deyirlər

Dekabrın 4-də reportyorlar Şəhla Kərim və Aytac Məmmədlinin çəkiliş edərkən saxlandığı bildirilir.
Bu barədə əvvəlcə onların yaxınları məlumat verib.
Jurnalistlərin Azərbaycanın cənub rayonlarından biri olan Lənkəranda saxlandığı deyilir: "Onlar çəkiliş edərkən polis tərəfindən saxlanıblar. Onlardan çəkdikləri materialları silmələri tələb edilir".
Bir qədər sonra isə Şəhla Kərim AzadlıqRadiosuna deyib ki, onları Lənkəranda vətəndaşlar arasında sorğu keçirərkən saxlayıblar: "Polislər və icra nümayəndəsi bizi Mənzil-Kommunal İstismar İdarəsinə apardılar. Bizə dedilər ki, qanunsuz fəaliyyətlə məşğulsunuz... Bildirdilər ki, vətəndaşları narahat edirsiniz, sizdən 11 şikayət daxil olub".
O qeyd edib ki, bir müddət sonra onlar sərbəst buraxılıblar, hazırda sərbəstdirlər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) və Lənkəran rayon rəsmiləri ilə danışmaq mümkün olmayıb.
ABŞ-ın yeni səfiri Bakıya gəlib

Dekabrın 2-də axşam saatlarında Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycana yeni səfiri Mark Libbi (Mark Libby) Bakıya gəlib.
O, Azərbaycan dilində mətbuata qısa açıqlama verməklə kifayətlənib və Bakıya gəlişindən çox şad olduğunu bildirib: "Mən öz etimadnaməmi təqdim etmək, ABŞ-Azərbaycan əlaqələrini inkişaf etdirmək və regionda davamlı sülh naminə çalışmaq üçün işə başlamağı səbirsizliklə gözləyirəm. Həmçinin sizin gözəl ölkənizi daha yaxşı tanımaq istəyirəm".
ABŞ Azərbaycana yeni səfir göndərir
Amerika Birləşmiş Ştatları (ABŞ) Senatı noyabrın 8-də prezident Co Baydenin (Joe Biden) diplomat Mark Libbinin (Mark Libby) bu ölkənin Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini irəli sürməsini dəstəkləyib.
Ötən ilin yayından, Li Litsenberqerin (Lee Litzenberger) bu postdan getməsindən bəri ABŞ-ın Azərbaycanda səfiri olmayıb. Bayden Libbinin namizədliyini keçən ilin mayında irəli sürüb, o vaxtdan Senat onun namizədliyini təsdiqləməmişdi.
"Onu şəxsən tanımasam da, böyük təcrübəsi var, karyeralı diplomatıdır və bu, ona Bakıda kömək edəcək", - ABŞ-ın Bakıdakı keçmiş səfiri Riçard Kozlariç (Richard Kauzlarich) "Turan"ın müxbiri ilə söhbətində deyib.
İyunun 14-də Senatda dinləmələr zamanı Libbi Qarabağla bağlı sülh danışıqları, insan hüquqları və ABŞ-Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair suallarla qarşılaşmışdı.
Libbi son vaxtlara qədər Vaşinqtondakı Milli Hərbi Kollecdə Dövlət Departamentinin fakültə məsləhətçisi vəzifəsində çalışıb.
Bundan öncə Libbi Brüsseldə Avropa İttifaqı yanında ABŞ missiyası rəhbərinin müavini olub. Varşava, Nikosiya və Bağdadda ABŞ missiyalarında siyasi məsləhətçi olaraq çalışıb.
ABŞ Dövlət Departamenti İlham Əliyevin açıqlamasına münasibət bildirib

