Birləşmiş Ştatlar koronavirusla mübarizədə daha bir çətin və problemli dövr yaşayır, gündəlik yoluxmalarda yeni rekord qeydə alınıb, bir gündə ölənlərin sayı isə mini keçib.
Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Anthony Fauci deyib ki, yoluxma və ölüm hallarında artım bir çox ştatların yoluxmaların azalmasını gözləmədən biznesləri açması, evdə qalmaq göstərişlərini yüngülləşdirməsindən sonraya təsadüf edir.
“Çox çətin və problemli dövr yaşayırıq”, – Fauci “The Hill” media orqanının təşkil etdiyi telekonfransda deyib və bir çox ştatların orta göstəriciləri aşdığını vurğulayıb.
Hazırda 50 ştatın 41-də yoluxmalar sürətlə artmaqdadır. Əhali sayı yüksək Kaliforniya, Texas və Florida ən çox ziyan görənlər sırasındadır. Artıq xəstəxanalar dolub və bir çox ştatlar təkrar açılım qərarlarını geri götürürlər.
Fauci deyib ki, yoluxmaların güclü olduğu ştatlar açılım prosesini davam etdirməməlidirlər. Ancaq o, tam karantinə də çağırmayıb.
Günə 65 min yoluxma
İyulun 9-da Birləşmiş Ştatlarda bir günə rekord göstərici – 65 min yoluxma qeydə alınıb. İndiyədək ölkədə 3,1 milyon yoluxma təsdiqlənib, 133 mindən çox xəstə dünyasını dəyişib.
Prezident Donald Trump bir daha qeyd edib ki, yoluxmaların artması testlərin genişləndirilməsi ilə bağlıdır. Prezident tvitində yazıb ki, digər ölkələrlə müqayisədə indi ABŞ-da “daha böyük və daha yaxşı” testlər gerçəkləşdirilir.
Avstraliya Melburn metropolitanında yaşayanları ictimaiyyət arasında maska taxmağa çağırıb. Viktoriya ştatında gündəlik 288 yeni yoluxma qeydə alınıb.
Boliviyanın aralıq dövr prezidentində də koronavirus aşkarlanıb. Jeanine Anez indiyədək virusa yoluxmuş ölkə liderləri – Braziliya Prezidenti Jair Bolsonaro, Britaniyanın Baş naziri Boris Johnson ilə bir sıraya qoşulub.
Anez Twitter-də yazıb ki, “yaxşıdır”, təcriddən işləməyə davam edəcək. Boliviyada indiyədək 43 minədək yoluxma, 1500-dən çox ölüm qeydə alınıb.
DST araşdırma aparır
Dünya Səhiyyə Təşkilatının (DST) iyulun 9-da bildirməsinə görə, yeni koronavirusun müəyyən şəraitdə havayla keçdiyini “istisna edə bilməz”.
DST qeyd edir ki, koronavirusun “xüsusilə zəif ventilyasiyalı qapalı məkanlarda” aerozollar vasitəsilə yayıla bilməsini araşdırır.
Bu həftə yayılan məlumatlarda virusun restoranlar, xor və fitnes mərkəzləri kimi məkanlarda havayla yayılması ehtimalı səsləndirilib.
Ancaq hələlik, koronavirusun aerozollar vasitəsilə necə yayıldığı aydın deyil.
Virus ötən ilin sonunda Çində peyda olandan bəri dünyada 12,2 milyon nəfərin ona yoluxduğu, 554 mindən çox xəstənin vəfat etdiyi bildirilir.