Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 04:51

Pandemiya dövründə rusiyalıların gəliri azalıbmı


Moskva, arxiv fotosu
Moskva, arxiv fotosu

Kreml koronavirus pandemiyası səbəbindən rusiyalıların gəlirinin azalması xəbərlərinə reaksiya verib. Prezidentin mətbuat katibi Dmitry Peskov deyib ki, sorğuda çox adam iştirak etməyib və buna görə də ölkədəki vəziyyət barədə nəticə çıxarmaq düzgün deyil, RBK portalı sözçüyə istinadla yazır.

“Rosqosstrax Jizn” sorğu şirkəti və “Perspektiv” elmi-texniki mərkəzinin birgə sorğusuna görə, pandemiya dövründə orta aylıq gəliri 15 min rubldan aşağı olan rusiyalıların payı 45 faizədək qalxıb. Həddən artıq yoxsul, yəni 5 min rubldan az pula dolanan rusiyalıların sayı da eyni zamanda artıb.

Hər beş respondentdən biri Rusiyada koronavirus pandemiyası başlanandan gəlirlərində ciddi azalma baş verdiyini deyiblər. Hər 10 nəfərdən biri isə gəlirini tamamilə itirib.

Real əməkhaqqında 2 faiz azalma

Rəy sorğusunda 1500 nəfər iştirak edib. Sorğu fevralda – karantin məhdudiyyətlərindən qabaq və iyunda – bir çox regionlarda qadağalar yumşaldılandan sonra keçirilib.

Sorğuya Rusiya hökuməti də reaksiya verib. İqtisadi inkişaf nazirliyi orta nominal əməkhaqqı barədə statistika komitəsinin məlumatını əsas gətirib. Apreldə bu məbləğ 49,3 min rubl təşkil edib. Apreldə real əməkhaqqının 2019-cu ilin aprelin ilə müqayisədə 2 faiz azaldığı bildirilir.

Koronavirus böhranının pik dövründə müxalifətçilər və aparıcı iqtisadçılar hökuməti maliyyə yükünü azaltmaqdan ötrü əhaliyə birbaşa ödənişlər verməyə çağırırdı. Alfa-bankın Makroiqtisadi təhlil mərkəzinin ekspertləri əhaliyə birbaşa maliyyə dəstəyinin ÜDM-nin 0,3 faizini təşkil etdiyini bildirib.

Sonradan Prezident Vladimir Putin uşaqlı vətəndaşlara birbaşa ödənişləri açıqladı. İlk dəfə ödənişlər mayda – qeyri-iş günləri rejimi başa çatanda, ikinci dəfə isə konstitusiyaya dəyişikliklərə səsvermə öncəsi açıqlandı.

Hazırda Rusiyada 706 mindən çox yoluxma təsdiqlənib, 11 minə yaxın xəstə vəfat edib.

XS
SM
MD
LG