ABŞ Dövlət Departamenti dekabrın 1-də Azərbaycanla münasibətlərə dair açıqlama ilə çıxış edib. AzadlıqRadiosu Azərbaycan xidmətinin sorğusunu cavablandıran departament bildirir:
“Biz həm Ermənistan, həm də Azərbaycanla sülhün əldə olunması məqsədilə əməkdaşlıq edirik. Biz inanırıq ki, sülh prosesi irəlilədikcə Azərbaycanla ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün imkanlar vardır”.
Noyabrın 28-də "Azərtac"ın yaydığı rəsmi məlumatda deyilirdi ki, ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
Məlumatda bildirilirdi ki, Blinken ABŞ-Azərbaycan münasibətlərinin normallaşdırılması məqsədilə köməkçisi Ceyms O’Brayenin Azərbaycana səfərinə icazə verilməsini rica edib.
Məlumata görə, Əliyev “Blinkenin ricasına bir şərtlə müsbət cavab verib ki, Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağan qaldırılsın”.
Lakin ABŞ Dövlət Departamenti sözçüsünün AzadlıqRadiosu Azərbaycan xidmətinin #İzahla proqramına açıqlamasında səfər məsələsi ilə bağlı yekun olaraq deyilir ki, bu məsələ ilə əlaqədar “nəzərdən keçiriləcək heç nə yoxdur”.
Son bir neçə həftədə Azərbaycanda hökumətə yaxın mediada Qərbə, xüsusilə ABŞ-a qarşı məqalələr dərc olunur. ABŞ səfirliyi isə noyabrın 27-də Bakıda planlaşdırılan məzun görüşünü təxirə salıb. Bundan öncə yerli mediada Birləşmiş Ştatların həmin tədbiri əslində ölkədəki "agentura"sı ilə görüşmək məqsədilə keçirdiyi iddia olunurdu.
Sentyabrın ortasında Qarabağa nəzarətin bərpa olunması ilə nəticələnən birgünlük əməliyyatdan sonra Azərbaycanla Ermənistan arasında Qərb platformasına danışıq baş tutmayıb.
Dekabrın 2-də Bakıya gələn ABŞ-ın Azərbaycana yeni səfiri Mark Libbi (Mark Libby) isə deyib ki, "ABŞ-Azərbaycan əlaqələrini inkişaf etdirmək və regionda davamlı sülh naminə çalışmaq üçün işə başlamağı səbirsizliklə" gözləyir.
1 yaşlı uşağın qızılcadan öldüyü açıqlandı

Sabirabad rayonunda bu gün, dekabrın 1-də 1 yaşlı uşağın qızılcadan vəfat etdiyi deyilir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Turan"a bildirilib ki, azyaşlı noyabrın 30-da saat 12:47 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib: "Ona qızılcanın ağırlaşmış forması, neyrotoksikoz, ensefalit, kəskin tənəffüs, ürək-damar çatışmazlığı (III dərəcə) diaqnozları qoyulub. Pasiyentin yanaşı diaqnozu qavrama zəifliyi olub".
Məlumata görə, azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib, amma həkimlərin səylərinə baxmayaraq, dekabrın 1-də saat 00:15 radələrində o, vəfat edib: "Azyaşlı doğum evində hepatit və vərəm əleyhinə peyvənd olunub".
Bu deyilənlərə uşağın valideynlərindən münasibət almaq mümkün olmayıb.
TƏBİB vətəndaşlara müraciət edərək vaksinasiyadan keçməyə çağırıb.
Yerli mediada bundan bir neçə gün əvvəl də Azərbaycanda qızılcadan ölüm halının olması ilə bağlı məlumat yayılmışdı.
Distant tədrisə keçilib
Bakıdakı 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində qızılca səbəbindən distant tədris tətbiq olunub. Dərslər 14 gün distant formada keçiriləcək.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, analoji vəziyyət, hələlik, başqa heç bir məktəbdə müşahidə edilmir.
AXCP üzvünün narkotik ittihamı ilə həbs olunduğu bildirilir

