Birləşmiş Ştatlarda koronavirusa təsdiqlənmiş yoluxmaların artması həyəcanlı səviyyəyə çatır. İyunun 24-də günlük yoluxmalar 34 min 700-ü keçib ki, bu da aprelin sonundan bəri ən yüksək rəqəmdir.
Bir səbəb ölkədə testlərin sayının artırılmasıdır. Ancaq rəsmiləri narahat edən gündəlik yoluxmaların azaldığı ştatlarda kəskin artım əlamətləridir.
Texasın qubernatoru əhalini evdə oturmağa, Arizona qubernatoru isə sakinləri maska taxmağa çağırıb.
Texasda karantin mayın 1-də qaldırılmışdı. Son iki həftədə xəstəxanaya üz tutanların sayı çoxalıb, yoluxmalar üç dəfə artıb. Qubernator Greg Abbott deyib ki, xəstəxanada yerlərin qorunması üçün yeni qadağalar tətbiq oluna bilər.
Virus ‘qayıdaraq bizi dişləməyə başlayıb’
“Houston Methodist” xəstəxana sisteminin başçısı Dr. Marc Boom əhalinin sosial məsafəyə, maska taxmağa laqeyd yanaşdığını eyib. “Səmimi desəm, o geri qayıdaraq bizi dişləməyə başlayıb”, – o, sözlərinə əlavə edib.
ABŞ-da ən çox yoluxmalar cənub və qərb ştatlarındadır. Əvvəlki qaynar nöqtələr olan Nyu York və Nyu Cersidə yoluxmalarda azalma var. Bu ştatlar 9 digər ştatlardan gələnlər üçün 14 günlük karantin tətbiq edib.
Səhiyyə rəsmilərinin sözlərinə görə, barlar, mağazalar, restoranlar yenidən açılmış ştatlarda gənclər arasında yoluxmalar digər qruplardan daha çoxdur.
İndiyədək ABŞ-da koronavirusdan 120 mindən çox insan dünyasını dəyişib, yoluxma sayı 2,3 milyonu keçib.
Dünya üzrə isə ölənlərin sayı 480 mindən, yoluxanlar 9,3 milyondan çoxdur.
Texasdakı durum Apple şirkətini Hyuston ərazisindəki mağazalarından yeddisini yenidən bağlamağa vadar edib. Daha öncə Arizona və 3 başqa ştatda 11 Apple mağazası bağlanmışdı.
Nyu York Şəhər Marafonu ləğv olunub
İyunun 24-də Nyu York Şəhər Marafonu da pandemiyaya görə ləğv olunub. Şəhər rəsmiləri və təşkilatçılar yarış keçirməyin çox riskli ola biləcəyini deyiblər.
Yarış noyabrın 1-nə təyin olunmuşdu, marafonun 50-ci ildönümü qeyd olunacaqdı.
Britaniyanın səhiyyə qurumları Baş nazir Boris Johnson-a karantini yumşaltmamaqla bağlı xəbərdarlıq ediblər, ikinci dalğa riskinin olduğunu deyiblər.
Ukrayna səhiyyə nazirinin bildirməsinə görə, koronavirus xəstələri üçün əlavə xəstəxanalar ayrılacaq, ilkin olaraq bu məqsədlə ayrılmış tibb ocaqlarında artıq yer qalmayıb.
Ukraynada xəstəliyə 40 minədək təsdiqlənmiş yoluxma qeydə alınıb, mindən çox xəstə vəfat edib.
Bu arada Niderland hökuməti iyulun 1-dən karantin qaydalarının yumşaldılacağını elan edib. Açıq havada tədbirlərin keçirilməsinə, qrup halında restoran ziyarətlərinə, mütəmadi ictimai nəqliyyat xidmətlərinə icazə veriləcək.