Keçid linkləri

Təcili xəbərlər
2020, 12 İyul, bazar, Bakı vaxtı 00:08

Həmsədrlər bəyanat yayıb


E.Məmmədyarov və Z.Mnatsakanyan

ATƏT-in Minsk qrupu həmsədrləri – Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endrü Şofer Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 29-30 iyun tarixlərində keçirdiyi videokonfrans barədə bəyanat yayıb. Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan ilə regionda ictimai səhiyyənin vəziyyətini, Dağlıq Qarabağ münaqişəsindəki mövcud dinamikanı, sülh prosesində növbəti addımları müzakirə ediblər. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də müzakirələrdə iştirak edib.

Həmsədrlər sülh və danışıqlar üçün əlverişli mühitin yaradılması və qorunub saxlanmasının vacibliyini vurğulayıblar. Onlar mövcud nisbi sabitliyi müsbət dəyərləndirib, tərəflərin eskalasiyadan yayınmaqdan ötrü birbaşa kommunikasiya əlaqələrini saxlamasından məmnunluq ifadə ediblər. Həmsədrlər 2019-cu il 9 mart bəyanatlarına istinad edərək bildiriblər ki, son təxribatçı, qızışdırıcı ritorika və mümkün addımlar mövcud vəziyyəti dəyişə, sülhyaratma prosesinə zərbə vura bilər.

Həmsədrlər münaqişənin hərbi yolla həlli olmadığını vurğulayıblar. Onlar tərəfləri atəşkəsi möhkəmləndirmək üçün əlavə addımlar atmağa, əhalini sülhə hazırlamağa çağırıblar. Onlar ATƏT-in şəxsi nümayəndəsinin rəhbərliyi altında monitorinqlərin bərpasının vacibliyi vurğulayıblar.

Həmsədrlər və xarici işlər nazirləri iyulda birlikdə daha bir videokonfrans keçirməyi və mümkün qədər tez görüşməyi razılaşdırıblar.

Azərbaycan və Ermənistan nazirləri danışıb

İyunun 30-da Azərbaycanla Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk qrupunun həmsədrləri və bu qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə videokonfrans formatında görüşü baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Məlumata görə, bir saat davam edən videokonfrans zamanı tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini müzakirə ediblər.

"…Elmar Məmmədyarov Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən infrastruktur dəyişiklikləri məsələsini qaldırdı. Həmsədrlər son zamanlar aqressiv ritorikanın artdığını qeyd etdilər. Nazir Elmar Məmmədyarov Ermənistanın təxribat xarakterli hərəkətlərinin ritorikanın alovlanmasına gətirdiyini vurğuladı", - XİN bildirir.

Açıqlamaya görə, tərəflər qarşıdan gələn ay ərzində Minsk qrupu həmsədrlərinin vasitəçiliyi və iştirakı ilə Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin növbəti videokonfrans formatında görüşünün təşkilinə razılaşıblar: "Həmçinin, həmsədrlər nazirlərin birbaşa təmaslarının imkan olan ilk fürsətdə təşkili imkanlarını araşdıracaqlarını qeyd etdilər".

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb.

Münaqişə böyüyərək müharibəyə çevrilib. 1994-cü ildə onlar arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır.

ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir. Koronavirus pandemiyası ilə bağlı son belə müzakirələr videokonfrans formatında aparılır.

XS
SM
MD
LG