AXCP üzvü Elnur Həsənov barəsində Xətai rayon Məhkəməsinin noyabrın 30-da verdiyi qərar ilə 3 ay müddətinə həbs-qətimkan tədbirinin seçildiyi bildirilir.
Bu barədə AXCP-dən məlumat verilib.
Məlumatı, hələlik, məhkəmənin özündən dəqiqləşdirmək mümkün olmayıb.
***
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) noyabrın 28-də saxlanılan üzvü Elnur Həsənov barəsində CM-in 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə cinayət işi açılıb.
"İttihamlar saxtadır. Elnur Həsənov ardıcıl olaraq Dövlət Yol Polisini tənqid etdiyinə görə şərlənib", - AXCP-dən bildirilib.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən "Turan"a E.Həsənov barəsində cinayət işinin başlanmasını təsdiqləyiblər. Amma nazirlikdən əlavə heç nə bildirilməyib. Buna qədər DİN insanların siyasi fəaliyyətinə görə şərlənərək həbs edilməsi ilə bağlı müxalif düşərgədə səslənən şikayətləri əsassız sayıb.
AXCP üzvü saxlanıb
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən "Turan"a Elnur Həsənovun saxlanılması ilə bağlı xəbəri təsdiqləyiblər. Qurumdan qeyd edilib ki, araşdırma aparılır, amma əlavə məlumat verilməyib.
+++
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elnur Həsənov noyabrın 28-də saxlanılıb.
Bu barədə partiyadan məlumat verilib.
Məlumata görə, E.Həsənovu günorta saatlarında Bakıda avtomobil ehtiyat hissələri dükanında mülki geyimli şəxslər tutaraq aparıblar.
Vurğulanıb ki, fəal son vaxtlar sosial şəbəkələrdə Dövlət Yol Polisinin fəaliyyətini kəskin tənqid edirdi və saxlanmanın səbəbi bu ola bilər.
E.Həsənov bu ilin əvvəlində xuliqanlıq və polisə tabe olmamaqda ittiham edilərək 30 sutka həbs cəzası almışdı. Onda onun ittihamla razılaşmadığından bir neçə gün aclıq aksiyası da keçirildiyi bildirilmişdi.
Müxalifətdə olan AXCP-nin hazırda beşədək üzvü müxtəlif ittihamlarla uzunmüddətli həbsdədir. AXCP onların siyasi sifarişlə şərləndiyini bildirir. Amma rəsmilər ölkədə siyasi həbslərin olmadığını deyirlər.
Avropa Məhkəməsi Əli İnsanovun şikayəti ilə bağlı qərarını verib
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) noyabrın 30-da Azərbaycandan göndərilmiş ərizələrlə bağlı 10 yekun qərardadını elan edib. Onlardan bəziləri siyasətçilərin şikayəti ilə bağlıdır.
Bu barədə hüquqşünas Xalid Ağalıyev məlumat verib.
Ərizələrdən biri keçmiş səhiyyə naziri, hazırda Haqq Ədalət Partiyasının sədri Əli İnsanova aiddir. O, həbsdə olarkən-2016-cı ildə əlavə qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi və cəzaçəkmə müəssisəsinin əməkdaşına zorakılıqla müqavimət göstərməkdə ittiham olunub. Nəticədə onun həbs müddəti uzadılıb. Apellyasiya instansiyası də həmin qərardan verilmiş şikayətləri rədd edib.
Hüquqşünasın vurğulamasına görə, "bu işdə tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən, ərizəçiyə mənəvi zərər əvəzi 6600, hüquqi xərclər üçün 1500 avro ödəniləcək".
Ə.İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunsa da, sonradan məhkəmə qarşısına vəzifə cinayətləri ittihamı ilə çıxarılıb. Dövlət əmlakının qanunsuz özəlləşdirilməsi, mənimsəmə kimi ittihamlarla 11 il azadlıqdan məhrum edilib. O, ittihamları qəbul etməyib. 2016-cı ilin avqustunda – cəza müddətinin başa çatmasına az qalmış Ə.İnsanov haqqında psixotrop dərmanlar saxlama və s. ittihamlarla yeni cinayət işi başlanıb, cəza müddəti daha 7 il uzadılıb.
Ə.İnsanov 2019-cu ilin martında prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Həbsdən buraxıldıqdan bir müddət sonra siyasi partiya yaratmaq qərarı verib. Onun tərəfdarları ilə yaratdığı Haqq Ədalət Partiyası dövlət qeydiyyatından keçib.
Afiəddin Məmmədov səhhətindən şikayət edir

