Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Ermənistandan Dağlıq Qarabağa yol tikintisini pisləyirlər-YENİLƏNİB


Arxiv fotosu
Arxiv fotosu

XİN Avropa Parlamenti üzvlərinin mövqeyini alqışlayır

"Təcavüzkar dövlət olan Ermənistan istisna olmaqla, beynəlxalq ictimaiyyətin bütün üzvləri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir”

Belə bir açıqlamanı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bu gün, iyunun 13-də yerli KİV-in sorğusuna cavab olaraq yayıb.
Onun vurğulamasına görə, BMT Təhlükəszilik Şurasının qətnamələri ( 1993-cü ildə 4 qətnamə qəbul edilib-red) başda olmaqla beynəlxalq təşkilatların qəbul etdiyi çoxsaylı qərar və sənədlər Ermənistan qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən tam, qeyd şərtsiz çıxarılmasını tələb edir

L.Abdullayevə həmçinin qeyd edib ki, onlar Avropa Parlamentinin (AP) üzvlərinin beynəlxalq hüquqa, eyni zamanda Avropa İttifaqı (Aİ) Şurasının “2020-ci ildən sonra Şərq Tərəfdaşlığı siyasəti üzrə” 11 may 2020-ci il tarixili yekun qərarına əsaslanan mövqeyini alqışlayırlar:

“Aİ Şurasının qərarında ifadə olunduğu kimi beynəlxalq hüquqa, o cümlədən ərazi bütövlüyünə, müstəqilliyə, suverenliyə hörmət, demokratiya, rifah və sabitlik məkanını qurmaq üçün bizim ortaq öhdəliyimizdir...".

“Biz Ermənistan hakimiyyətini...”

XİN sözçüsü daha sonra vurğulayır: "... Avropa Parlamentinin üzvlərinin birgə bəyanatı yalnız faktları ifadə edir, başqa heç bir şey yox. Biz Ermənistan hakimiyyətini beynəlxalq ictimaiyyətin qəti mövqeyini şübhə altına almağa vaxt sərf etmək yerinə, əhalisini sülhə hazırlamağa çağırırıq”

L.Abdullayevin qeyd etməsinə görə, bölgədə davamlı sülhə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi ərazilərdən çıxarılması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpası, yüz minlərlə Azərbaycanlı məcburi köçkünün insan hüquqları və əsas azadlıqlarına təminat verildikdən sonra nail olmaq mümkündür.

***

AB-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin nümayəndə heyəti Ermənistandan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ vilayətinə yeni magistral yolun çəkilişini pisləyən bəyanat verib. Bəyanatı nümayəndə heyətinin rəhbəri Marina Kaljurand, Avropa Parlamentinin Ermənistan üzrə daimi məruzəçisi Traian Băsescu və Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi Željana Zovko imzalayıblar.

Ötən il elan edilən, Ermənistanla Dağlıq Qarabağı birləşdirən üçüncü magistral xəttin tikintisi tezliklə başlamalıdır. Yeni rol infrastrukturunun Ermənistanın Qafan şəhəri ilə Dağlıq Qarabağda Hadrut rayonunu birləşdirəcəyi, işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarından keçəcəyi planlaşdırılır.

“Qanunsuz işğalı möhkəmləndirir”

“Prinsip etibarilə, Şərq Qonşuluğu daxilində regional tərəfdaşlığı, əlaqələrin yaranmasını, xalqlar arasında təmas yaradan layihələri dəstəkləyirik.

Ancaq buna baxmayaraq, bu magistral yolun çəkilməsi üçün Azərbaycan hakimiyyətindən icazə alınmayıb və beynəlxalq hüquq pozulub. Bundan başqa, bu, simvolik olaraq Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını möhkəmləndirir.

Bu səbəbdən sözügedən təşəbbüsü pisləyirik, çünki inam, sülh və barışığa yol açacaq şərtlərin yaranmasına töhfə vermir”, – bəyanatda deyilir.

Bəyanat müəllifləri ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinə, onların 2009-cu ildə irəli sürdükləri Təməl Prinsiplərə qəti dəstək bildirirlər.

“Bu vasitəçiliyin uğurlu olması üçün Ermənistan və Azərbaycan hakimiyyətini münaqişənin Azərbaycanın sərhədləri daxilində sülh yoluyla həlli üzrə danışıqları intensivləşdirməyə çağırırıq”, – bəyanatda vurğulanır.

Xatırlatma

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası ilə Qarabağ münaqişəsi başlayıb. Ərazi mübahisəsi silahlı münaqişəyə çevrilib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Bu münaqişə nəticəsində hər iki tərəfdən qaçqın və məcburi köçkünlər yaranıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG