Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:18

Lukashenka ‘inqilab’ın qarşısının alındığını deyir


Minsk, arxiv fotosu
Minsk, arxiv fotosu

Belarus Prezidenti Alyaksandr Lukashenka ölkədə inqilab cəhdinin qarşısının alındığını iddia edir. Bir gün öncə hökumət prezidentliyə potensial populyar namizədi həbs edib. Bundan sonra minlərlə sakin küçələrə çıxaraq müxalifət liderlərinin getdikcə daha çox təqib olunmasına etirazını bildirib.

İyunun 19-da hökumətin iclasında çıxış edən Lukashenka deyib ki, “Şərqdə və Qərbdəki” qüvvələri Belarusda sabitsizlik yaratmağa çalışıblar, ancaq onların “maskaları cırılıb”, “xaricdəki kuklalar və kukla ağaları” aşkarlanıb.

İyunun 18-də Rusiyaya məxsus Belgazprombank-a 20 il başçılıq etmiş Viktar Babaryka maliyyə cinayətlərində şübhəli bilinərək saxlanıb. Seçki kampaniyasına rəhbərlik edən oğlu da onunla birlikdə həbs olunub.

İttihamlar

Belarus hakimiyyəti iyunun 15-də banka nəzarəti ələ keçirib, onlarla aparıcı rəsmini vergidən yayınma və çirkli pulyuma ittihamları ilə həbs edib.

56 yaşlı Babaryka deyib ki, Belgazprombank-a qarşı tədbirlər “siyasi sifarişlə” aparılan qorxutma kampaniyasıdır.

Belgrazprombank 100 faiz Rusiyanın qaz nəhəngi Gazprom-a və onun filialı Gazprombank-a məxsusdur.

Ekspertlərin fikrincə, Lukashenka 1994-cü ildə hakimiyyətdən olandan indiki kimi problemlərlə üzləşməyib.

9,5 milyon əhalisi olan Belarusda koronavirusa yoluxmalar artır. Lukashenka öncə bu haqda deyilənləri “kütləvi psixoz” adlandırır, Dünya Səhiyyə Təşkilatının (DST) və digərlərinin sosial məsafəylə bağlı tövsiyələrini gözardı edirdi.

Dünya Bankının proqnozuna görə, Belarus iqtisadiyyatı pandemiya səbəbindən bu il 4 faiz azalacaq. Bəzi qeyri-rəsmi, onlayn rəy sorğularında Lukashenka-ya ictimai dəstəyin 3 faiz civarında olduğu bildirilir.

Avqustun 9-da Lukashenka altıncı müddətə prezident postuna seçilməyə çalışacaq. Onun hakimiyyəti altında keçirilən heç bir seçki Qərb hökumətləri və təşkilatları tərəfindən azad və ədalətli hesab olunmayıb.

435 min imza

Seçki yaxınlaşdıqca Babaryka-nın populyarlığı artıb, onun seçki qərargahı 435 minədək imza topladığını bildirib, yəni bülletenə düşmək üçün tələb olunan 100 mindən dörd dəfədən də çox. Namizədlərin qeydiyyatı üçün son tarix 19 iyun idi.

Belarusun Mərkəzi Seçki Komissiyası isə 15 potensial namizədin imza toplamasına “hə” demiş, populyar vloqer Syarhey Tsikhanouski, müxalif siyasətçi Mikalay Statkevich kimilərini isə rədd etmişdi. Statkevich 2010-cu ildə Lukashenka-ya meydan oxumuş, mübahisəli seçkidən sonrakı etirazlara görə həbs olunmuşdu.

Babaryka və oğlunun həbsindən sonra minlərlə etirazçı Minsk küçələrinə həmrəylik yürüşünə çıxıb, paytaxtın mərkəzində insan zənciri yaradıb.

Rəsmi məlumata görə, Babaryka şahid ifadəsinə təsir göstərmək, bank hesablarından qanunsuz şəkildə böyük məbləğdə pul çıxarmaq cəhdində ittiham olunur.

Bu həftə ölkədə bir neçə müxalifət fəalı, siyasətçi və bloqer “icazəsiz yürüşlər”də iştiraka görə 15 günlük həbsə məhkum edilib.

İyunun 18-də Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Belarusu “qanunsuz saxlanmış fəalların hamısını” dərhal azad etməyə çağırıb.

“Hüququn aliliyinə hörmət göstərilməlidir. Belarus xalqı demokratik seçki istəyir”, – o deyib.

XS
SM
MD
LG