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan sədri Afiəddin Məmmədovun sağlamlığında problem yarandığı bildirilir.
Vəkil Zibeydə Sadıqova bildirib ki, A.Məmmədov sümüklərin və bədənin sağ tərəfinin kəskin ağrılarından şikayət edir: "Afiəddin deyir ki, bununla bağlı artıq iki həftədir həkim müayinəsi və müalicə müəssisəsinə köçürülməsi üçün müraciət etsə də, müraciətə baxılmır".
A.Məmmədov hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.
Vəkilin bu açıqlamasına, hələlik, Penitensiar Xidmət və başqa uyğun rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
A.Məmmədov bu il sentyabrın 20-də həbs olunub. Ona qarşı CM-in 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
A.Məmmədov özünü təqsirli bilmir və həbsini fəaliyyəti ilə əlaqələndirir. Amma rəsmilər, bir qayda olaraq, deyirlər ki, hüquq-müdafiə fəaliyyətinə görə ölkədə hər hansı təzyiqlər yoxdur.
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının daha iki üzvü - Elvin Mustafayev və Ayxan İsrafilov da həbsdədir. Onlara qarşı CM-nin 234.4.3-cü (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq əldə etmə və ya saxlama - küllü miqdarda) maddəsi ilə cinayət işi açıldığı deyilir. Onların da ittihamları qəbul etmədikləri bildirilir.
Mingəçevirdə zəlzələ olub

Bugün, noyabrın 29-da Azərbaycanın Mingəçevir şəhərində zəlzələ olub.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla 19:50-də qeydə alınıb.
Məlumatda deyilir ki, “zəlzələ Mingəçevir, Gəncə, Yevlax , Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub”.
Hələlik, dağıntı və təlafat haqqında məlumat verilmir.
Qarabağ Universiteti yaradılır

Xankəndidə Qarabağ Universiteti yaradılıb.
Prezident İlham Əliyev noyabrın 28-də bununla bağlı sərəncam imzalayıb.
+++
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə qısa müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda Rusiya hərbçiləri yerləşdirilib.
Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Hazırda Xankəndi və Qarabağın digər ərazisində az sayda əhali qaldığı bildirilir.
Rza Səfərsoy həbs edilib

ALÖV Partiyasının sədri, Qarabağ müharibəsinin keçmiş iştirakçısı Rza Səfərsoy həbs olunub. Onun barəsində CM-in 228-ci (Qanunsuz olaraq silah..., partlayıcı maddələr... əldə etmə,.. satma) maddəsi ilə cinayət işi qaldırılıb.
Yaxınları R.Səfərsoyun həbsini onun tənqidi çıxışları ilə əlaqələndiriblər. Onların sözlərinə görə, R.Səfərsoy noyabrın 25-də saxlanıb, daha sonra isə Binə qəsəbəsindəki evində axtarış aparılıb: "Heç bir sənədləşmə aparılmadan Rza bəyə məxsus kompüter, mobil telefon götürülüb. Daha sonra özü Xəzər rayon Polis İdarəsinə aparılıb".
"Turan"ın xəbərinə görə, Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev R.Səfərsoya qarşı qeyd olunan maddə ilə cinayət işi açıldığını təsdiqləyib.
Xatırlatma
R.Səfərsoy 2018-ci ildə Facebook səhifəsində bəzi statuslarına görə CM-in 214-2 (terrorçuluğa açıq çağırışlar) və 281.1-ci (dövlət əleyhinə açıq çağırışlar etmə və ya bu məzmunlu materiallar yayma) maddələri ilə təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilmişdi. O, hökmdən apellyasiya şikayəti verərək bəraət istəmişdi. 2019-cu il fevralın 11-də şikayət qismən təmin olunub, R.Səfərsoyun cəzası 2 ildən 7 ay 2 günə endirilib. O, həmin gün cəza müddəti tamam olduğuna görə məhkəmə zalından azadlığa buraxılmışdı. R.Səfərsoy ittihamı qəbul etmirdi.
ALÖV Partiyası dövlət qeydiyyatına alınmayıb.