Son on il ərzində 80 milyonadək insan zorakılıq və təqib səbəbindən evindən qaçmağa məcbur olub. Bu, on il ərzində qlobal köçkünlüyü iki dəfəyədək artırıb. BMT-nin qaçqın agentliyi (UNHCR) bu gün – iyunun 18-də bu haqda hesabat yayıb.
2019-cu ilin sonunadək dünyada hər 97 nəfərdən biri evindən-eşiyindən didərgin düşüb. Suriya, Konqo Demokratik Respublikası kimi yerlərdə münaqişələr nəticəsində köçkünlük problemi daha da şişib.
Dünya əhalisinin bir faizi
“Dünya əhalisinin bir faizi müharibələr, təqib, insan haqları pozuntuları və digər zorakılıq formaları üzündən evlərinə qayıda bilmir”, – BMT-nin qaçqınlar üzrə rəhbəri Filippo Grandi “Frans Pres”ə müsahibəsində deyib.
UNHCR-ın məlumatına görə, ötən ilin sonunadək 79,5 milyon nəfər ya qaçqın olub, ya sığınaq istəyib, ya da öz ölkəsi daxilində məcburi köçkün həyatı yaşayıb. Bu isə bir il öncəylə müqayisədə 9 milyonadək dramatik artıma səbəb olub.
“Bu tendensiya 2012-ci ildən bəri davam edir: rəqəmlər bir il öncədən yüksək olur”, – Grandi deyib.
Onun sözlərinə görə, bu həm də münaqişə və böhranların siyasi baxımdan yetərli həll olunmadığını göstərir, yoxsa insanlar evlərinə qayıdardılar.
Grandi deyib ki, 10 il qabaq qlobal miqyasda köçkünlük həyatı yaşayanların sayı 40 milyona yaxın olub.
“Yəni, say iki dəfəyədək artıb. Bu tendensiyada azalma görmürük”, – o vurğulayıb.
46 milyon məcburi köçkün, 26 milyon qaçqın
Hesabata görə, 2019-cu ilin sonunda 46 milyonadək insan öz ölkəsi daxilində məcburi köçkün həyatı yaşayıb, 26 milyon nəfərsə qaçqın kimi sərhədləri keçib.
4,2 milyon nəfərsə sığınacaq üçün müraciət edib. Xaricə üz tutmuş 3,6 milyon venesuelalının hesabatı ayrıca aparılıb.
Ötən il 11 milyon nəfərin yenicə köçkünə çevrildiyi bildirilirdi. Onların çoxu münaqişə gedən ölkə və regionların payına düşür.
Bu sıraya Suriya da daxildir. Doqquz ildən çoxdur gedən münaqişə 13,2 milyon insanı ya ölkə içində, ya da xaricində məcburi köçkünə çevirib. Bu, qlobal statistikanın altıda bir hissəsi deməkdir.
Grandi deyir ki, dünyadakı qaçqınların 68 faizi beş ölkədən gəlir: Suriya, Venesuela, Əfqanıstan, Cənubi Sudan və Myanmadan.
Koronavirus pandemiyası başlanandan bəri dünyada köçkünlüyün vəziyyəti hesabata salınmayıb. Ancaq Grandi-nin fikrincə, bu böhtanın köçkünlərin vəziyyətini ağırlaşdırdığı aydındır. Axı, hamıya deyilir ki, “hərəkətdə olmaqla özünüz və başqaları üçün məsuliyyət daşıyırsız”.
Ancaq agentlik rəhbəri onu da əlavə edib ki, dünya qaçqınlarının 85 faizinin yerləşdiyi yoxsul və ortagəlirli ölkələrdə indiyədək pandemiya sərt üzünü göstərməyib. O, pandemiyanın iqtisadi təsirləri haqda xəbərdarlıq edib.
“Hazırda sürətlə artan yoxsulluqdur”, – o deyib və əlavə edib ki, bir çox ölkələrdə tətbiq olunan karantin məcburi köçkünlərin qazanc yerlərini məhv edib.