2018-ci ildə dünyada 269 milyonadək insan narkotiklərdən istifadə edib. Bu, 2009-cu ildəkindən 30 faiz çoxdur. 35 milyon nəfər isə narkotiklərlə bağlı pozuntulardan əziyyət çəkib. İyunun 25-də BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi Dünya Narkotika Hesabatını yayıb.
Hesabatda COVID-19 pandemiyasının narkotik maddələr bazarına təsiri də araşdırılır, hələlik, bu təsirin tam bəlli olmadığı bildirilir. Sərhədlərin bağlanması və digər qadağalar artıq narkotik maddələrin küçə alverini azaldıb. Bu da öz növbəsində qiymət artımına və keyfiyyətin saflığına təsir göstərib.
Alternativ yollar
COVID-19 pandemiyası səbəbindən qaçaqçılar narkotik maddələrin əldə olunması və çatdırılması üçün yeni marşrut və metodlar tapa bilərlər, “qara internet” və poçtla göndərişlər arta bilər, hesabatda deyilir.
Pandemiya tiryək qıtlığı yaradıb ki, bu da insanları alkoqola, sintetik maddələrdən istifadəyə yönəldə bilər.
Daha ziyanlı davranışlardan biri də istifadəçilərin getdikcə daha çox iynədən istifadə etməsidir.
Hesabata görə, hökumətlər 2008-ci ilin iqtisadi böhranında olduğu kimi davransalar, yəni narkotiklərlə mübarizə büdcələrini azaltsalar, bunun mənfi nəticələri olar.
Bundan başqa qaçaqçıların aşkarlanması, beynəlxalq əməkdaşlığa nisbətən az prioritet verilməsi də onların əl-qolunu açmış olar.
Koronavirus pandemiyasının bu sahəyə birbaşa təsiri ən çox böyük həcmlərin kommersiya təyyarələri ilə daşındığı ölkələrdə gözlənir.
Uzunmüddətli perspektivdə isə iqtisadi geriləmə və karantinlər narkotik bazarına dağıdıcı təsir göstərə bilər. İşsizliyin artması, imkanların azalması yoxsulları, imkansızları bu zərərli adətə qurşanmağa sövq edə, onları narkotiklərin qanunsuz dövriyyəsinə cəlb edə bilər.