İyulun 9-da Pentaqon liderləri Konqresdə ifadə verəcək, bir sıra ziddiyyətli məqamlarla bağlı sualları cavablandıracaq. Ağ ev yaxınlığında ötənaykı etirazların yatırdılması da bu sıraya daxildir. Etirazlar afroamerikalı George Floyd-un ağdərili polisin əlində ölməsinə qarşı keçirilirdi.
Müdafiə naziri Mark Esper, Baş Qərargah rəisi, General Mark Milley Nümayəndələr Palatasının Silahlı Xidmətlər Komitəsində ifadə verməlidir.
Foto mübahisəsi
Prezident Donald Trump iğtişaşları qətiyyətlə yatırmağa, hətta Vaşinqtonda Milli Qvardiya əsgərlərinin də buna cəlbinə çağırmışdı. Prezident iyunun 1-də Esper və Milley ilə birlikdə foto yerləşdirəndən sonra tərəflər arasında ziddiyyət yaranıb.
İki hərbi lider prezident Ağ evdən çıxanda onunla birgə qarşı tərəfdəki tarixi kilsəyə getmişdi. Onlar daha sonra hərəkətlərinə görə üzr istəyiblər, foto çəkilişində iştirakın düzgün addım olmadığını deyirdi.
Ziddiyyət də ona görə yaranmışdı ki, Trump-ın həmin gəzintisindən öncə Milli Qvardiya əsgərləri digər hüquq-mühafizə əməkdaşları ilə birlikdə etirazları gözyaşardıcı qaz və səs qumbarası ilə yatırmışdılar. Bundan sonra Pentaqon hərbi resurslardan nə dərəcədə düzgün istifadə olunması üzrə təhqiqat başlatdı.
Esper və Milley Konfederasiya Ordusu zabitlərinin adlarının ABŞ ordusu bazalarından götürülməsi, Konfederasiyanın digər simvollarının qadağan olunmasıyla bağlı sualları da cavablandıracaqlar. Trump bu addımlara qarşı olduğunu bildirir. Bəziləri isə Amerika Vətəndaş Müharibəsi dövründə ayırıcı Konfederasiyanı yada salan heykəllərin, digər simvolların götürülməsinə çağırır.
Floyd son dəqiqələrində nə deyib
Mayın 25-də Floyd-un Minneapolisdə ölümü ölkə boyunca, eləcə də dünyanın müxtəlif yerlərində irqçilik və polisin afroamerikalılarla rəftarına qarşı etirazlara yol açdı.
İyulun 8-də Floyd-un ölümünün son dəqiqələri barədə yeni detallar üzə çıxıb. Polis əməkdaşı Derek Chauvin dizini onun boynuna sıxaraq 9 dəqiqəyədək bu şəkildə saxlamışdı. Floyd 20 dəfədən çox deyib ki, nəfəs ala bilmir, övladlarını, mərhum anasını çağırıb.
“Anacan, səni sevirəm. Uşaqlarına deyin ki, onları sevirəm. Ölürəm”, – Floyd deyib. Bu məlumat polis əməkdaşlarının bədən kamerasındakı yazılardan çıxan transkrpitdən bəlli olur. Transkript Minnesotada məhkəməyə təqdim olunub.
Floyd-un son sözləri belə olub: “Onlar məni öldürürlər. Onlar məni öldürürlər. Nəfəs ala bilmirəm”.
Polis əməkdaşları Floyd-u həbs edəndə isə o yalvarır ki, onu polis maşınına basmasınlar, qapalı məkan fobiyası var və fiziki stress yaşayır.
Polislər isə Floyd-u “rahat olmağa” çağırır, hər şeyin “yaxşı” olduğunu deyirlər.
Floyd-un ölümündən bir gün sonra Chauvin və digər əməkdaşlar işdən çıxarılıb, onlara ölümlə əlaqədar ittiham irəli sürülüb. Onların hər birini 40 ilədək həbs gözləyir.