Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:58

Dinc etirazlarda onlarla jurnalist saxlanıb


Moskvada etiraz, arxiv fotosu
Moskvada etiraz, arxiv fotosu

Human Rights Watch (HRW) insan haqları təşkilatı Rusiyanı onlarla jurnalistə qarşı həbs və cərimə ittihamlarını ləğv etməyə çağırıb. Jurnalistlər peşə fəaliyyətinə görə cinayət təqibinə məruz qalmış həmkarları ilə həmrəylik göstərdiklərinə görə saxlanıblar.

Nyu Yorkda mənizllənən qurum iyulun 10-da Rusiya hakimiyyətini etirazçılar və digər jurnalistlərə qarşı ittihamları dərhal ləğv etməyə, ifadə azadlığı və dinc etirazlara görə repressiyanı dayandırmağa səsləyib.

“Rusiyada müstəqil jurnalistlər illərdir hücuma məruz qalırlar, son vaxtlar isə cinayət təqibi repressiyanı yeni səviyyəyə qaldırıb”, – HRW-da Rusiya üzrə araşdırmaçı Damelya Aitkhozhina bəyanatında deyib.

Qurum bildirir ki, bir çox hallarda polis ictimai toplantılarla bağlı qaydalardan həbs üçün əsas kimi istifadə edib. Bəzi hallarda isə koronavirus pandemiyasının yayılmasını önləmək üçün tətbiq olunmuş səhiyyə qaydalarına əl atılıb.

“Polis yalandan bəzi etirazçıların qaydaları pozduğunu iddia edib, ancaq bir çox hallarda saxlanmış etirazçılar içi dolu, zəif ventilyasiyalı polis maşınlarına doldurulub ki, bu zaman sosial məsafə saxlamaq mümkün olmayıb”, – HRW bəyanatında vurğulayır.

Aitkhozhina-nın sözlərinə görə, adamların dinc etiraz etməsini təmin etmək öhdəliyini yerinə yetirmək əvəzinə hakimiyyət onları ”sərbəst toplaşma ilə bağlı məhdudlaşdırıcı qaydaları pozmaq adıyla saxlayıb, təcridxanada onları yoluxma riski qarşısında qoyub.

Saxlananlar və ittihamlar

İyulun 3-də Moskvada Federal Təhlükəsizlik Xidmətinin (FSB) qərargahı qarşısında 17 nəfər saxlanıb. Onlar jurnalist Svetlana Prokopyeva-nın mühakimə olunmasına etiraz ediblər. Bu iş ifadə azadlığına hücum kimi tənqid olunur.

Saxlananların çoxu jurnalistlər olub.

Ertəsi gün Prokopyeva-nın məhkəməsi keçirilən Pskov şəhərində iki jurnalist saxlanıb.

İyulun 7-də isə FSB-nin Moskvadakı binası qarşısında 28 jurnalist və fəal saxlanıb. Onlar keçmiş araşdırmaçı jurnalist Ivan Safronov-un vətənə xəyanətdə ittiham olunmasına etiraz ediblər.

HRW bu üç etirazın tamamilə dinc keçdiyini, nümayişçilərin sosial məsafəni gözləyərək təkadamlıq piketlər keçirdiyini vurğulayır.

Qanunla etirazçı hakimiyyəti öncədən xəbərdar etmədən təkadamlıq piket keçirə bilər.

HRW etirazçıların buraxıldığını, ancaq onlara qarşı administrativ ittihamlar irəli sürüldüyünü bildirir. İttihamlar sərbəst toplaşma qaydalarının pozulması ilə bağlıdır, maksimum 20 min rubladək (280 dollar) cərimə, yaxud 40 saatadək icbari iş nəzərdə tutulur.

Paytaxtda saxlanan azı iki nəfər maksimum 300 min rubl (4 min 200 dollar) cərimə, yaxud 200 saatlıq icbari iş, yaxud 30 günlük həbs cəzası ala bilər. Onlardan biri jurnalist Ilya Azar-dır.

Moskvada azı bir etirazçı və Pskovda saxlanmış iki jurnalist sosial məsafə gözləməməkdə ittiham olunur, 30 min rubladək (420 dollar) cərimə cəzası kəsilə bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG