Keçid linkləri

2024, 11 Sentyabr, çərşənbə, Bakı vaxtı 12:56

Bəzi ştatlar qadağaları yumşaltmağı dayandırır


Arxiv fotosu
Arxiv fotosu

İyunun 25-də Birləşmiş Ştatlarda bir günə COVID-19-a yenə rekord sayda yoluxma aşkarlanıb. Bəzi ştatların rəsmiləri isə bizneslərin yenidən açılması, evdə qalmaq göstərişlərinin qaldırılması qərarlarına yenidən baxmağa başlayıblar.

İyunun 25-dək 24 saat ərzində ABŞ-da 37 min yoluxma qeydə alınıb.

Minlərlə yeni yoluxma halı Texas ştatının payına düşür. Nəticədə ştat qubernatoru qadağaların yumşaldılmasını müvəqqəti dayandırıb. 29 milyon əhalisi olan bu ştat koronavirus pandemiyasına görə bağlanmış bizneslərin, obyektlərin yenidən açılması məsələsində öndə gedirdi.

“Bu müvəqqəti fasilə ştatımızın xəstəliyin yayılmasını cilovlamasına, bizim biznesin açılmasının növbəti mərhələsinə təhlükəsiz keçməyimizə kömək edəcək”, – qubernator Greg Abbott bəyanatında deyib.

Texasda artıq 13-cü gündür rekord sayda xəstə qeydə alınır.

Oreqon və Yuta ştatları da qadağaların qaldırılması ilə bağlı bəzi qərarların icrasının dayandırıldığını bildiriblər.

Son həftələr qərb və cənub ştatları yoluxma və ölümlərin mərkəzinə çevrilir. Nyu Yorkda isə ölü sayı azalmaqdadır. İndiyədək Nyu York şəhərində xəstəlikdən 31 mindən çox ölən qeydə alınıb.

20 milyondan çox amerikalı

İyunun 25-də verilən rəsmi açıqlamaya görə, 20 milyondan çox amerikalı koronavirusa yoluxmuş ola bilər, yəni rəsmi statistikadan 10 dəfə artıq. Xəstəliklərə Nəzarət və qarşısının Alınması Mərkəzi (CDC) bildirib ki, bu, bir çox adamın xəstəliyi simptomsuz keçirərək onu yaydığını göstərir.

Dünyada pandemiya 480 mindən çox insanın həyatına son qoyub. Hazırda virus Latın Amerikasında tüğyan edir. Braziliyada 55 minə yaxın ölüm, 1,2 milyon yoluxma qeydə alınıb, Meksikada ölü sayı 25 mini keçib.

Dünya Səhiyyə Təşkilatı Avropanın hələ virusdan təmizlənmədiyi xəbərdarlığını edib. 11 ölkədə xəstəliyin yayılmasının sürətləndiyi bildirilir, Azərbaycan da bu ölkələr sırasındadır.

Azərbaycanda indiyədək ümumilikdə 14 min 852 nəfərin koronavirus infeksiyasına yoluxduğu aşkarlanıb. Virusa yoluxanlardan vəfat edənlərin ümumi sayı 180-nə çatıb.

Artıq Lissabonun bəzi hissələri qapadılıb. Daha öncə Almaniyanın qərbində iki vilayətdə karantin elan olunub.

İyunun 25-də İranda koronavirusdan ölü sayı 10 mini keçib. Səhiyyə rəsmiləri artıq yeddinci gündür ölkədə 100-dən artıq xəstənin vəfat etdiyini deyiblər.

Ötən il virusun peyda olduğu Çin isə Pekində pandemiyanı nəzarətə aldığını bildirib. Paytaxtda ikinci dalğanın başlaya biləcəyi sarıdan narahatlıq vardı.

XS
SM
MD
LG